Xəbərlər

“Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi üzrə fermerlərlə görüş keçirilib

Şəki Dayaq Məntəqəsində “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi üzrə fermerlərlə görüş keçirilib. Görüşdə yerli və xarici mütəxəssislər iştirak edib. Tədbirdə iştirak edən fermerlərlə birlikdə layihə çərçivəsində ötən il əkilmiş tarla genbankında olan sortlar və perspektivli sortlar müzakirə olunub. Diqqətə çatdırılıb ki, dünya genbanklarında bitkilərin geniş spektrlı kolleksiyalarının saxlanılmasında məqsəd onların uzun müddət mühafizəsini və bitkilərin rüşeym plazmalarından seleksiyaçıların, tədqiqatçıların və başqa istifadəçilərin yararlanmasını təmin etməkdir. Müzakirə zamanı qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasında bitkilərin genetik resurslarının yaxşılaşdırılması üçün ilkin materialın qorunub saxlanılması və istifadəsinin olduqca vacibliyi qeyd olunub.

Qeyd olunub ki, müasir dövrdə təyinatından asılı olaraq müxtəlif genbanklarda (tozcuq genbankı, rüşeym genbankı, toxum genbankı və s.) olan genetik resurslardan tədqiqat məqsədilə istifadə olunur. Bununla yanaşı müxtəlif bitki növlərinin və sortlarının genlərinin mühafizəsi üçün tarla genbankının təşkili böyük əhəmiyyətə malikdir. Tarla genbankında bitkilər xüsusi şəraitdə əkilir və tədqiqatçı alimlərin yeni genetik materiallar əldə etməsinə imkan yaradır. Eyni zamanda bu metodun köməyi ilə müxtəlif bitki növlərinin morfobioloji əlamətlərini müqasiyə etmək və irsi amillərini detallarına qədər öyrənmək mümkündür.

Fermerlər bildiriblər ki, tarla genbankı fermerlərin istifadəsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində keçirilən görüşün sonunda yerli və xarici ekspertlər tərəfindən fermerlərə tövsiyələr verildi, xatirə məqsədilə hədiyyələr paylandı.

© 2020 Əkinçilik ETİ