Orta müddətli genbank

Akademik C.Ə.Əliyevin rəhbərliyi ilə 2001-ci ildə Əkinçilik ET İnstitutunda təsərrüfat qiymətli kənd təsərrüfatı bitki genofondu kolleksiyasının respublikada ilk orta müddətli saxlanma genbankı yaradılmışdır. Bununla da dənli taxıl, ərzaq paxlalı və yem bitkilərinin yerli və dünya  genofonduna aid nümunələrin toplanması, mühafizəsi, tədqiqi, seleksiya üçün ilkin materialın artırılması, yeni sortların yaradılması, təsərrüfat əhəmiyyətli  bu bitkilərin ən yeni nümunələrinin səmərəli istifadəsi istiqamətlərində fəaliyyətlər üçün geniş imkanlar yaranmışdır.

ƏETİ-nin  mandatına daxil olan bitkilərin (buğda, arpa, qarğıdalı, noxud, mərci, lərgə, at paxlası, soya, yonca, xaşa və s) yerli ənənəvi və həmçinin  ölkəmizin müxtəlif-torpaq iqlim şəraitinə uyğunlaşan  müxtəlif təyinatlı Beynəlxalq pitomniklərdən seçilmiş (CIMMYT, ICARDA və s) introduksiya olunmuş  sort və sabit xətləri sahə kolleksiyaları ilə yanaşı genbank kolleksiyasında da saxlanılır. Həmçinin kolleksiya nümunələrinin genişmiqyaslı tədqiqi, onların xəstəlik və zərərvericilərin yeni raslarına kompleks davamlı, dəyişkən ətraf mühit səraitinə daha çox uyğunlaşmış yeni sortların yaradılması üçün hibridləşmədə istifadəsi məqsədi ilə qorunması təmin edilir.

Genbankda 1450-ə yaxın nümunə mühafizə edilir. Bu nümunələrin duplet nüsxəsi 2004-cü ildən başlayaraq AMEA Genetik Ehtiyatlar İnstitutu nəzdində yaradılmış Milli Genbankda mühafizə edilir.

2009-2011-ci illərdə Beynəlxalq Etimad Fondunun (Global Crop Diversity Trust) dəstəyi ilə Azərbaycan mənşəli dənli taxıl və paxlalı bitki nümunələrinin təbii fəlakətlərdən   sığortalanması və bu müxtəlifliyin dünya birliyi tərəfindən də istifadəsinin təmin edilməsi  məqsədi ilə  Milli Genbankdan müxtəlif Beynəlxalq Gen Banklara və Norveç Krallığı ərazisində, yerləşən Svalbord Şimal Toxum Bankına (Svalbord Global Seed Vault) göndərilmiş nümunələrdən 466-sı (152 ədəd - buğda Triticum aestivum L. və Triticum durum Desf., 200 ədəd - qarğıdalı Zea mays L. - CIMMYT Meksika, 56 ədəd - arpa Hordeum vulqare L.,  28 ədəd mərci Lens culinaris L.- ICARDA Mərakeş, 30 ədəd noxud Cicer arietinum L. - ICRISAT Hindistan) ƏETİ –yə məxsusdur.

Əkinçilik ET İnstitutunun seleksiyaçı alimləri “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun (2012-ci il 17 iyul) icrası ilə bağlı MBGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan "Elmi-Texniki Şura", ixtisaslaşdırılmış Ekspert Şuraları və İşçi qruplarının üzvləri olaraq, mədəni bitkilərin və onların yabanı əcdadlarının etibarlı mühafizəsi və səmərəli istifadəsi, bu sahədə milli və beynəlxalq əlaqələndirmənin yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin səviyyəsi və maddi-texniki baza­sının yüksəldilməsinin təşkili və tənzimlənməsi istiqamətində milli prioritetlər üzrə fəaliyyətlərdə iştirak edirlər.