Xəbərlər

Yeni yaradılan taxıl sortlarının əkinindən gözlənilən nəticə əldə edilib

Yeni yaradılan taxıl sortlarının Beyləqanda innovativ üsulla aparılan sınaq əkini öz bəhrəsini verib. Belə ki, Beyləqanda yerləşən təcrübə stansiyasında yeni yaradılan taxıl sortlarının əkinindən gözlənilən nəticə əldə edilib. Həyata keçirilən işlər Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Aqrar Xidmətlər Agentliyinin Beyləqan Təlim Mərkəzinin birgə təşəbbüsü ilə gerçəkləşib.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayevin sözlərinə görə, sınaq əkinində əsas məqsəd bölgələrdə yeni sortların və texnologiyaların tətbiqi və bunun nümayişidir.  Əldə olunan yerli sortların iqlimə uyğunlaşdırılması, xəstəliyə dözümlü olması vacib şərt olaraq götürülür. Bu məqsədlə Beyləqanda 24 yerli sortun sınağı gerçəkləşdirilib. Direktor bildirib ki, “Ağdərə”, “Xarıbülbül” və “Xudafərin” sortları ilə yanaşı, Qərbi Azərbaycan toponimi olan “Gomur” adlı taxıl sortunun də sınağı aparılır. “Bu sortlar üzərində hələ bir neçə il əvvəldən işlənməyə başlanılıb. Ötən il torpaqlarımız yağı düşməndən azad edildi. Həmin ərazilərin adını daşıyan yerli sort taxıl toxumları da ilk dəfə olaraq torpağa səpildi. İnanırdıq ki, bu sortlar sınaqdan yaxşı çıxacaq və gələcəkdə elə Qarabağımızda da əkilib-becəriləcək”, - deyə o qeyd edib.

Yeni sortların sınaqdan uğurlu çıxması ilə əlaqədar fermerlərlə birlikdə sahəyə baxış keçirilib. Təcrübəli fermerlər və alimlər nəticələr barədə fikir mübadiləsi aparıblar.

Uzun illərdir taxılçılıqla məşğul olan fermer Lətif Zeynalov deyib ki, “Xudafərin” sortunun daha məhsuldar olduğunu müşahidə edib. Onun sözlərinə görə, bu sortdan 60-70 sentner məhsul əldə etmək olar.

Eyni zamanda, yerli sortların yaradılmasının əhəmiyyətindən də söhbət açan təsərrüfat sahibi bildirib ki, əvvəllər toxumlar xaricdən gəlirdi. Bu, həm çəkilən xərci artırır, həm də az məhsul əldə olunurdu. Buğdanın un çıxışı da az olurdu. Lakin son illər yaradılan yerli sort toxumlar öz məhsuldarlığı ilə seçilir. Bu il ilk dəfə səpini gerçəkləşən toxumlar da öz bəhrəsini verib.

© 2020 Əkinçilik ETİ