Bitki seleksiyası

 
 
Azərbaycan Elmi Tədqiqat Əkinçilik Institutunda Bitki seleksiyası şöbəsi fəaliyyət göstərir. Şöbədə 4 proqram əsasında prioritet elan olunmuş 5 dənli və dənli paxlalı bitkilər (buğda, arpa, qarğıdalı, noxud və mərcimək) üzrə seleksiya tədqiqat işləri həyata keçirilir:
I. Buğda proqramı;
II. Arpa proqramı; 
III. Qarğıdalı proqramı;
IV. Ərzaq paxlalı bitkiləri proqramı;

I. Buğda proqramı 
Buğda proqramı respublikanın müxtəlif torpaq iqlim şəraitini əhatə edən 5 bölgəsində suvarma şəraitində:- Tərtər, Abşeron, nəmliklə müxtəlif dərəcədə təmin olunmuş Şəki, Dağlıq Şirvan (Qobustan) və Cənubi Muğan (Cəlilabad) bölgələrində yerinə yetirilir.
Tədqiqatlar 2 mövzu 5 tədqiqat işi üzrə həyata keçirilir. Tədqiqatlar bitki fiziologiyası və biotexnologiya, xəstəlik və zərərvericilərə nəzarət, dənin keyfiyyəti şöbə və laboratoriyaları, eyni zamanda AMEA-nın Bitki Genetik Ehtiyatları İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində yerinə yetirilir.
Tədqiqatın əsas məqsədi respublikanın suvarılan və nəmliklə müxtəlif dərəcədə təmin olunmuş bölgələri üçün biotik və abiotik stres amillərinə davamlı yüksək məhsuldar və yüksək texnoloji keyfiyyətlərə malik buğda sortlarının yaradılması və istehsalata tətbiqindən ibarətdir. Tədqiqat işləri aşağıdakı mərhələlərlə həyata keçirilir:
• Yerli və introduksiya olunmuş buğda genotiplərinin müxtəlif aqronomik xüsusiyyətlərə görə tədqiq olunması, buğdanın seleksiyası üçün başlanğıc materialın yaradılması;
• Müxtəlif xəstəlik və zərərvericilərə qarşı effektiv genlərin və donorların müəyyənləşdirilməsi və onların hibridləşmədə istifadəsi;
• Buğda genotiplərində dəndə keyfiyyəti idarə edən genetik markerlərin müəyyənləşdirilməsi və seleksiyada istifadəsi;
• Yeni yaradılmış hibrid materialın respublikanın müxtəlif torpaq iqlim bölgələrində sınaqlarının aparılması və hər bölgəyə uyğun genotiplərin seçilməsi;
• Seçilmiş genotiplər əsasında hər bölgə üçün adaptiv xüsusiyyətlərə malik sortların yaradılması və rayonlaşdırmaya təqdim olunması;
• Rayonlaşmış sortların ilkin toxumçuluğunun yaradılması və yayılmasının təşkili;
Proqram üzrə, eyni zamanda yeni yaradılmış buğda sortlarının genetik pasportlaşması sahəsində fundamental tədqiqatlar həyata keçirilir.

