Yaranma tarixi

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun tarixi və tədqiqat prioritetləri

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin elmi-tədqiqat müəssisəsi.

Azərbaycan  Elmlər Akademiyasının elmi bazaları, ştat vahidləri və maliyyə vəsaiti əsasında SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il tarixli 2117 saylı "Azərbaycan SSRİ-in kolxoz və sovxozlarında buğda və pambıq istehsalının artırılması tədbirləri haqqında" qərarı və Azərbaycan Kommunist Partiyası Mərkəzi  Komitəsinın və Nazirlər Sovetinin 6 iyun 802 saylı "Azərbaycan SSR-nin kolxoz və sovxozlarında taxıl və pambıq istehsalının artırılması tədbirləri haqda" qərarı ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində Azərbaycan Elmi Tədqiqat  Əkinçilik İnstitutu yaradılmışdır. İnstitut 1950-ci ilin oktyabırından fəaliyyət göstərir.

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın və Sovet Sosialist Respublikalar İttifaqı Nazirlər Sovetinin 14 fevral 1956-cı il tarixli 253 saylı qərarına, Sovet Sosialist Respublikalar İttifaqı Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il tarixli 87 saylı əmrinə və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 27 aprel 1956-cı il tarixli 222 saylı "Kənd təsərrüfatı üzrə  elmi-tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" qərarına uyğun olaraq Azərbaycan Sovet Sosialist Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmaqla Tərtərdə Azərbaycan Dövlət Seleksiya stansiyasının  bazasında Əkinçilik İnstitutu yaradıldı. Azərbaycan Sovet Sosialist Respublikası Aqrar Sənaye Komitəsinin 4 aprel 1988-ci il  tarixli 321 saylı əmrinə əsasən Azərbaycan ET Əkinçilik İnstitutu respublikada aqrar sənaye kompleksinin Elmi Təminat Mərkəzinə çevrilmişdir.

Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və respublikada toxumçuluq işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirinin 16 avqust 1993-cü il tarixli 263 K saylı əmrinə əsasən Əkinçilik  İnstitutunun  bazasında "Elit" Elm İstehsalat Birliyi yaradılmışdır.

İnstitut 2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin kənd təsərrüfatında elmi, elmi-texniki proqramların respublikada aparılan islahatlara və yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması, bu sahədə paralelçiliyin və pərakəndəliyin aradan qaldırılması, elmi işlərdə vahid strateji məqsədlərin formalaşması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da yaxşılaşdırılması haqqında 16 dekabr 1999-cu il tarixli 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin sturukturasına daxildir.

Ayrı-ayrı illərdə İnstitutun müvafiq şöbələri əsasında Genetika və Seleksiya Bölməsi (1956), Tərəvəzçilik İnstitutu (1965) və Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu (1969) yaradılmışdır.

Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 nömrəli qərarına əsasən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-ci il30 oktyabr tarixli 110 nömrəli əmri ilə Əkinçilik ET İnstitutunun yeni strukturu təsdiqlənmişdir. Bu baxımdan Əkinçilik ET İnstitutunun yenilənmiş strukturuna 9 şöbə (Bitki seleksiyası; Bitki fiziologiyası və biotexnologiya; Davamlı əkinçilik və bitki diversifikasiyası; Otlaq və biçənəklər;İnformasiya təminatı və elmi nəticələrin tətbiqi;İctimai elmlər və xarici dillər kadedrası Hüquq, kadr və kargüzarlığın təşkili; Maliyyə və mühasibat uçotu; Təsərrüfat şöbəsi), 5 laboratoriya (Torpaq və bitki analizləri; Dənin keyfiyyəti; Xəstəlik və zərərvericilərə nəzarət; İlkin toxumçuluq və toxumun keyfiyyəti; Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi) daxildir.

İnstitutun struktur tərkibində elmi-istehsalat xarakterli tədqiqat işlərinin aparılması məqsədilə 11 təcrübə bazası, o cümlədən 4 bölgə təcrübə stansiyası (Tərtər BTS, Qobustan BTS, Zaqatala BTS, Cəlilabad BTS), 3 dayaq məntəqəsi (Şəki DM (taxılçılıq istiqamətli), Şəki DM (yemçilik istiqamətli), Gədəbəy DM), 1 təcrübə sınaq stansiyası (Kürdəmir TSS) və 3 yardımçı təcrübə təsərrüfatı (Ağstafa YTT, Abşeron YTT (taxılçılıq istiqamətli) və Abşeron YTT (yemçilik istiqamətli) fəaliyyət göstərir. İnstitutda elmi və müdafiə şuraları fəaliyyət göstərir. İnstitutda 331 nəfər çalışır,  onlardan  118-i elmi işçi, o cümlədən 5-i elmlər, 47-i fəlsəfə doktorlarıdır.

