Nailiyyətlər

Əkinçilik Elmi Tədqiqat İnstitutunun nailiyyətləri

  Əkinçilik ET İnstitutunun rayonlaşmış kənd təsərrüfatı bitki sortları

S/s

Bitkinin adı

Bitkinin latınca adı

Rayonlaşmış sortların sayı

1

Yumşaq buğda

Triticum aestivum L.

27

2

Bərk buğda

Triticum durum Desf.

16

3

Arpa

Hordeum vulgare L.

12

4

Çovdar

Secale cereale L.

1

5

Vələmir

Avena sativa L.

1

6

Tritikale

Triticosecale Wittm.

1

7

Qarğıdalı

Zea mays L.

4

8

Noxud

Cicer arietinum L.

5

9

Mərcimək

Lens culinaris Medic.

2

10

Lobya

Phaseolus vulgaris L.

1

11

Yer fındığı

Arachis hypogaea L.

1

12

Tütün

Nicotiana tabacum L.

4

13

Yonca

Medicago Sativa L.

4

14

Xaşa

Onorbrychis viciaefolia Scop.

1

15

Çobantoppuzu

Dactylis glomerata L.

1

16

Əzgən

Kochia prostrata Schrad.

1

Cəmi:

 

 

82

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan dərin kompleks elmi-tədqiqat işləri nəticəsində təcrübi seleksiya məsələləri müvəffəqiyyətlə həll olunaraq müxtəlif kənd təsərrüfatı bitkilərinin 140 sortu yaradılmış və rayonlaşma üçün SNS və MÜDK-ya təqdim edilmişdir. Cədvəldən göründüyü kimi, onlardan 82-i, o cümlədən 27 yumşaq buğda, 16 bərk buğda, 12 arpa, 1 çovdar, 1 vələmir, 1 tritikale, 4 qarğıdalı, 5 noxud, 2 mərcimək, 1 lobya, 1 yerfındığı, 4 tütün, 4 yonca, 1 xaşa, 1 çobantoppuzu, 1 əzgən sortu rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir.Yaradılmış və rayonlaşmış bitki sortlarının 90%-dən çoxu məhz 1970-ci ildən sonrakı dövrü əhatə edir. Əldə olunan bu  müvəffəqiyyətlər  1970-ci ildən başlayaraq akademik  Cəlal Əliyevin rəhbərliyi iləhərtərəfli, elmi cəhətdən əsaslandırılmış kompleks seleksiya proqramlarının hazırlanması və icrası ilə bağlı idi. Şəkildən göründüyü kimi, bu gün mandatımıza və Dövlət reyestrinə daxil olan 85 dənli, dənli-paxlalı və yem bitki sortlarının 65%-ə qədərinin patent sahibi Əkinçilik ET İnstitutudur. 2015-ci ildə institutda yaradılmış yumşaq buğdanın “Günəşli” və yoncanın “Yemçilik İnstitutu 16” sortları rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir. “Günəşli” yumşaq buğda sortu respublikanın əsasən Kürkənarı suvarılan ovalıq, Şirvan-Qarabağ, Böyük və Kiçik Qafqazın alçaq dağlıq, Naxçıvan Muxtar Respublikasının Arazkənarı suvarılan düzənlik zonalarında becərilməsi tövsiyə edilmişdir. Mexanikləşdirilmiş yığıma tam yararlı olan yoncanın “Yemçilik İnstitutu 16” sortu da əsasən respublikanın Kürkənarı suvarılan ovalıq, Şirvan-Qarabağ və Abşeron zonaları üzrə qeydiyyata alınmışdır.İnstitutda fundamental tədqiqatlara da geniş yer verilir. Beləki, fotosintez fəaliyyətinin göstəricilərinin və əlamətlərinin, morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə  öyrənilməsi nəticəsində “İdeal buğda” modelinin testləri hazırlanmışdır.  