Xəbərlər

Əkinçilik ET İnstitutu ilə “Agro Dairy” MMC arasında əməkdaşlıq haqqında razılıq əldə edilib

Əkinçilik Elmi-Tədqiat İnstitutunun direktoru Faiq Xudayevlə  “Agro Dairy” MMC-nin Ceyrançöl ərazisinin baş aqronomu Nizami Kazımov arasında əməkdaşlıq görüşü keçirilib. Görüşdə institutun istehsalat üzrə direktor müavini Atif Zamanov, laboratoriya müdiri İmrəli Hacıməmmədov, şöbə müdiri Pərvanə Məmmədova və  “Agro Dairy” MMC-nin bitki mühafizəsi üzrə mütəxəssisi Könül Aslanova iştirak ediblər.

Əkinçilik Elmi-Tədqiat İnstitutu və “Agro Dairy” MMC əməşdaşlıq çərçivəsində kənd təsərrüfatı bitkilərinin, xüsusilə dənli taxıl bitkilərinin yerli sortlarının toxumçuluğu sahəsində səmərəliyinin yüksəldilməsi, o cümlədən Əkinçilik ET İnstitutu tərəfindən yaradılmış və dövlət qeydiyyatında olan sortların superelit və elit toxum istehsalının intensiv artırılması və bu sahədə innovativ texnologiyaların qarşılıqlı mübadiləsi sahəsində fəaliyyətləri birgə koordinasiya etmək məqsədilə razılığa gəliblər. Həmçinin on min hektarda torpaq analizlərinin aparılması da müəyyənləşdirilib.

Əməkdaşlığın məqsədi dənli taxıl bitkilərinin yerli sortlarının superelit və elit reproduksiyalı toxumlarının intensiv artırılması və istehsalı, digər mümkün aqrotexnoloji təcrübələrin həyata keçirilməsi, həmçinin kadr hazırlılğı sahələrində əməkdaşlığın və məlumat mübadiləsinin aparılması ilə bağlı Əkinçilik ET İnstitutu və “Agro Dairy” MMC arasında tərəfdaşlıq əlaqələrinin yaradılması və birgə tədbirlərin həyata keçirilməsidir.

Sortların toxumçuluğuna, sınağına və digər aqrotexnoloji təcrübələrə həsr olunmuş tarla günləri, seminarlar, təlimlər, birgə baxışlar və digər tədbirlərin təşkili, toxumçuluqla məşğul olan sahibkarların, fermerlərin, aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin iştirakı nəzərdə tutulur.

  Dənli taxıl və digər kənd təsərrüfatı bitkilərinin perspektiv sortlarının (AXA-ya təqdim edilmiş) sınaqları və toxumçuluğu, həmçinin bəzi aqrotexnoloji təcrübələrin həyata keçirilməsi sahələrində mümkün qarşılıqlı maraqlardan irəli gələn digər istiqamətlər üzrə birgə fəaliyyət göstəriləcək.

© 2020 Əkinçilik ETİ