Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı “Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri“ mövzusunda keçirilən elmi-praktik konfransda iştirak etdi

Prezident İlham Əliyevin kənd təsərrüfatının digər sahələri kimi tütünçülüyün də inkişafı ilə bağlı verdiyi tapşırıqlar uğurla icra olunur, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirilir. 21 fevral 2017 tarixində Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatala rayonunda "Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda elmi-praktik konfrans kecirildi. Konfransda Şəki-Zaqatala bölgəsi rayonlarının, həmçinin İsmayıllı, Goranboy, İmişli, Lerik, Masallı, Qazax və Tovuz rayonlarından olan torpaq mülkiyyətçiləri, fermer və sahibkarlar iştirak ediblər. Konfransı, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açdı. O, rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdı. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxışında aparılan aqrar islahatın uğurlu nəticələri və qarşıda duran vəzifələr, tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivlərindən ətraflı bəhs etdi. Aqrar Elm və İnformasiya Məsləhət mərkəzinin baş direktoru Rəsul Balayev "Respublikada tütünçülüyün iqtisadi və aqrotexniki əhəmiyyəti", Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri a.e.f.d., dosent Qurban Məmmədov "Tütün bitkisinin becərilmə texnologiyası", Əkinçilik ET İnstitutunun əməkdaşı b.ü.f.d Bəhlul Abbasov "Azərbaycanda tütününün seleksiyası və toxumçuluğunun təşkili", Bitkiçilik və bitki mühafizəsi kafedrasının dosent əvəzi a.e.f.d. Vüsal Məmmədov "Tütün bitkisinin xəstəlik və zərərvericiləri" Aqrarkredit Səhmdar Kredit təşkilatının baş məsləhətçisi Məhəmmədəli Əfəndiyev "Azərbaycanda tütün istehsalı və emalında yeni texnologiyaların tətbiqi" mövzusunda cıxış etdilər. Müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparıldıqdan sonra tütünçülüklə məşğul olan fermerlərin sualları cavablandırılıb. Konfransın işinə yekun vuruldu.

© 2020 Əkinçilik ETİ