II. Arpa proqramı

Arpa proqramı respublikanın müxtəlif torpaq-iqlim şəraitini əhatə edən 5 bölgəsində həyata keçirilir.
Aparılan elmi - tədqiqat işinin ümumi məqsədi respublikanın dəmyə və duzlaşmaya məruz qalmış ərazilərində stres faktorlara tolerantlı, suvarma şəraiti üçün yerə yatmaya və xəstəliklərə kompleks davamlı, yüksək məhsuldar və keyfiyyətli arpa genotiplərinin seçmə yolu ilə aşkarlanması, onların iştirakı ilə yeni sortların yaradılması (hibridləşmə və seçmə yolu ilə daha perspektiv xətt və formaların yaradılması), tətbiqi və yayımından ibarətdir.
Tədqiqat işləri aşağıdakı mərhələlərlə həyata keçirilir:
• yerli və beynəlxalq seleksiya mərkəzlərindən introduksiya olunmuş arpa rüşeym plazmalarının suvarma şəraitində ilkin tədqiqi, müxtəlif torpaq iqlim bölgələri üçün müvafiq təsərrüfat və bioloji əlamətlərə malik sort-nümunələrinin seçilməsi, tətbiqi və yayımı;
• nəmliklə müxtəlif dərəcədə təmin olunmuş dəmyə şəraitində stres amillərə davamlı, məhsuldarlığı və kompleks əlamətlərinə görə seçilmiş arpa sort - nümunələrinin nəzarət və müsabiqəli sort sınağı pitomniklərindən seçilməsi, tətbiqi və yayımı;
• suvarma şəraiti üçün yerə yatmaya və xəstəliklərə kompleks davamlı, yüksək məhsuldar və keyfiyyətli arpa sort-nümunələrinin seçilməsi, perspektiv formaların nəzarət və müsabiqəli sort sınağı pitomniklərində qiymətləndirilməsi, seçilməsi, tətbiqi və yayımı;
• müxtəlif dərəcədə duzlaşmaya məruz qalmış ərazilərdə stres faktorlara davamlı, yüksək məhsuldar və keyfiyyətli arpa sortlarının yaradılması, tətbiqi, ilkin toxumçuluğunun təşkili və yayımı.

III.Ərzaq paxlalı bitkiləri proqramı
Ərzaq paxlalı bitkiləri üzrə seleksiya proqramında aparılan tədqiqat işləri:
• Seleksiya proqramında ərzaq paxlalı bitkilərdən noxud və mərcimək üzrə elmi tədqiqatlar aparılır;
• Respublikanın Dağlıq Şirvan və Cənubi Muğan bölgələrində əsas təsiredici stres faktorlara (soyuğa, qışa, askoxitoz və fuzarioz xəstəliyinə) davamlı formaların yaradılması;
• Yüksək məhsuldar, keyfiyyətli və texnoloji əlamətlərə malik yeni noxud və mərcimək sortlarının yaradılması;
• Perspektiv noxud və mərcimək sort və nümunələrin fizioloji parametrlərinin (xüsusən quraqlığa davamlılıq) tarla şəraitində təyini;
• Yeni sortların ilkin toxumçuluğunun təşkili və SNSMÜDK-na təqdim edilməsi;

IV. Qarğıdalı proqramı

Qarğıdalı proqramı üzrə bir mövzu yerinə yetirilir. Seleksiya proqramı üzrə tədqiqatlar Azərbaycan ET Əkinçilik İnstitutunun nəmliklə təmin olunmuş Zaqatala BTS-də, qismən təmin olunmuş Şəki DM-də dəmyə şəraitlərində aparılacaq.Seleksiya tədqiqatlarında yerli və xarici ölkələrin tədqiqat mərkəzləri ilə aparılan əməkdaşlıq nəticəsində toplanmış genofond nümunələrdən istifadə edilir.
Aparılan tədqiqatın əsas məqsədi nəmliklə təmin olunmuş dəmyə torpaqlarda xəstəlik və zərərvericilərə qarşı davamlı, tezyetişən, ortaboylu, keyfiyyətli və məhsuldar qarğıdalı sort və hibridlərin yaradılmasından ibarətdir.
Tədqiqat işləri aşağıdakı mərhələrlə həyata keçirilir:
Kolleksiya və seleksiya materiallarının ilkin qiymətləndirilməsi;
 Seçmə pitomnikində biomorfoloji və keyfiyyət göstəricilərinə görə xətlərin qiymətləndirilməsi və hibridləşmənin aparılması;
Nəzarət pitomnikində öyrənilən kombinasiyalarda diallel hibridləşmənin aparılması;
 Hibridləşmə pitomnikində yüksək göstəricilərinə görə fərqlənən 20-25 hibridin seçilməsi və üzərlərində seleksiya tədqiqatlarının davam etdirilməsi;
 Nəzarət pitomnikində perspektiv xətlərin seçilməsi;
Müsabiqəli sortsınağı pitomnikində sabit formaların seçilərək qiymətləndirilməsi;
 Alınmış sortların SNSMÜDK-na təqdim edilməsi;