Fəaliyyət istiqamətləri

Əkinçilik ET İnstitutunun Modernləşdirilmə proqramına uyğun olaraq tədqiqat sahəsində ciddi islahatlar həyata keçirilmişdir. Islahatlara uyğun olaraq Əkinçilik ET İnstitutunun elmi fəaliyyət istiqaməti ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək) və yem bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlər yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yerinə yetirilən 6 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik) üzrə 12 mövzu və 26 tədqiqat işlərindən ibarətdir. Bu gün təsdiqlənmiş proqramların məqsəd və vəzifələrinə uyğun olaraq institutun tədqiqat fəaliyyətinə aşağıdakılar daxildir:

• Yerli və introduksiya olunmuşgen plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni bitki sortlarının yaradılması;

• Bitkinin abiotik və biotik stress amillərə (quraqlığa, yüksək temperaturaya, duza, qışa və s.) qarşı davamlılığının artırılması;
• Müasir texnologiyaları (əkin dövriyyəsi, zərərvericilərin inteqrə olunmuş idarə edilməsi, torpaq becərmələrinin sayının azaldılması, sudan səmərəli istifadə, ətraf mühitə zərər vurmayan əkinçilik təcrübəsindən istifadə və s.) tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində tədqiqat işlərinin aparılması;
• Yeni sort və texnologiyaların yayımına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində fermerlərin fikirlərini bilmək üçün yayım xidmətləri ilə sıx əməkdaşlıq şəraitində işləmək;
• Təsərrüfat hesablı toxumçuluq sistemi vasitəsilə artırılma üçün bioloji cəhətdən təmiz olan orijinal, super-elit və elit toxumları istehsal etmək.
Yerinə yetirilən 12 mövzudan 8-i tətbiq, 4-ü isə fundamental xarakterlidir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiya İnstitutu və Beynəlxalq seleksiya mərkəzləri olan İCARDA və CİMMYT-lə əməkdaşlıq edilir.