Yüksək məhsuldar genotiplərin sünbülündə intensiv zülal sintezi, fotosintezin yüksək intensivliyi və ilkin fermentlərin fəallıqları ilə əlaqəsi öyrənilmişdir. On mindən artıq nümunəni özündə ehtiva edən zəngin dənli taxıl, paxlalı və yem bitkiləri genofondu ex-situ və in-situ şəraitlərdə saxlanılır. Beynəlxalq klassifikatorlardan istifadə etməklə buğdanın əsas xəstəliklərinə qarşı effektli genləri və donorları müəyyənləşdirilmiş, seleksiyaya cəlb edilən buğda sortlarının ən müxtəlif keyfiyyət və kəmiyyət əlamətlərinə və əsas morfoloji xüsusiyyətlərə görə genetik pasportlaşdırılması həyata keçirilmişdir. İlk dəfə olaraq Azərbaycanda bölgələr üzrə yayılmış sarı pas patogenin populyasiya tərkibi tədqiq edilərək, 70E6A+, 6E6, 22E6, 134E134, 134E150, 14E142, 2E0, 6E2 rasları identifikasiya edilmişdir. Müəyyən edilmişdir ki, 14E142, 14E150, 134E150 rasları digər raslara nisbətən daha çox virulentliyə malikdirlər. Buğda proqramı üzrə həyata keçirilən tədqiqatlarda Beynəlxalq klassifikatorlardan (Dünya, Avropa) istifadə edərək sarı pas xəstəliyinin Azərbaycanda yayılmış virulent raslarına qarşı Yr3V, SD, Yr4+, 3N, CV, SP, Yr1, Yr5, Yr10, Yr15, DW effektli davamlılıq genləri müəyyən edilmişdir. Gld 1A4 və ya Gld 1A5 qliadin blok komponentləri ilə Gld 1B3 blok komponentləri bir genotipdə lokalizə olduqda çörək keyfiyyəti nisbətən yüksək, Gld 1A6 və Gld 1B3 blokları birlikdə olduqda isə aşağı olduğu müəyyən edilmişdir [9]. Çörəkbişirmə keyfiyyətinin yüksəldilməsi məqsədilə Gld 1A4, Gld 1A5 və Gld 1B1 qliadin blok komponentlərini yüksək keyfiyyətin markeri kimi bu markerlərin daşıyıcısı olan “Azəri”, “Qırmızı gül 1”, “Pərzivan 2”, “Ruzi 84”, “Murov”, “Murov 2”, “Uğur”, “Səba” və s. yumşaq buğda sortları seleksiyada keyfiyyətə görə donor kimi istifadə edilmişdir.İnstitut ilk dəfə olaraq ölkədə toxum normasını 30-40% azaldan, suvarma suyuna 25-30% qənaət edən, verilmiş gübrələrin və alaqlara qarşı mübarizənin səmərəliliyini artıran, xəstəlik və zərərvericilərin inkişafına mənfi, kondisiyalı toxum çıxımına müsbət təsir edən vəsaitə qənaətedici tirəyə əkin, təkrar və gecikmiş əkinlərdə iqtisadi cəhətdən səmərəli olan sıfır becərmə texnologiyalarının elmi və təcrübi əsaslarını öyrənmiş, tətbiq etmiş və genişləndirmişdir.Azərbaycanda otlaqların davamlı idarə edilməsinin, qorunmasının və yaxşılaşdırılmasının mütərəqqi texnologiyaların elmi əsaslarla işlənməsi və onların qorunub saxlanması üçün onların səthi və əsaslı yaxşılaşdırılma texnologiyaları, iribuynuzlu heyvanlar üçün qarğıdalı ilə yoncanın, amarantla qamışın və qarğıdalı, yonca, amarant və qamışın qarışığından kombinləşdirilmiş silosun hazırlanması texnologiyaları işlənib hazırlanmışdır.İnstitutun struktur tabeliyində fəaliyyət göstərən bölgə təcrübə təsərrüfatlarımız 2015-ci ildə 1000 hektardan artıq sahədə institutun rayonlaşmış 32 dənli, dənli-paxlalı və yem bitki sortlarının (13 yumşaq və 3 bərk buğda, 5 arpa, 4 qarğıdalı, 2 noxud, 1 mərcimək, 3 yonca və 1 xaşa) toxumçuluğu fəaliyyəti ilə məşğul olmuşdur. Bu təsərrüfatlarda 1203 ton dənli, dənli-paxlalı və yem bitkilərinin orijinal, super-elit və elit toxumları istehsal olunmuşdur. İstehsal olunan 952 ton elit toxumlar kvotaya uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında 120-dən artıq dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilmişdir. İri taxılçılıq təsərrüfatları  2015-ci ildə institutun “Qobustan”, “Tale 38” və digər buğda sortlarından hektara ortalama 65 sentnerdən artıq dən məhsulu əldə etmişlər.

