Əkinçilik İnstitutunun əməkdaşları buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq seminarda iştirak etdilər

Əkinçilik ET İnstitutu 1996-cı ildən başlayaraq “Payızlıq Buğdanın Yaxşılaşdırılması üzrə Beynəlxalq Proqram” (İWWİP) çərçivəsində buğda seleksiyası sahəsində genetik materialların introduksiyası və mübadiləsini həyata keçirir. Bu illər ərzində bu proqram çərçivəsində 8500-dən artıq payızlıq və fakultativ yumşaq buğda nümunələri introduksiya edilmiş, sınaqdan keçirilmiş və seleksiya işlərinə cəlb edilmişdir. Artıq, müştərək sortlar (Tale 38, Qızıl buğda, Ləyaqətli 80) yaradılmış, rayonlaşmış və seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilmişdir. İWWİP proqramının təsisçiləri Türkiyə Respublikası Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi, CİMMYT və İCARDA-dır.Proqramın əsas məqsədi Mərkəzi və Qərbi Asiya regionu üçün payızlıq və fakultativ buğdanın genetik materiallarını yaxşılaşdırmaq və inkişaf etdirməkdir. Hər il proqram çərçivəsində yaxşılaşdırılmış buğda seleksiyası xətləri digər ölkələrin müvafiq elmi-tədqiqat institutları ilə yanaşı sifariş əsasında Əkinçilik ET İnstitutuna da göndərilir. Bu proqram xəttilə 2007-ci ildən başlayaraq hər iki ildən bir buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq səyyar seminar keçirilir. Əvvəlki seminarlar Türkiyədə, Ukraynada, Türkiyə, Bolqarıstan və Rumıniyada, Özbəkistanda və 2015-ci ildə isə Azərbaycan və Gürcüstanda keçirilmişdir. Cari ildə bu beynəlxalq seminar 22-26 may tarixlərində Rusiya Federasiyasında Krasnodar-Rostov marşrutu üzrə CİMMYT, İCARDA, FAO və P.P.Lukyanenko adına Krasnodar KTET İnstitutu və “Don” Aqrar Elmi Mərkəzin birgə təşkilatçılığı ilə keçirildi. Beynəlxalq seminarda Azərbaycan nümayəndə heyətini Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai, bitki seleksiyası şöbəsinin əməkdaşları Abidin Abdullayev, Xanbala Rüstəmov, Qobustan BTS-in direktoru Atabəy Cahangirov və AMEA-nın Bitki Genetik Ehtiyatları İnstitutunun doktorantı Gülər Qədiməliyeva təmsil edirdi. Ümumiyyətlə, beynəlxalq tədbirdə 17 ölkənin 62 seleksiyaçı alimi və mütəxəssisi iştirak edirdi. Nümayəndə heyəti səfər müddətində Ümumrusiya ET Yağlı Bitkilər, P.P.Lukyanenko adına Krasnodar KTET və İ.Q. Kalinenko adına Ümumrusiya ET Dənli Bitkilər İnstitutularının seleksiya işləri, toxumçuluq təsərrüfatları və eləcə də fermerlərin taxıl sahələri ilə yaxından tanış oldu və təcrübə mübadiləsi həyata keçirildi.
Tədbirin gedişində Krasnodar və Rostov regionlarında fəaliyyət göstərən sözügedən elmi tədqiqat müəssisələrində Rusiyada seleksiyanın tarixi, nailiyyətləri və perpektivləri, payızlıq buğdanın yaxşılaşdırılması üzrə beynəlxalq proqramın əhəmiyyəti, Türkiyədə buğdanın seleksiyası və istehsalı, FAO-nun Mərkəzi Asiya və Rusiya regionlarında fəaliyyəti, iqlim dəyişmələri ilə əlaqədar payızlıq buğdanın seleksiyasının əsas istiqamətləri və yekunları, marker seleksiyasının əsas istiqamətləri, seleksiya işi və dünyada buğda istehsalının əsas tendensiyalarına dair təqdimatlar oldu. Seminarın axırıncı günü Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai “İWWİP proqramı çərçivəsində Azərbaycanda aparılan seleksiya işlərinin yekunları”na həsr edilmiş təqdimatla çıxış etdi. O, çıxışında Azərbaycanda k/t təyinatlı torpaqlar, son beş ildə payızlıq buğdanın təsərrüfat göstəricilərinə, mövcud problemlər, aparılan seleksiya işlərinin məqsədi və prioritetlərinə, beynəlxalq seleksiya mərkəzləri ilə birgə yaradılmış, rayonlaşmış və seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil olan yumşaq buğda sortları və əldə edilmiş nəticələrə ətraflı toxundu.
Nümayəndə heyəti səfər müddətində Krasnodar Diyarında taxıl toxumçuluğu ilə məşğul olan Timaşeyevsk, Korenovsk və Pavlovsk rayonlarında fəaliyyət göstərən kəndli fermer təsərrüfatlarında, Krasnodar ETKT İnstitutuna məxsus buğda və arpa sortları ilə qoyulmuş nümayiş əkinləri və toxumçuluq fəaliyyəti ilə yaxından tanış oldular və bu istiqamətdə fikir mübadiləsi həyata keçirildi.
Səfər müddətində əməkdaşlıq edilən tərəflərlə birgə alınmış elmi nəticələrə dair fikir mübadiləsi aparıldı, seleksiyanın çağırışları və mövcud problemləri müzakirə edildi və gələcək üçün əməkdaşlığın istiqamətləri işlənib hazırlandı. Həmçinin sözügedən institutlarla genetik materialların mübadiləsi, buğda, arpa və soya sortlarının sınağı və kadr hazırlığı sahələrində birgə əməkdaşlıq haqqında müqavilələrin bağlanılması qərarı alındı.


Əkinçilik İnstitutunun əməkdaşları buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq seminarda iştirak etdilər Əkinçilik İnstitutunun əməkdaşları buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq seminarda iştirak etdilər Əkinçilik İnstitutunun əməkdaşları buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq seminarda iştirak etdilər Əkinçilik İnstitutunun əməkdaşları buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq seminarda iştirak etdilər Əkinçilik İnstitutunun əməkdaşları buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq seminarda iştirak etdilər Əkinçilik İnstitutunun əməkdaşları buğdanın seleksiyasına həsr edilmiş beynəlxalq seminarda iştirak etdilər