Xəbərlər

Cəlilabad rayonunda ailə-fermer təsərrüfatlarının və iri istehsal müəssisələrinin elmi əsaslarla dəstəklənməsi istiqamətində tədbir həyata keçirilib

Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Taxılçılığın inkişaf etdirilməsi əkin sahələrinin artırılması hesabına deyil, məhsuldar, keyfiyyətli, xəstəlik və zərərvericilərə davamlı yeni sortların yaradılması və istehsalata tətbiqi hesabına olmalıdır. Hal-hazırda Əkinçilik ET İnstitutunun digər Bölgə Təcrübə Stansiyaları ilə yanaşı yeni sortların yaradılması istiqamətində Cəlilabad BTS-də də aparılan elmi tədqiqat işləri öz bəhrəsini verməkdədir. Xüsusən də bərk buğdaların daha geniş əkilib becərildiyi iqtisadi bölgələrdən olan Cəlilabad rayonu üzrə 2021-ci ildə 50-60 min hektar ərazidə arpa və buğda əkinləri həyata keçirilib ki, hal-hazırda hər hektar sahədən təxminən 25-26 s/ha məhsul əldə olunub.

Cəlilabad rayonunda həyata keçirilən tədbirin məqsədi taxılçılıqla məşğul olan ailə-fermer təsərrüfatlarını, o cümlədən, iri istehsal müəssisələrini elmi əsaslarla dəstəkləməkdən ibarətdir. Belə ki, vaxtında və düzgün aparılan aqrotexniki tədbirlərin həyata keçirilməsi, torpağın düzgün hazırlanması, sortun düzgün seçilməsi, alaqlara qarşı mübarizə tədbirləri, eyni zamanda üzvi və mineral gübrələrdən düzgün istifadə olunması mühüm şərt olaraq diqqətə çatdırılıb.

Fermerləri narahat edən əsas məsələlərdən biri də istifadə olunan toxumun keyfiyyət və kəmiyyət göstəriciləridir ki, bu məsələlər də Əkinçilik ET İnstitutunun elmi dəstəyi nəticəsində öz həllini tapacaq. Bölgə üçün xarakterik olan yerli buğda və arpa sortlarından istifadə olunacaq.

Nəticə etibarilə məhsuldarlıq yüksəksələcək və bərk buğdaya olan tələbət daxili imkanlar hesabına ödəniləcək. Fermerlərin zəhməti nəticəsində məhsulları bol olacaq.

Qeyd edək ki, Cəlilabad BTS-da ötən iki il ərzində (2019-2020) 5 bərk buğda (“Rəvan”, “Xudafərin”, “Gömür-74”, “Tac-21”, “Yasəmən”), 2 yumşaq buğda (“Duyğu”, “Banu”) rayonlaşmaya təqdim olunub. “Rəvan” bərk buğda sortu respublikanın uyğun bölgələrində əkilməsi üçün rayonlaşmışdır, bu ildən ilkin toxumçuluğuna başlanacaqdır.

Cari ildə (2021) iki bərk buğda sortunun rayonlaşması üçün sort sınaq məntəqələrinə göndəriləcək.

© 2020 Əkinçilik ETİ