 

 Görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev - Əkinçilik Elmi-Tədqiqat İnstitutunun banisidir.

Xalqın zəkasını, elmini dünyaya nümayiş etdirmiş, aldığı dəyərli universal  nəzəri - tətbiqi nəticələrlə dünya biologiya elminin xəzinəsini zənginləşdirmiş, bununla da adını dünyanın tanınmış elm korifeyləri ilə bir sırada yazmış və ən nəhayət ömrünün 60 ildən artıq bir hissəsini əsasən müqəddəs nemətimiz olan buğdanın tədqiqinə həsr edən əməkdar elm xadimi, akademik Cəlal Əlirza oğlu Əliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Təbiət elmlərinə olan hədsiz məhəbbəti Cəlal müəllimə sonrakı həyat yolunun müəyyənləşdirilməsində həlledici rol oynadı. Belə ki, 1944-cü ildə əvvəlcə O, Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq - coğrafiya, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültələrini fərqlənmə diplomları ilə bitirmişdir. Hələ üçüncü kurs tələbəsi olarkən C.Əliyev bitkilərin fiziologiyası kafedrasında laborant vəzifəsində işləməyə başlamış və biologiyanın bu sahəsini gələcək elmi fəaliyyəti üçün seçmişdir. Azərbaycan Elmlər Akademiyasının bitkilərin Fiziologiyasi ixtisası üzrə aspiranturanı bitirən C.Əliyev 1955-ci ildə “Mikroelementlərin buğdanın inkişafına və   məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Seçdiyi istiqamətdə elmi tədqiqatların sonrakı inkişafı 1971-ci ildə “Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasında öz əksini tapmışdır. C.Əliyev elmi tədqiqat işlərini 1954-cü ildən bugünə kimi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqatİnstitutunda bitkilərin fiziologiyası (indiki bitkilərin fiziologiyası və biotexnologiya) və 1971-ci ildən paralel olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunda yaratdığı məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları (indiki bioloji məhsuldarlığın fundamental problemləri) şöbələrində aparmışdır. Altmış ildən artıqdır ki, Cəlal Əliyevin fəal elmi yaradıcılığı kənd təsərrüfatı bitkilərinin, başlıca olaraq buğdanın fotosintetik məhsuldarlığının nəzəri və təcrübi əsaslarının tədqiqinə həsr olunmuşdur.

1970-ci illərdən başlayaraq akademik Cəlal  Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə buğdanın seleksiyası sahəsində kəskin dönüş yarandı.  İlk növbədə institutda geriliyin aradan qaldırılması üçün uzun bir dövrü əhatə edən hərtərəfli, elmi əsaslı kompleks seleksiya proqramı hazırlandı. Bu proqramın əsas məqsədi ilk növbədə Azərbaycan Respublikasının müxtəlif aqroekoloji şəraitinə uyğun, quraqlığa, duza, yüksək temperatura, soyuğa, şaxtaya, xəstəlik və zərərvericilərə və yatmaya kompleks davamlı, kənd təsərrüfatı istehsalının tələblərini ödəyən intensiv tipli, daha yüksək məhsuldar və keyfiyyətli dənli taxıl sortlarının yaradılmasının nəzəri əsaslarının və təcrübi üsullarının işlənib hazırlanmasından ibarət idi. Bu isə bitkilərin fiziologiyası, biokimya, texnologiya, genetika, seleksiya, entomologiya və fitopatologiya sahəsində çalışan mütəxəssislər yaxından cəlb edildi.

Kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, keçən əsrin yetmişinci illərində taxılçılığın intensiv üsullarla becərilməsinə başladıqdan sonra yeni qısa boylu, tezyetişən, yüksək məhsuldar və keyfiyyətli buğda sortlarına tələbat artdı. Həmin illərdə Azərbaycana bir çox ölkələrdən gətirilən qısa boylu buğda sortları yerli şəraitə uyğunlaşmadığından xəstəliklərə tutulurdu. Bu zaman müxtəlif institutlarda, seleksiya mərkəzlərində, bölgə təcrübə bazalarında intensiv seleksiya işləri aparılırdı. Lakin yüksək məhsuldar, keyfiyyətli, xəstəliklərə və mühitin əlverişsiz amillərinə davamlı buğda sortlarının yaradılması nəzəri tədqiqatlar aparmaqla seçmə üçün yeni metodların və yüksək ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac duyulurdu.1970-ci illərə qədər respublikada əkinçilik sahəsində müəyyən kadrlar hazırlansa da, elmi-tədqiqat işləri aparılsa da, taxıl istehsalını artırmaq, əkinçiliyin digər problemlərini həll etmək mümkün olmamışdır. Həmin dövrdə kadr hazırlığı, texniki təminat və elmi-tədqiqat işlərində dönüş yaratmadan, kənd təsərrüfatında böhran keçirən respublikada çətinlikləri aradan qaldırmaq mümkün deyildi. Ölkənin misilsiz milli sərvəti hesab olunan elmi-texniki potensialın yaradılması kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində olduqca zəruri idi. Bu zərurəti akademik C.Ə.Əliyev elmi uzaqgörənliyi, təbii fitri istedadı və yüksək intuisiyası ilə hələ xeyli əvvəllər hiss etmişdi. Zəngin təcrübəyə, böyük elmi zəkaya malik olan akademik çox gözəl bilirdi ki, yüksək istedadlı gəncləri elmi işə yaxından cəlb etməklə, elmi əsaslara istinad etməklə, kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasına nail olmaq mümkündür. Uzaqgörən, müdrik akademik biologiya, kənd təsərrüfatı və s. üzrə fundamental və tətbiqi sahədə tədqiqat aparmağa qabil kadrların hazırlanmasını ilkin vəzifələrdən biri kimi qarşıya məqsəd qoydu. Bu məqsədə1972-ci ildən başlayaraq müxtəlif elmi sahələr üzrə yüksək ixtisaslı kadrlar: bioloqlar, kimyaçılar, aqronomlar, fiziklər, riyaziyyatçılar, mühəndislər instituta cəlb edilərək keçmiş ittifaqın müvafiq elmi mərkəzlərinə əvvəlcə 2 illik ixtisasartırma kurslarına, sonra isə məqsədli aspiranturaya göndərilirdi. Akademik C.Əliyevin misilsiz xidmətidir ki, 80 nəfərdən artıq elmi işçi keçmiş SSRİ-nin nüfuzlu elmi mərkəzlərində biofizika, biokimya, biotexnologiya, torpaq fizikası, aqrokimya, molekulyar biologiya, genetika, molekulyar genetika, bitkilərin fiziologiyası, aqroekosistemin riyazi modelləşdirilməsi, fotosintetik proseslərin riyazi modelləşdirilməsi, radiobiologiya, texniki kibernetika və informasiya nəzəriyyəsi, fitopatologiya, xəstəliyə qarşı bitkilərin immuniteti, quraqlığa davamlılıq üzrə seleksiya, elektron hesablama maşınlarının tətbiqi ilə təcrübi göstəricilərin riyazi işlənməsi və s. sahələr üzrə uzunmüddətli ixtisasartırma kursları keçmişlər. Bunun məntiqi nəticəsidir ki, məqsədli aspirantura da daxil olmaqla  Əkinçilik İnstitutunda 400-dən çox yüksək ixtisaslı elmi kadrlar hazırlandı. Onlardan 255 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşlər. Akademik Сəlal  Əliyevin bilavasitə elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlbedilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı formalaşdırılmışdır. Alimin rəhbərliyi ilə 100 - əyaxın fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. Onun bir çox tələbələri MDB-yə daxil olan, eləcə də ABŞ, Almaniya, Fransa,Kanada, Avstraliya, Yaponiya, İsveç, İsrail, Birləşmiş Krallıq, Cənubi Koreya və başqa ölkələrə dəvət olunmuş və hal - hazırda orada müvəffəqiyyətlə çalışırlar. Akademik C.Əliyevin dünyanın aparıcı elm mərkəzləri ilə apardığı danışıqlar nəticəsində Əkinçilik İnstitutunun bir çox elmi işçiləri dəfələrlə CIMMYT, ICARDA, IPGRI, ICRISAT, ICBA və s. beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə kənd təsərrüfatının müxtəlif prioritet istiqamətləri üzrə beynəlxalq ixtisasartırma kurslarında təhsil almışlar. Təsadüfi deyildir ki, akademik C.Əliyev və onun hazırladığı kadrlar 1993-cü ildə bioloji məhsuldarlıq proseslərinin molekulyar  əsaslarının öyrənilməsində böyük nailiyyətlərə görə Beynəlxalq Soros Fondunun 8 qrantına layiq görülmüşlər. Geniş və əhatəli seleksiya proqramı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda akademik Cəlal Əliyevin rəhbərliyi ilə yetmişinci illərdən həyata keçirilməyə başlandı. İlk növbədə bu məqsədlə baş qərargahı Meksikada yerləşən Buğda və Qarğıdalının Yaxşılaşdırılması üzrə Beynəlxalq Seleksiya Mərkəzinin (CIMMYT) və keçmiş Sovetlər birliyinə daxil olan, buğdanın seleksiyası ilə məşğul olan institutların hesabına müxtəlif morfofizioloji əlamətlərə malik zəngin buğda genofondu-genbankı yaradıldı. Bu genofond fotosintez əlamətlərinin nəslə keçirilməsi və irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və başlıcası, məqsədyönlü seleksiyanın kompleks əlamətlərə əsasən həyata keçirilməsi üçün istifadə olunmağa başlanmışdır. Bununla da C.Əliyevin rəhbərliyi iləAzərbaycanda ilk dəfə olaraq buğdanın seleksiyasının elmi əsaslandırılmış proqramının həyata keçirilməsinin əsası qoyulmuşdur. Bir sözlə, hələ ötən əsrin sonunda qısa boylu intensiv tipli buğda sortlarının məhsuldarlığının artırılmasına görə akademik C.Əliyevin nəzəri və təcrübi tədqiqatlarının nəticəsində əsil “Yaşıl inqilab” baş vermiş və bu bütün dünyada əks-sədaya səbəb olmuşdur. Buğdanın seleksiyasında  əsaslı nailiyyətlərin  əldə olunması üçün nəzəri tədqiqatların aparılmasının vacibliyini qabaqcadan görən akademik C.Əliyev bu istiqamətdə tədqiqatları hələ keçən əsrin 70-ci illərindən aparmağa başlamışdır. Buğdanın fotosintez fəaliyyətinin sirlərini aydınlaşdırmaqla bunu arzu olunan istiqamətə yönəltmək üçün genetik seleksiya işləri aparılmışdır. Bununla da Azərbaycanda biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın, gen biotexnologiyasının inkişafının əsası akademik C.Əliyev tərəfindən qoyulmuşdur. Onun rəhbərliyi ilə aparılan molekulyar tədqiqatlar əsasında uyğun fermentlərin vasitəsi ilə buğda bitkisinin genom kitabxanası yaradılmış, sintez olunmuş plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınmışdır. Bunun əsasında gen mühəndisliyindən istifadə etməklə yad genlərin köçürülməsi nəticəsində kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanmışdır. O daima əldə etdiyi elmi nailiyyətləri dünyanın müxtəlif ölkələrinin və Beynəlxalq mərkəzlərin aparıcı mütəxəssislərinin iştirakı ilə tarla şəraitində müzakirəsinə xüsusi diqqət yetirmişdir.

