Xəbərlər

Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İstehsal İnstitutu və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu Arasında Kənd Təsərrüfatı Tədqiqatları və İstehsal Əməkdaşliğı üzrə Anlaşma Memorandumu imzalanıb

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramında qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində Malayziya Kənd Təsərrüfatı Tədqiqatları və İstehsal İnstitutu və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu Arasında Kənd Təsərrüfatı Tədqiqatları və İstehsal Əməkdaşliğı üzrə Anlaşma Memorandumu imzalanıb. İştirakçi tərəflərin məqsədi müştərək əməkdaşlığı gücləndirməkdə, asanlaşdırmaqda, inkişaf etdirməkdə, təşviq etməkdə və çəltik bitkisi üzrə kənd təsərrüfatı tədqiqatları ilə əlaqəli potensial əməkdaşlıq layihələrinin müzakirəsində razılığa gəlməkdən ibarətdir.

Onlayn formatda həyata keçirilən mərasimdə Anlaşma Memorandumunu Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və Malayziya Aqrar Tədqiqatlar və İnkişaf İnstitutunun baş direktoru Mohamad Roff Noor imzalayıblar. İmzalanma mərasimi Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikasının Malaziyadakı səfirliyi və Malayziyanın Azərbaycandakı səfirliyinin iştirakı ilə keçirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev imzalanan sənədi aqrar sahədə əməkdaşlığın ilkin addımı kimi yüksək dəyərləndirib və kənd təsərrüfatının başqa sahələri üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib. Q. Allahverdiyev iki ölkənin aqrar institutları arasında imzalanmış bu memorandumun, eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramında çəltikçiliyin inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə nail olmaq üçün xüsusi əhəmiyyət kəsb etməklə, öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Anlaşma Memorandumu tərəflər arasında birgə araşdırma, mütəxəssislərin qarşılıqlı mübadiləsi, qısa müddətli araşdırma proqramları və treninqlər, seminar və elmi konfransların təşkili, avadanlıqdan müştərək istifadə və digər sahələri əhatə edir.

© 2020 Əkinçilik ETİ