Xəbərlər

" Taxıl biçininə hazırlıq tədbirlərinin vaxtında aparılmasının əhəmiyyəti " mövzusunda online təlim keçirilib

Əkinçilik ET İnstitutunun əməkdaşı Etibar İbrahimov " Taxıl biçininə hazırlıq tədbirlərinin vaxtında aparılmasının əhəmiyyəti " mövzusunda Şabran, Siyəzən, Xızı, Quba, Xaçmaz, Şəki, rayonlarının DAİM-lərində mütəxəssis və fermerlərin iştirakilə online təlim keçib. Təlimçi E. İbrahimov təqdimat üzrə maşın-traktor parkını tam olaraq işçi vəziyyətə gətirmək, istifadə olunacaq texnikaların daima işlək vəziyyətini təmin etmək məqsədilə tez sıradan çıxan hissələrin ehtiyatını yaratmaq, xırman və anbarları tam təmizləyərək dezinfeksiya və fumiqasiya etmək və s. haqqında ətfaflı məlumatlar verib. O, diqqətə çatdırılıb ki, təhlükəsizlik tədbiri olaraq sahələrin kənarlarını şumlamaq mütləqdir. Biçin zamanı sahədə kotan qoşulmuş traktorun olmasını təmin etmək lazımdır. Sahənin bir hissəsi biçildikdən sonra təhlükəsizlik səbəbindən sahə bir neçə metr şumlanmalıdır. Suvarılan bölgələrdə taxılın daşınması və konbaynın hərəkəti üçün müvəqqəti suvarma arxlarını doldurmaq, toxumçuluq sahələrində növ və sort təmizləyinə nəzarət etməklə aprobasiya təmin etmək, biçin zamanı sünbülün normal döyülməsini təmin etmək və dənin qırılmasını minimuma endirmək məqsədilə kombaynların sahədə nizamlanmasını təşkil etmək vacib şərtlərdəndir. Kombayn bir sortdan digər sorta keçdikdə tam təmizlənməli və 15-20 dəqiqə boş işlədilməli, sonra yeni biçilən sortdan 700-800 kq olmaqla ən azı 2 dəfə biçilməklə çıxdaş edilməli və bu biçin aktında öz əksini tapmalıdır. Taxıl daşınan zaman sortların və reproduksiyaların bir-birinə qarışmaması üçün yük maşını diqqətlə təmizlənməlidir. Xırmanda və anbarlarda tığ şəklində yığılmış məhsulun reproduksiyalarının və sortların qarışmaması üçün tədbirlər görülməlidir. Toxumluq məhsulun təmizlənməsi işləri ilk növbədə aşağı reproduksiyalı məhsuldan başlanmalı və yuxarı reproduksiyaya doğru davam etməlidir. Toxumluq məhsulun təmizlənməsi zamanı bir sortdan digərinə keçdikdə 100-150 kq toxumun çıxdaş edilməsinə riayət edilməlidir. Toxum tam təmizləndikdən və dərmanlandıqdan sonra 1 etiket kisənin içinə qoyulmalı və biri üstünə tikilməlidir. Orijinal və super elit toxumlar üçün ağ fonda çəhrayı rənglə çəpinə xətt çəkilmiş, elit toxumlar üçün ağ, R1 üçün göy, R2 üçün qırmızı fonda olan etiketlərdən istifadə olunmalıdır. Etiketlərdə bitkinin adı, sortun adı, reproduksiyası, istehsal ili, dərmanlamada istifadə olunan preparatın adı, istehsalçının adı, ünvanı və telefon nömrəsi yazılmalıdır. Anbarda təmizlənmiş toxumlar reproduksiyalar və sortlar üzrə ayrı-ayrı yığılmalıdır. Həm sahədə həm də xırmanda ilk tibbi yardım üçün lazım olan ləvazimatlar olan tibbi çanta olmas təmin edilməlidir. Sonda fermerlər tərəfindən təlimçiyə onları maraqlandıran suallar verilib və cavablar ətraflı olaraq izah olunub.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