Akademik Cəlal  Əliyev uzun müddət aparılmış nəzəri və eksperimental tədqiqatlarla foto tənəffüs hadisəsinin əhəmiyyətinin aydınlaşdırılmasına nail olmuşdur. Bu ideya, uzun illər tarla şəraitində müxtəlif bitki genotipləri üzərində aparılan məqsədyönlü və çoxşaxəli tədqiqatların nəticələrinə  əsaslanmışdır. Bunun üçün ilk növbədə 10 min buğda genotipini, xəstəliklərə və mühitin qeyri əlverişli amillərinə (quraqlığa, torpaq şoranlığına və s.) davamlı yüksək məhsuldar sortları özündə ehtiva edən zəngin buğda genofondu yaradıldı. Müəyyən olundu ki, yüksək məhsuldar (7-9 t/ha) buğda genotiplərinə yüksək fotosintez intensivliyi ilə yanaşı yüksək fototənəffüs ölçüləri də xasdır. Orta və aşağı məhsuldarlıqlı (3 t/ha) genotiplərdə isə əksinə həm CO2 assimilyasiyası, həm də fototənəffüsün intensivliyi kiçik qiymətlərə malik olmuşlar.Aydınlaşdırıldı ki, müxtəlif məhsuldarlıqlı genotiplərdə həqiqi fotosintezin fototənəffüsə olan nisbəti orta hesabla 3:1-dir. Beləliklə, akademik C.Əliyev fotonəffüsün israfçılığının əksinə olaraq 40 il ərzində tarla şəraitində yetişdirilən və məhsuldarlığına görə təzadlı olan buğda genotiplərindən istifa dəedərək, qaz mübadiləsinin intensivliyi, karbon metabolizmi və RBFK/O fermentinin aktivliyinə dair aparılmış müxtəlif istiqamətli tədqiqatlarla sübut etmişdir ki, fototənəffüs təkamüldə formalaşmış olan həyat əhəmiyyətli metabolik prosesdir. O, tədqiqatlarda alınan nəticələrə əasalanaraq bitkilərdə məhsuldarlığın artırılması üçün fototənəffüsü müxtəlif yollarla zəiflədilməsinin əsassız olduğunu bir daha sübut etmişdir. Fotosintez və fototənəffüsün  əsas fermentlərinin fosfoenolpiruvatkarboksilaza və fosfoqlükalatfosfatazanın tam şəkildə nukleotid və aminturşu ardıcıllığı təyin edildi.