  1. Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan dərin kompleks elmi-tədqiqat işlərinin nəticəsində təcrübi seleksiya işləri müvəffəqiyyətlə həll olunaraq müxtəlif kənd təsərrüfatı bitkilərinin 125 sortu yaradılmış və rayonlaşma üçün Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir.
  2.  Müxtəlif illərdə institutun 69 sortu, o cümlədən 23 yumşaq buğda, 15 bərk buğda, 11 arpa, 1 çovdar, 1 vələmir, 1 tritikale, 4 qarğıdalı, 5 noxud, 2 mərci, 1 lobya, 1 yer fındığı və 4 tütün sortu rayonlaşmış və seleksiya nailiyyətlərinin Dövlər reyestrinə daxil edilmiş və patentlə mühafizə olunur.
  3.  Bu gün mandatımıza və Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin Dövlər reyestrinə daxil olan 59 dənli taxıl və paxlalı bitki sortlarının 70%-dən çoxunun patent sahibi ET Əkinçilik İnstitutudur. Ölkədə buğda əkinlərinin 80-85%-ni, arpa və qarğıdalı əkinlərinin 90%-ni, noxud və mərci əkinlərinin isə 80%-ni institutda yaradılmış sortlar təşkil edir.
  4.  Hər il institutun bölgə təcrübə stansiyalarının 600-700 hektar sahəsində 35 rayonlaşmış dənli və dənli-paxlalı bitki sortlarının toxumçuluq fəaliyyəti aparılır. Həmin təsərrüfatlarda orta hesabla 1000-1200 ton elit, super-elit və orijinal toxumlar istehsal olunur. İstehsal olunan elit toxumlar kvotaya uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında 100-dən çox dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir.
  5.  Əkinçilik İnstitutu 1996-cı ildən başlayaraq beynəlxalq seleksiya mərkəzləri olan İKARDA və SİMMİT-lə dənli və dənli-paxlalı bitkilərə dair nümunələrin introduksiya və sınağı, beynəlxalq və regional tədbirlərdə iştirak, kadr hazırlığı və s. sahələrdə sıx əməkdaşlıq edir. Birgə əməkdaşlıq nəticəsində 10 sort, o cümlədən 4 yumşaq buğda, 3 arpa, 2 noxud və 1 mərci sortu yaradılmış və rayonlaşmışdır.
  6.  İnstitutun fəaliyyəti müddətində bir çox tədqiqat işləri Dövlət Elm və Texnika Komitəsi tərəfindən ixtira kimi qiymətləndirilərək 12 müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklif kimi 9 vəsiqə verilmişdir.
  7.  İnstitut yaranandan, məqsədli aspirantura da daxil olmaqla 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlanmışdır. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşlər. İnstitutun bir çox hazırlanmış elmi kadrları MDB-yə daxil olan, eləcə də ABŞ, Almaniya, Fransa, Avstraliya, Yaponiya, İsveç, Mərakeş və başqa ölkələrə dəvət olunmuş və hal-hazırda orada müvəffəqiyyətlə çalışırlar. 
  8.  İnstitutun fəaliyyəti müddətində alimlərin tədqiqat işlərinin nəticələri 60-a qədər kitab və monoqrafiyada, 219 broşurada, 3500 məqalə, 38 plakat, 50 buklet, 6 taxıl sortlarının kataloqu və XXIV cildlik elmi əsərlərin məcmuəsində dərc edilmişdir.
  9.  İnstitut alimlərinin yaratdığı bir çox bitki sortları öz keyfiyyət göstəricilərinə görə 11 dəfə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində, 19 dəfə respublika sərgilərində, 9 dəfə beynəlxalq sərgilərdə nümayiş etdirilərək dəfələrlə yüksək mükafatlara və medallara layiq görülmüşlər.
  10.  ET Əkinçilik İnstitutunun kollektivi öz fədakar əməyi ilə elmi-tədqiqat işlərində və istehsalatın yüksəldilməsində əldə etdiyi yüksək nailiyyətlərə və sosializm yarışında qalib çıxdığına görə 1978, 1980, 1981, 1982, 1984, 1986, 1987-ci illərdə respublikanın keçici bayraqları, fəxri fərmanları və diplomlarla təltif olunmuşdur.
  11.  İnstitutun aparıcı alimlərindən 10 nəfəri isə əldə etdikləri yüksək elmi nailiyyətlərə və onların istehsalata tətbiqinə görə fəxri adlara layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.
İnstitutun bitki sortları
Bərk buğda
Yumşaq buğda
Arpa
Qarğıdalı
Ərzaq paxlalıları