Xəbərlər

Taxıl səpinini gecikdirmiş fermerlərə tövsiyələr

Hazırda Respublikada taxıl səpini davam edir. Tez yığılan sələflərdən (taxıl, qarğıdalı, çoxillik otlar və s.) sonra səpilmiş taxıl sahələrində bitkilər artıq kollanma mərhələsindədir. Pambıq və digər gec yığılan sələflərdən (tütün, soya və s.) sonra aparılmış səpinlərdə isə bitkilər hələlik kollanma mərhələsinə daxil olmamışdır.
Taxıl səpini gecikən fermerlərə sələf bitkisi yığıldıqdan sonra sahəni dərindən şumlamaq məsləhət bilinmir. Bu zaman sahədə iri kəltənlər alınır ki,onların xırdalanması üçün müəyyən vaxt tələb olunur. Bu isə səpini daha çox  gecikdirə bilər. Odur ki,  belə sahələrdə səpinqabağı ağır diskili mala ilə 8-10 sm dərinlikdə səthi becərmə aparmaq daha yaxşı nəticə verir. Belə ki, göstərilmiş üsulla becərilmiş sahələrdə aparılmış səpinlərdən gümrah cücərtilər alınır ki, bu da məhsuldarlığın yüksəldilməsində özünü göstərir. Səpini gecikmiş sahələrdə əsasən yazlıq xassəli (Qobustan, Əsgəran, Qarabağ-22)  taxıl sortlarının səpilməsi və səpin normasının 20-25 % artırılması tövsiyə olunur.
Səpilmiş sahələrdə cücərtilər həddən artıq seyrəkdirsə və yaxud bu və ya digər səbəblərdən bitkilər məhv olmuşdursa, onda həmin sahələrdə əkilmiş sortlardan istifadə etməklə təkrar səpin  aparıla bilər. Təkrar səpin zamanı cücərtilərin tez alınması və inkişafı üçün hektara 80-100 kq ammofos gübrəsinin verilməsi məsləhətdir.
Tam cücərti alınmış taxıl sahələrində fermerlər tərəfindən vahid sahədə bitkilərin miqdarı müəyyənləşdirilməli və onların səpilmiş toxumların miqdarına uyğun gəlib-gəlməməsi müəyyən edilməlidir. Zəif çıxış alınmış sahələrdə seyrəkliyi aradan qaldırmaq üçün bu sahələrə aşağı normada təsiredici maddə hesabı ilə hektara 45-50 kq azot gübrəsinin verilməsi yaxşı nəticə verir. Belə ki, verilmiş azot gübrəsinin təsiri ilə bitkilərin kollanması güclənməklə seyrəklik nisbətən aradan qalxır.
Aparılmış müşahidələr göstərir ki, erkən səpilmiş taxıl sahələrində sələf  bitkisindən asılı olaraq, xüsusi ilə taxıllardan sonra səpin aparılan sahələrdə havaların mülayim və yağmurlu keçməsi ilə əlaqədar olaraq ikiləpəli və çoxillik alaq otları (qanqal, adi turpəng və s.) yayılır. Odur ki, belə sahələrdə ikiləpəli  alaqlara qarşı nəzərdə tutulmuş herbisidlərdən biri ilə çiləmə aparmaq məqsədə uyğun hesab olunur.
Kollanmanın müşahidə edildiyi sahələrdə əgər səpindən sonra tarlada səpsuvar aparılmayıbsa, onda həmin sahələri aşağı su normasında (550-600 m 3 /ha) suvarmaq məsləhətdir.

Havaların mülayim keçməsi ilə əlaqədar olaraq yonca və taxıl sələfindən sonra taxıl sahələrində siçana bənzər gəmiricilər yayıla bilər ki, bunlar da taxıl cücərtilərinə ciddi ziyan vura bilərlər. Dəstə halında yaşayan bu gəmiricilər aran və dağətəyi rayonlarda geniş yayılmışdır. Bunlara qarşı mübarizə məqsədi ilə avtol və ya bitki yağı qarılşırılmış 10 %-li sink-fosfidlə zəhərlənmiş dəndən istifadə olunur. Hər işçi yuvaya 0,5-1,0 qram hesabı ilə zəhərli dən qoyulur. Siçana bənzər gəmiricilər hazırlanmış aldadıcı yemi yeyərək məhv olurlar. Taxıl becərən fermerlər göstərilən tədbirlərə əməl etməklə səpin əməliyyatını müvəffəqiyyətlə başa çatdıra bilərlər. Səpinlə bağlı bütün tədbirlərin başa çatdırılmasından sonra fermerləri qarşıda daha vacib vəzifə - bitkilərin qışlamasını daha yaxşı təmin etmək vəzifəsi gözləyir.


Məzahir Rzayev
İnstitutun Davamlı Əkinçilik və
Bitki Diversifikasiyası şöbəsinin
rəhbəri, aqrar elmləri
üzrə fəlsəfə doktoru, dosent

© 2020 Əkinçilik ETİ