Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi

17.12.18 tarixində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim və ictimai-siyasi xadim, əməkdar elm xadimi, biologiya elmləri doktoru, akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Davamlı inkişaf naminə fotosintez və hidrogen enerjisi tədqiqatları” mövzusunda IX beynəlxalq konfrans keçirildi. Konfransda Azərbaycan alimləri ilə yanaşı, Əkinçilik ET institutunun rəhbərliyi, elmi kollektivi, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən də alimlər iştirak edirdilər.

Tədbirdən öncə konfrans iştirakçılarıFəxri xiyabana gələrək görkəmli alimin əziz xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoydular.

Konfransı açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin zəngin elmi fəaliyyətindən, keçdiyi ömür yolundan söz açdı. Qeyd etdi ki, Cəlal Əliyev ölkəmizdə bioloji müxtəlifliyin mühafizəsi və istifadəsi strategiyasının hazırlanmasında, xüsusilə Azərbaycanın elm tarixində ilk dəfə fotosintez prosesini əsaslı şəkildə öyrənib, bu sahədə uğurlu tədqiqatların aparılmasında böyük xidmətlər göstərib. Akademik Cəlal Əliyev Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı, bu sahənin inkişafında mühüm xidmətləri olan alimlərdəndir. Onun rəhbərliyi ilə yeni fundamental elmi-tədqiqat işləri təşkil edilib. Görkəmli akademikin elmi yaradıcılığının əhəmiyyətli hissəsi taxılçılığın inkişafına yönəlib.

AMEA-nın prezidenti bildirib ki, ölkəmizdə elmi-praktiki əsaslar üzərində qurulan bitki seleksiyası sahəsində qabaqcıl mövqeyi ilə seçilən Cəlal Əliyev məktəbi formalaşıb. Alimin fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. O, ilkin seleksiya nailiyyətlərinin təsərrüfatlara sürətlə tətbiqini təşkil etmək üçün elmlə istehsalatın sıx əlaqəsini yaratmağa nail olub.

“Akademik Cəlal Əliyev Azərbaycanda biologiya sahəsində tədqiqatları inkişaf etdirməklə molekulyar biologiyanın və gen biotexnologiyasının inkişafının əsasını qoyub. Onun səyi nəticəsində ölkəmizdə fotosintez sahəsində böyük uğurlara imza atılıb.

Akademik Cəlal Əliyevin öz fundamental tədqiqatları ilə AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında işgüzar münasibətlərin formalaşmasına böyük töhfələr verdiyini qeyd edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, bu əlaqələr artıq ciddi əməkdaşlıq müstəvisinə keçib. Görkəmli alim Azərbaycanda aqrar elmin yeni istiqamətlərini müəyyənləşdirib, onun əldə etdiyi nəticələrin tətbiqi bu sahədə dayanıqlı inkişafa yol açıb. Bu tədqiqatlar məhsuldarlığın yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Cəlal Əliyevin bioloji müxtəlifliyin mühafizəsi strategiyasının hazırlanmasında da böyük xidmətləri olub.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanda fotosintezin ilkin proseslərinin məhsuldarlıqla əlaqəsinə dair ilk tədqiqatlar akademik Cəlal Əliyevin adı ilə bağlıdır. O, biologiyanın yeni istiqamətlərinin müəyyənləşməsində, xüsusilə fotosintez sahəsində öz layiqli məktəbini yaradıb. Akademikin tədqiqatları əsasında məhsuldar, yüksək keyfiyyətli buğda sortları yetişdirilib, onların fizioloji və biokimyəvi əsasları işlənib. Respublikamızda geniş ərazilərdə becərilən “Bərəkətli 95”, “Qarabağ”, “Əzəmətli 95”, “Qobustan”, “Qırmızı gül 1”, “Tale 38”, “Ləyaqətli 80” bərk və yumşaq buğda sortları Cəlal Əliyev sortları kimi tanınır. Akademik Cəlal Əliyevin 90 illik yubileyi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində də xüsusi tədbirlər planı hazırlanıb. Əkinçilik Elmi-Tədqiqat İnstitutunda, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) silsilə tədbirlər keçirilib. Görkəmli alimin 90 illik yubileyinə həsr edilmiş Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi əsərlər məcmuəsi nəşr olunub. Nazirliyin “Aqrar elm” jurnalının və “Kənd həyatı” qəzetinin bir buraxılışı akademik Cəlal Əliyevin elmi və ictimai-siyasi fəaliyyətinə həsr edilib. ADAU-da görkəmli akademikin adını daşıyan bitki fiziologiyası laboratoriyası yaradılıb.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov,  AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova akademik Cəlal Əliyevin keçdiyi həyat yolundan, elmi təşkilatçı kimi fəaliyyətindən bəhs etdilər. Qeyd olundu ki, alimin yaratdığı dünya səviyyəli müasir elmi məktəbin yetirmələri bu gün də Azərbaycanda və dünyanın ən nüfuzlu elmi mərkəzlərində tədqiqatlar aparırlar. Onun fotosintezlə bağlı əldə etdiyi elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Azərbaycan elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında bu böyük alimin misilsiz xidmətləri olub.

Konfransda Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Julian Eaton-Rye “Akademik Cəlal Əliyevin dünya fotosintez elminə verdiyi töhfələr” mövzusunda məruzə ilə çıxış etdi. Sonra Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi akademik Cəlal Əliyev adına mükafatın təqdimatı oldu.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademiklər Teymur Bünyadov, Yaqub Mahmudov, Asəf Hacıyev, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, ekologiya və təbii sərvətlər nazirinin müavini, AMEA-nın müxbir üzvü Novruz Quliyev, Milli Məclisin deputatı Eldar İbrahimov və digər çıxış edənlər Cəlal Əliyevin yüksək mənəvi keyfiyyətlərindən, ictimai-siyasi fəaliyyətindən, alimin biologiya elminin inkişafına verdiyi töhfələrdən, kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsində, fotosintez və fototənəffüs proseslərinin kompleks tədqiqində göstərdiyi xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşdülər. Vurğuladılar ki, alimin zəngin elmi fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görülüb, “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilib.

Əməkdar memar Rasim Əliyev ailə üzvləri adından çıxış edərək konfransın təşkilinə görə AMEA rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda akademik Cəlal Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 


Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi Akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş IX beynəlxalq konfrans keçirildi