Akademik C.Əliyevin əldə etdiyi bu nailiyyətləri, eləcə də Əkinçilik ET İnstitutunda bu əsasda yaradılan buğda sortları və onların respublikada geniş əkin sahəsinə malik olmasını 2011 və 2013-cü illərdə Bakıda keçirilən və “Davamlı İnkişaf üçün fotosintez tədqiqatları”na həsr olunmuş beynəlxalq konfransda təmsil olunan 40-dan artıq xarici ölkənin elm adamları tərəfindən yüksək dəyərləndirildi. Onlar akademik Cəlal Əliyevin uzun müddət fotosintez, xüsusən də fototənəffüs sahələrində əldə olunan nailiyyətlərini yüksək qiymətləndirərək bildirmişlər ki, professor Cəlal Əliyevin bu illər ərzində əldə etdiyi bu nailiyyətlərdən yalnız Azərbaycan xalqı deyil, bütövlükdə dünya elmi də bəhrələnəcək. Artıq keçən əsrin 80-ci illərinin əvvəllərində aparılan nəzəri və praktiki tədqiqatlar nəticəsində akademik C.Ə.Əliyev tərəfindən “İdeal buğda” bitkisinin modeli hazırlamış və onun testləri əsasında seleksiya materiallarının seçilməsi ilə qiymətli formalar yaradılmışdır. Bu model özündə fotosintetik fəaliyyətin göstəricilərinin və əlamətlərinin morfofizioloji və aqronomik xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici mühitin amilləri ilə birlikdə öyrənilməsini ehtiva etmiş və bu əsasda yüksək məhsuldarlığı sərtləndirən prinsiplər müəyyən edilmişdir. Bütün bunların nəticəsində artıq 1980-ci illərdə bir çox qiymətli buğda hibridləri yaradıldı, respublikamızın müxtəlif regionlarında yerləşən bölgə təcrübə stansiyalarında ekoloji sınaqlardan keçirildi və onların stabil, yüksək məhsuldar, keyfiyyətli formaları  seçilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına (SNSMDK) təqdim olundu. Aparılan ekoloji sınaqlar və SNSMDK-nin nəticələri  əsasında rayonlaşdırılmış Mirbəşir 50, Qaraqılçlq 2, Vüqar, Şiraslan 23, Tərtər, Bərəkətli 95, Əlincə 84 bərk, Mirbəşir 128, Əkinçi 84, Qiymətli 2/17 yumşaq buğda sortları tezliklə respublikada geniş əkin sahəsi tutmağa başladı. Hələ, 1988-ci ildə bərk buğda proqramının məntiqi nəticəsi kimi akademik C.Əliyevin yaratmış olduğu məşhur Qaraqılçıq 2 bərk buğda sortu Azərbaycanda rayonlaşmaq üçün təsdiq olunmuş və tezliklə keçmiş Sovetlər Birliyinin Dövlət Sortsınağı Komissiyası yüksək məhsuldarlığına görə bu sortun Özbəkistan vəTürkmənistan respublikalarında da rayonlaşmasına qərar vermişlər. Respublikada taxılın orta məhsuldarlığının iki dəfə artaraq 2,5-2,6 t/ha çatmasında məhz bu sortların əkin sahələrinin tez bir zamanda genişlənməsinin də böyük rolu olmuşdur. Bunun üçün Əkinçilik İnstitutunun respublikanın hər bir bölgəsini əhatə edən təcrübə stansiyalarında yaradılmış yüksək məhsuldar taxıl sortlarının toxumçuluq sistemi sürətlə inkişaf etdirildi. Hər bir bölgə üçün işlənib hazırlanmış elmi əsaslandırılmış becərmə texnologiyasının tətbiqi göstərdi ki, intensiv tipli bu sortlardan optimal şəraitdə hektardan 7-8 ton dən məhsulu almaq mümkündür. İnstitutda yaradılmış sortların əksəriyyəti məhz bu modelin testləri əsasında həyata vəsiqə almışdır. Yaradılmış bu testlər qısa müddətdə minlərlə nümunələrin, ilkin seleksiya materiallarını qiymətləndirməyə imkan verdi. Odur ki,  C. Əliyevin seleksiya proqramı çoxcəhətli və hərtərəflidir. O, daima işləyən, təkrar olunmaz və dinamik inkişafda olan və bir-birini tamamlayan bir mexanizmdir. Bunu artıq dayandırmaq və ya zəiflətmək mümkün deyildir. Buna 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində bir çox ciddi cəhdlər olmuş,  Əkinçilik İnstitutunun rəhbərliyi dəyişdirilmiş, seleksiyaçı alimlər başqa işə keçirilmiş, elmi işlərin aparılmasına lazımi şərait yaradılmamışdır. Məhz o, ağır illərdə akademik C.Əliyev hər cür təqib və təzyiqlərə baxmayaraq Əkinçilik İnstitutunda başladığı seleksiya proqramını həyata keçirmək üçün alimləri öz ətrafında sıx birləşdirərək, onları ruhdan düşməyə qoymamışdır. Respublikamızın taxıla olan tələbatına və o, illərdə süni surətdə yaradılmış blokadanı yaxşı başa düşən Cəlal müəllim tezliklə taxıl istehsalını artırmaq üçün proqramlar hazırlayıb dövlət rəhbərliyinə göndərmişdi. Çox təəssüflər ki, o zaman belə mühüm, vacib işi həyata keçirmək üçün müsbət cavab ala bilməmişdi. Çətinliklərə baxmayaraq həmin illər seleksiya işləri nəticəsində respublikada yüksək məhsul vermək potensialına malik olan “Mirbəşir 50”, “Tərtər” və“Vüqar” bərk buğda sortları rayonlaşmış və seleksiya nailiyyətlərinin Dövlət reystrinə daxil edilmişdir. Ancaq mürəkkəb torpaq - iqlim şəraiti olan Azərbaycanın müxtəlif bölgələrinə uyğun buğda sortlarının yaradılması zəruriyyəti qarşıda dururdu. Bu tip sortlar yüksək məhsuldar, quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə davamlı, şoran və şorəkət torpaqlarda dən nisbətən yüksək məhsul vermək qabiliyyətinə malik olmalıidi. Məhz akademik C.Əliyevin son otuz ildə seleksiya proqramında inkişaf etdirdiyi istiqamətlərdən biri də bu olmuşdur. Bunun üçün hibrid nəsillərin alınmasında yerli buğda sortlarından istifadə olunmasına böyük üstünlük verildi. Xalq seleksiyası yolu ilə yaradılmış «Qaraqılçıq», «Qırmızıbuğda», «Sarıbuğda», «Ağbuğda», «Şərq» və başqa Azərbaycanda uzun müddət əkilən, təbii seçmə nəticəsində yeni şəraitə uyğunlaşan davamlı buğda genotipləri yeni intensiv sortlarla hibridləşdirilərək yeni hibrid nəsillər yaradıldı. Bunlardan perspektivli hesab olunan formaların ekstremal amillərə davamlılığının Əkinçilik İnstitutunda fəaliyyət göstərən fitotronda süni iqlim kameralarında öyrənilməsi tezliklə onların tarla şəraitində sınaqdan keçirilməsinə imkan yaratdı. Artıq bu istiqamətdə aparılan tədqiqatlar nəticəsində alınmış quraqlığa davamlı «Bərəkətli 95» bərk buğda sortu ilə yanaşı «Qobustan», «Ruzi 84», «Qızıl buğda», «Günəşli» yumşaq buğda sortlarının əkin sahəsi respublikanın quraq dəmyə regionlarında artmaqdadır. Bu tipli bir çox hibrid formaların tarla şəraitində suvarma rejimindən asılı olaraq fizioloji xüsusiyyətlərinin öyrənilməsi yeni quraqlığa davamlı hibridlərin seçilməsinə zəmin yaratdı.

