Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə oldu

08 iyul 2019-cu il tarixində Əkinçilik ET İnstitutunun elmi katibi Sevda Hacıyeva Naxçıvan MR-da Akademik Həsən Əliyev adına Araz Elm İstehsalat Birliyində oldu. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən yaradılmış buğda sortları və sabitləşmiş hibrid xətlərinə baxış keçirildi. Təcrübə sahəsində aqrotexniki qulluq işləri vaxtında həyata keçirilmiş, sələf tərəvəz bitkiləri olmaqla, səpinqabağı hektara 15 ton üzvi gübrə, 100 kq fiziki çəkidə amofoska, bitkilərin kollanma fazasında hektara təsiredici maddə hesabı ilə 90 kq azot gübrəsi (NH4NO3)  verilmişdir. Vegetasiya müddətində nümunələr 3 dəfə suvarılmışdır. Baxmayaraq ki, ərazidə olan torpaqlar qida maddələri ilə zəif və orta dərəcədə təmin olunmuşdur, aparılan düzgün aqrotexniki tədbirlərin nəticəsi olaraq təsərrüfatda Fatimə sortundan 45 s/ha, Qobustan sortundan isə 33 s/ha məhsul əldə edilmişdir. Ayrı-ayrı fermer təsərrüfatlarında Qobustan sortundan orta hesabla 32 s/ha məhsul əldə edilmişdir. Bundan əlavə təsərrüfatda Cümhuriyyət-100, Səba 2, Əsəd 80, Dəyirman, Xırman, Barış, Mətin, Onur və s. buğda sortlarının da sınağı keçirilir.

Eyni zamanda sabitləşmiş hibrid xətlərdə seçmə aparılmış və bölgə üçün uyğun materiallar seçilmişdir. Boyu 40 sm olan Əzəmətli 95 (Azərbaycan) x TSXA PUAN (Dərbənd) hibridindən alınmış cırtdanboylu sabit xətdən seleksiya işlərində alçaqboylu sortların yaradılması üçün ilkin material kimi istifadə edilməsi tövsiyə edilmişdir.  

Naxçıvan MR-da Akademik Həsən Əliyev adına Araz Elm İstehsalat Birliyindən verilən məlumatlara əsasən nümunələr sarı və qonur pas xəstəliklərinə davamlı olmuş, 1-3 bal səviyyəsində unlu şeh xəstəlikləri ilə sirayətlənmişlər. Seleksiya təcrübələrində ən çox sirayətlənmə bərk sürmə xəstəliyi ilə olmuş, sabitləşmiş hibrid xətlər kompleks xəstəliklərə davamlılıq göstərmişlər.  Geniş əkin sahələrində əkilmiş sortların toxumları bu xəstəliyə qarşı dərmanlandığı üçün sirayətlənmə qeydə alınmamışdır.

Bölgə üçün seçilmiş sabitləşmiş hibrid xətlərdə məhsuldarlıq 60-65 s/ha olmuşdur. 


Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə oldu  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə oldu  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə oldu  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi katibi Naxçıvan Muxtar Respublikasında ezamiyyətdə oldu