Sortlar

QAYIDIŞ

Yumşaq buğda sortu

Sort müəllifləri: Abdullayev A.M., Xudayev F.A., Rüstəmov X.N., Hacıyeva S.K., İbrahimov E.R., Həsənova  Q.M., Babayev İ.M.

Qısa ümumi xarakteristikası : Qayıdış sortu Lutescens növmüxtəlifliyinə aid olub, sünbülü silindrik formada, ağ rəngdə, dəni qırmızıdır. Kollanma fazasında yarpaqları və sünbülcük pulcuqları tüksüz, göy rəngdə olub zəif mum təbəqəsi ilə örtülmüşdür. Sümbülcüklər sünbül oxunda orta sıxlıqda yerləşmişdir. Sümbülcük pulcüğu oval formada olub, kili zəif inkişaf etmiş, sinirlənməsi zəif, pulcuğun dişciyi dimdikvari, çiyni qalxmış formadadır.

Sünbülü uzun (9,4-10,1sm),orta sıxlıqla (20,6-21,2 əd.sünbülcük) səciyələnir. Bir sünbüldə dənlərin sayı 45,5-56,2 ədəd olmaqla üç illik orta göstəricisi 52,3ədəd təşkil edir. 1000 dənin kütləsi 38,6-42,6 q.təşkil edir. Dəndə zülalın miqdarı 12,2-14,4%, kleykovinanın miqdarı 31,2-%-ə qədər yüksələ bilir.

Dənin şüşəvariliyi yüksəkdir (68,0-90,0%). Sort orta boyludur (79,0-92,5 sm) üçillik orta 86,7 sm) və yüksək kollanma əmsalına 3,8-4,1 əd.malikdir. Yüksək aqrofonda yatmaya davamlıdır, orta yetişkəndir (orta 212,0 gün).

Qayıdış sortunun məhsuldarlığı üç illik müsabiqəli sortsınağının nəticələrinə görə orta 59,3s/ha (58,4; 66,4; 53,2s/ha) olmuşdur ki, bu da standart Qırmızıgül 1 sortunun eyni göstəricisindən(58,0s/ha) 1,3 s/ha çoxdur. Potensial məhsuldarlığı 66,9 s/ha olmuşdur.

Sort tədqiqat illərində sarı və qonur pasa qarşı davamlılıq göstərmişdir.

Rayonlaşdırılması nəzərdə tutulan zonalar: Sortun suvarılan düzən və dağətəyi dəmyə bölgələrdə becərilməsi təklif olunur

© 2020 Əkinçilik ETİ