Əkinçilik İnstitutunda aparılan seleksiya proqramının yeni istiqamətlərindən biri dəbuğdanınseleksiyasıüzrədünyada məhşur olan CIMMYT vəQuraq BölgələrdəBeynəlxalq Kənd TəsərrüfatıTədqiqatlarıMərkəzi (ICARDA) iləaparılan birgətədqiqatlardır.Akademik həmin təşkilatlarlabirgə əməkdaşlıq üçün müraciət etdikdən sonra 1995-ci ildən başlayaraq CIMMYT vəICARDA-nın mərkəzi Asiya vəCənubi Qafqaz üzrə əlaqələndiriciləri bir qayda olaraq Azərbaycanda səfərdəolurlar.Əkinçilik İnstitutunda vəonun müxtəlif bölgələrdəyerləşən təcrübəbazalarında aparılanseleksiya işləri ilətanışlıqdan sonra, onlar burada seleksiya işlərinin beynəlxalq səviyyədə aparılmasının şahidi olmuşlar. Akademik C.Əliyevin mütərəqqi seleksiya proqramı, xüsusən də bərk buğdanın seleksiyası istiqamətində aparılan tədqiqatlar ölkədə səfərdə olan beynəlxalq nümayəndə heyətlərini hər dəfə heyran etmişdir. Azərbaycanda taxıl sortlarının seleksiyasının yüksək səviyyəsi CIMMYT-in rəhbərliyində böyük maraq doğurduğundan birgə  əməkdaşlıq haqqında protokol 1996 – cı ildə imzalanmışdır. Elə həmin dövrdən başlayaraq mütəmadi qaydada hər il iki mindən artıq müxtəlif təyinatlı və bioloji xüsusiyyətli buğda sort və hibridləri CIMMYT və ICARDA təşkilatlarından Azərbaycana göndərilməyə başlanılmışdır. Onlar akademik C.Əliyevin rəhbərliyi ilə ayrı-ayrı bölgələrdə öyrənilmiş və yeni yerli hibrid nəsillərin yaradılmasında istifadə olunmuşdur.

