Xəbərlər

Faiq Xudayev: “Azərbaycan öz yoluna Heydər Əliyev siyasi kursu ilə davam edərək daha böyük nailiyyətlərə imza atacaq”

Azərbaycan xalqı hər il 15 iyun gününü özünün Milli Qurtuluş günü kimi bayram edir. 1993-cü il 15 iyun tarixi xalqımızın qurtuluşunun təməl nöqtəsi olub. Həmin ilin 4 iyununda baş verən hadisələr ölkəni dünya xəritəsindən silməyə hesablanmışdı. Burada dünya gücləri, ölkədəki qaragüruhçu qüvvələr, o cümlədən separatçılar rol alırdı. Həmin müddətdə hakimiyyətdə olan qüvvələrin diletant, xəyanətkar mövqe tutması, şəxsi ambisiyalarını irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Sanki, tarix təkrar olurdu, XX əsrin əvvəllərində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin aqibəti ölkəmizi ötən əsrin sonlarında da gözləyirdi.

Bir tarixi həqiqətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində dövlət quruculuğu istiqamətində bir sıra uğurlu addımlar atmışdı. Amma bu dövlət çox yaşamadı. 1991-ci ildə də yenidən müstəqil olan Azərbaycan yox olmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın ən çətin günündə ulu öndər Heydər Əliyev Bakıya gəldi. Bu, xalqın təkidli tələbi idi. Onun Bakıya qayıdışı Azərbaycanı xilas etdi. Ulu öndər Bakıya dönərkən belə dedi: “Vəziyyət düşündüyüm də təhlükəli imiş, nə gücüm, qüvvəm varsa, xalq üçün çalışacağam”. Tarix özü şahiddir ki, ulu öndər Heydər Əliyevin üzərində bir Azərbaycançılıq missiyası var idi, Azərbaycançılıq onun döyünən ürəyi idi. Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə prioritetləri müəyyən etdi. Təbii ki, ölkədə problemlər çox idi: qaçqın və məcburi köçkünlərin olması, ərazilərimizin işğalı, özbaşınalığın, xaosun olması, dövlət büdcəsində vəsaitin olmaması, bir sözlə minlərlə problemlər vardı. Ulu öndər dövlət quruculuğu istiqamətində bir sıra addımlar atdı, atəşkəsə nail oldu. Bundan sonra neft sazişləri imzalandı, ölkədə maliyyə vəsaiti daxil oldu. Bunlar hamısı Heydər Əliyevin şəxsi səylərinin hesabına baş verdi. Ulu öndər Heydər Əliyev bütün həyatı boyunca, o cümlədən Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsində işləyərkən, Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışarkən bütün varlığı ilə Azərbaycan xalqını düşünüb, fəaliyyəti dövründə bir sıra izlər qoymuşdu. Təbii ki, həmin vaxt bilmək olmazdı ki, ölkə müstəqil olacaq. Baxmayaraq ki, Heydər Əliyev də nəhəng imperiyanın rəhbərliyində təmsil olunurdu, amma Azərbaycanın gələcəyinə inanırdı. Onun həmin dövrdə kənd təsərrüfatı, infrastruktur, neft sənayesi sahəsində gördüyü işlər müstəqillik dövrünün iqtisadiyyatının əsasını qoymuşdu. 15 iyun xalqımızın nicat günüdür. Biz bunu bayram kimi qeyd edirik. Tarixə nəzər salsaq görərik ki, nə qədər çətin yol keçmişik. İndi hiss edirik ki, ulu öndər necə böyük işlər görüb. O, 70 yaşında, ömrünün ixtiyar çağında Bakıya döndü. İnsanın nə qədər gücü, qüvvəsi olmalıdır ki, belə ağır yükün altına girə və bacara. Bu gücü ona Azərbaycan sevgisi verirdi. Heydər Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçildiyi gündən ömrünün sonuna qədər bir dəqiqə, saat, gün belə istirahət etmədən, yorulmadan çalışıb. Çünki vaxt çox az idi. Azərbaycanda bütün sahələr inkişaf etdirildi, sabitlik bərqərar edildi, ordumuz gücləndi. Ulu öndər Azərbaycanın inkişaf konsepsiyasını işləyib hazırladı.

2003-cü ildən isə Heydər Əliyevin dövlət quruculuğu modelini möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Etiraf olunmalıdır ki, ötən illər ərzində dövlət başçımız tərəfindən insanların sosial-rifah yüksəlişi, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. Bu gün də Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla, inamlı şəkildə həyata keçirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi isə əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. Bu şanlı Qələbə bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu yolla davam edərək bundan sonra daha böyük nailiyyətlərə imza atacağını təsdiq edir. Bu gün Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa etmiş, dünyada söz sahibi olan, regionun ən nüfuzlu və qüdrətli dövlətidir. Azərbaycan inkişaf yolunu inamla davam etdirir və bu yol Heydər Əliyev yoludur. İnanırıq ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu yolla daha da inkişaf etdirəcək, işıqlı gələcəyə aparacaq.

© 2020 Əkinçilik ETİ