Xəbərlər

Azərbaycan, Türkiyə və Rusiya elmi-tədqiqat institutları arasında elmi mübadilə perspektivləri müzakirə edilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və Rusiya elmi-tədqiqat institutları arasında onlayn görüş keçirilib. 
Görüşdə Azərbaycan tərəfdən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, institutun əməkdaşı Həlimə Məmmədova, Türkiyədən Adana Şərqi Aralıq dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun direktoru Dr. Abdullah Çil, institutun “Biotexnologiya” laboratoriyasının müdiri Dr. Ayşe Nuran Çil və laboratoriyanın əməkdaşı xanım Hacer Burun, Rusiya tərəfindən isə Federal Araştırmalar Mərkəzi, Nikolay İvanoviç Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatlar İnstitutunun (VİR) “Yağlı bitkilər” şöbəsinin baş elmi işçisi, e.d. Vera Alekseevna Qavrilova, “Dənli bitkilər” şöbəsinin aparıcı elmi işçisi, e.d. Eduard Boliloviç Xatefov, P.P.Lukyanenko adına Milli Taxıl Mərkəzinin “Qarğıdalı” şöbəsinin müdiri, e.d. Аnatoliy İvanoviç Suprunov, Nalçik Kənd Təsərrüfatı İnstitutunun direktoru, e.n. Muxammed Xasanoviç Jikamuxov, “Qarğıdalı seleksiyası” şöbəsinin müdiri e.n. Safar Paxauoviç Appayev, "Otbor" aqro şirkətin direktoru e.n. Rəsul Azret-Aliyeviç Knyazev, şirkətin elmi işlər üzrə direktor müavini e.n. Ruslan Najmudinoviç Abubekirov iştirak ediblər.
Tanışlıq məqsədi daşıyan görüşdə aqrar sahənin müxtəlif istiqamətlərində, o cümlədən taxılçılıq,  günəbaxan  və qarğıdalı bitkiləri üzrə elmi-tədqiqatların və layihələrin birgə aparılmasının mümkünlüyi, bitki genofondu kolleksiyası və sayı, yerli və dünya  genofonduna aid nümunələrin toplanması, mühafizəsi, tədqiqi, seleksiya üçün ilkin materialın artırılması, yeni sortların yaradılması və s. istiqamətdə fəaliyyətlər barədə fikir mübadıləsi aparılıb. Biotexnologiya, seleksiya və genetika yönümlü tədqiqatlardan bəhs edilib, institutlar arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Müzakirələrdə biotexnologiya və seleksiya üzrə dövrün tələbinə uyğun ehtiyac duyulan tədqiqatların aparılması məsələlərinə də toxunulub. Azərbaycan şəraitində fərqli lokasiyalarda (3 və 4), toxum mübadiləsi həyata keçirməklə tədqiqatların aparılması haqqında danışılıb.
Görüşün nəticələrini yüksək dəyərləndirən tərəflər əməkdaşlığa dair iş birliyinin qurulması barədə ilkin razılaşma əldə ediblər.
© 2020 Əkinçilik ETİ