Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Rusiya Federasiyasının Rostov vilayətində fəaliyyət göstərən şirkətlərlə keçirilən görüşdə iştirak ediblər

Aqrar İnnovasiya Mərkəzinin (AİM) təşkilatçılığı ilə “İnnovativ həllərə əsaslanan yeni aqrokimyəvi maddələrin və yem əlavələrinin Azərbaycanda sınaqlarının keçirilməsi” nə həsr edilmiş online görüş keçirilib. Görüşdə AİM-lə yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik, Tərəvəzçilik, Bitki Mühafizə və Texniki Bitkilər, Üzümçülük və Şərabçılıq, Meyvəçilik və Çayçılıq, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutlarının əməkdaşları, Rusiya Federasiyasının “Texnoloq Yuq” və “Nanokremniy Don”  MMC-ni təmsil edən mütəxəssislər iştirak ediblər.

Öncə çıxış edən AİM-in direktor müavini Anar Cəfərov Mərkəzin qarşısında duran vəzifələr, innovasiyaların transferi, tətbiqi və təşviqi istiqamətində göstərilən fəaliyyətlər, Rusiya Federasiyasının sözügedən şirkətlərlə bağlanmış Əməkdaşlıq Memorandumunun məqsədi və pilot layihə çərçivəsində ediləcək əməkdaşlığın istiqamətləri, bu işə elmi-tədqiqat institutlarnın cəlb olunması və s. məsələlərə toxunub.

Sonra söz Rusiya Federasiyasının “Texnoloq Yuq” və “Nanokremniy Don” MMC-nin direktoru Vitali Tyutyunnikova verilib. O, görüş iştirakçılarına təmsil etdiyi şirkətilərin missiyası, bitkiçilik və heyvandarlıq istiqamətlərində istehsal etdiyi məhsulların təyinatı, bu sahədə aparılan tətbiq işlərinin nəticələri barədə məlumat verib. AİM-lə bağlanılmış memorandumda qarşıda duran öhdəliklər və Azərbaycanla əməkdaşlığa böyük önəm verməsini diqqətə çatdırıb. Şirkətin mütəxəssisi Andrey Duxovskoy sınaqlara cəlb ediləcək məhsulların üstünlükləri və istifadə qaydaları ilə görüş iştirakçılarını məlumatlandırıb. Görüş konsruktiv müzakirələrlə davam edib.

Sonda “Texnoloq Yuq” və “Nanokremniy Don” MMC-nin istehsal etdiyi və nanotexnologiya əsasında hazırlanan yeni aqrokimyəvi maddələrinin kənd təsərrüfatı bitkiləri üzərində və “Silaksess” yem əlavəsinin bağlanacaq müqavilələr çərçivəsində Azərbaycanda Elmi-Tədqiqat İnstitutlarının təcrübə bazalarında sınaqlarının keçirilməsi qərara alınıb.

© 2020 Əkinçilik ETİ