Onun son illərdə müntəzəm olaraq institutun bölgələrdəki təcrübə bazalarında seleksiya materiallarını qiymətləndirməsi, istehsalat üçün sortların seçilməsi istiqamətində apardığı məqsədyönlü işlər artıq öz bəhrəsini vermişdir. SNSMDK-nın qərarı ilə rayonlaşmış və yüksək arxitektonikaya malik Əzəmətli 95, Qobustan,   Nurlu 99, Ruzi 84, Aran, Tale 38, Qırmızıgül1, Qızılbuğda, Zirvə85, Fatimə, Günəşli, Şəfəq 2 yumşaq buğda sortlarının sürətlə istehsalata tətbiq olunması respublikanın taxıl istehsalının daha da artırılmasına səbəb olmuşdur. Eyni zamanda perspektivli olan Ləyaqətli 80, Yeganə, Pirşahin 1, Pərvin yumşaq buğda sortları SNSMDK-da sınaqdadır. C.Əliyevin bu sortlarının əsas müsbət cəhətləri əkin səviyyəsində sünbüllərinin bir bərabərdə paylanması, yarpaqlarının qısa və ensiz olub, gövdəyə nisbətən şaquli yerləşdiyindən vegetasiya müddətində uzun zaman fotosintetik fəaliyyətdə olmasıdır. Artıq respublikada geniş əkin sahəsi tutan bu buğda sortlarının optimal becərmə şəraitində məhsuldarlığı hektara 6-8 ton təşkil edir. C.Əliyevin tədqiqat prioritetlərinə ağır ekoloji vəziyyət, o cümlədən kənd təsərüfatı bitkilərində toplanan radioaktiv parçalanma məhsulları olan radionuklidlərlə torpağın çirklənməsi ilə  əlaqədar 1970-ci ildən uzunömürlü nuklidlərin torpaq-bitki örtüyündə paylanma qanunauyğunluqlarının öyrənilməsi də daxildir. Bu elementlərin torpaq-bitki sistemində miqrasiya tsiklinin analizi əsasında Azərbaycanın torpaq-bitki örtüyündə stronsium-90 və sezium-137-nin dövranının ümumi biogeokimyəvi xəritəsi verilmiş, bitkilərin mümkün çirklənmə proqnozları müəyyən olunmuş və bu hallarda kənd təsərrüfatında həyata keçirilməsi zəruri olan praktiki təkliflər işlənib hazırlanmış, başqa sözlə, radiasiya təhlükəsizliyi tədbirlərinin əsaslandırılması üçün istifadə olunan bütün işlər görülmüşdür.

Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunan 600-dən artıq elmi əsərdə, o cümlədən 25-dən artıq monoqrafiya və kitabda öz əksini tapmışdır. Müxtəlif ixtiralarına görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. O, iştirakçısı olduğu mötəbər simpozium, konfrans və forumlardakı dolğun çıxışları iləAzərbaycan elmini layiqincə təmsil etmişdir. Dünyanın bir çox ölkələrinin beynəlxalq təşkilatları, mütəxəssisləri və ölkədə çalışan tanınmış elm xadimləri əldə olunan nailiyyətlərlə tanış olduqdan sonra etiraf etmişlər ki, Azərbaycanda akademik Cəlal Əliyevin rəhbərliyi ilə buğda tədqiqatları üzrə dünyada güclü bir seleksiya mərkəzi yaranmışdır. Nəzəri tədqiqatlara əsaslanan, daima təkmilləşən və dünya elmi ilə müntəzəm olaraq inteqrasiyada olan bu mərkəz daima dinamik inkişaf yolundadır.Yaradılmış elmi baza, zəngin taxıl genofondu, elmi əsaslanldırılmış selekisya proqramı bu mərkəzin əsas hərəkətverici qüvvəsidir. Rusiya, Ukrayna, Belorus Kənd Təsərrüfatı Elmləri Akademiyalarının və nüfuzlu elmi şuraların üzvü olmuş Cəlal Əliyev, o cümlədən bir sıra beynəlxalq və milli cəmiyyətlərin, o cümlədən Bitkilərin Molekulyar Biologiyası üzrə Beynəlxalq Cəmiyyətin (1994), Amerika Bitki Bioloqları Cəmiyyətinin (1994), Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (1995), Yaponiya Bitki Fizioloqları Cəmiyyətinin (1997), Hüceyrə Stresi üzrə Beynəlxalq Cəmiyyətin 1998) üzvü olmuşdur. Eyni zamanda YUNESKO yanında «Bioetika, elmi bilikilərin və texnologiyaların etikası» Milli Komitəsinin (1999) və Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyətinin (1999) sədri olmuşdur. Cəlal Əliyev həmçinin 1994-cü ildən etibərən Azərbaycanda «Biologiya Elminin Yeni Sahələrinin İnkişafı» fondunun (BEYSİF) prezidenti, Bitki Genetik EhtiyatlarıüzrəRəhbər Komitənin sədri və Genetik Ehtiyatlar üzrə Milli Proqramın rəhbəri (1996), Yeni Bitki Sortlarının Mühafizəsi üzrəBeynəlxalq Birliyin səlahiyyətli nümayəndəsi (2004) olmuşdur.

Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun tale yüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında сərəyan edən mürəkkəb iсtimai-siyasi proseslərdə o, əsil vətəndaş mövqeyi tutmuş, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermişdir. Сəlal Əliyevin 1995-2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olmuşdur. Milli Məclisin deputatıolan akademik C.Əliyev parlamentdə təhsillə, elmlə və kənd təsərrüfatı iləbağlı məsələlərin müzakirələrində fəal iştirak etmiş və həmişə də öz prinsipiallığı ilə fərqlənmişdir.

Akademik Cəlal  Əliyev elm qarşısında böyük xidmətlərinə görə 2 dəfə «Qırmızı  əmək bayrağı» (1978, 1986), Müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı-«İstiqlal» (1998) və «Şərəf» (2013) ordenləri ilə təltif olunmuşdur. Dünya şöhrətli alimin yaratdığı elmi məktəb, buğda sortları, zəngin buğda genofondu, yazdığı qiymətli elmi əsərlər Azərbaycan xalqının Milli sərvətidir. Xalqımız bilməlidir ki, Akademik Cəlal Əliyevin yaratdığı məktəb və onun təmsilçiləri ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi naminə bundan sonra da əzmlə çalışacaqdır. O, yaşadığı bu illər ərzində elmin çətin, lakin şərəfli yollarında böyük dünya elminə nə töhfə veribsə, doğma ölkəmiz, xalqımız, millətimiz, insanların xoş güzaranı naminə etmişdir. Biz görkəmli alim, tanınmış ictimai xadim akademik Cəlal Əliyevin biologiya elminin digər sahələrində eldə etdiyi nailiyyətlərin gələcək nəsillərə irs qalacağına qəlbən inanırıq. Bu irsi yaşatmaq, onu qoruyub gələcək nəsillərə olduğu kimi çatdırmaq yaratdığı elmi məktəbin hər bir üzvünün, Azərbaycan xalqını müstəqil və qüdrətli bir dövlət kimi görmək istəyən hər bir vətən övladının müqəddəs borcu olmalıdır.

Görkəmli alim, tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır. Allah rəhmət eləsin!

Əkinçilik ET İnstitutunda çalışmış görkəmli alimlər