Xəbərlər

Zaqatala Bölgə Təcrübə Stansiyasında elmi işlərin həyata keçirilmə vəziyyətinin qiymətləndirilməsi həyata keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Zaqatala Bölgə Təcrübə Stansiyasının kollektivi ilə görüş keçirib. Direktor görüş zamanı aktual məsələlər, qarşıda duran vəzifələr və perspektivlərdən bəhs edib, bu istiqamətdə kollektivlə fikir mübadiləsi aparıb.

Sonra Faiq Xudayevə Zaqatala BTS-də aparılan elmi-tədqiqat işlərinin həyata keçirilmə vəziyyəti haqqında məlumat verilib.

Direktor Faiq Xudayev, direktor müavini Sevinc Məmmədova və a.e.i. Sevda Abdulbaqiyevanın iştirakilə Pərzivan təcrübə sahəsində qarğıdalı və tütün bitkisinin seleksiya və toxumçuluq əkinlərinin monitorinqi aparılıb. Müsabiqəli Sort Yoxlama pitomnikində əkilən dənlik və silosluq istiqamətli yüksək məhsuldarlıq potensialına malik sortnümunələrin qiymətləndirilməsi həyata keçirilib. Nəticə etibarilə standartlardan üstün göstəricilərə malik olan Hacı-36 və ilk yerli partlayan qarğıdalı Badi Budu-247 sortları, eləcə də tütünün Virciniya tipli iki sortunun rayonlaşdırılması üçün cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim edilməsi qərarlaşdırılıb.

Həmçinin Faiq Xudayev BTS-in toxum təmizlənmə qurğusunda cari ildə yığılmış taxıl toxumlarının təmizlənməsi prosesinə baxış keçirib, müvafiq tapşırıq və tövsiyyələr verib.

© 2020 Əkinçilik ETİ