Xəbərlər

15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşlarının iştirakı ilə 15 İyun- Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbiri açıq elan edən institutun direktoru Faiq Xudayev xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyini bildirib.

O, 1993-cü ilin may-iyun aylarında hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir dövrdə Azərbaycan xalqının Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdığını və 15 iyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldığını qeyd edib. F. Xudayev diqqətə çatdırıb ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşmasının əsasının qoyulduğu gündür.

Tədbirdə çıxış edən İnstitutun istehsalat üzrə direktor müavini Qərib Novruzlu bildirib ki, Ulu Öndər hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını xaosdan, hərc-mərclikdən xilas edib, milli dövlətçiliyimiz qorunub saxlanılıb, Azərbaycan dövləti sürətlə dünya birliyinə inteqrasiya edərək beynəlxalq arenada öz sözünü deyən qüdrətli dövlətə çevrilib.O, qeyd edib ki, Heydər Əliyev siyasi kursunun varisi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalı altında olan torpaqlarımız azad olunub.

Daha sonra tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, əməkdaşlardan Sevindik Dünyamalıyev, Rəhminə Zamanova  vurğulayıblar ki, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş respublikada baş verən hadisələrin fonunda 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürüb.

Ümummilli Lider problemlərin həlli üçün bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəldərək iqtisadi inkişafın təməllərini qoyub.

© 2020 Əkinçilik ETİ