Xəbərlər

Türkiyədə “Əkinçilik Strukturları və Suvarma” mövzusunda beynəlxalq konfrans keçirilib

Türkiyənin Diyarbəkir şəhərində “Əkinçilik strukturları və suvarma” mövzusunda beynəlxalq konfrans və seminar keçirilib. Tədbir ümumilikdə aqrar, bitkiçilik və suvarmanın kritik tərəflərini geniş şəkildə əhatə edib. Konfrans və seminar dünyanın digər ölkələri ilə, xüsusilə suvarma, iqlim dəyişikliyi, quraqlıq və su idarəçiliyi, ölkələrin, regionların və aidiyyəti qurumların beynəlxalq əlaqələrinin inkişafına dair məlumatları əks etdirib.

Tədbirdə 26 müxtəlif ölkədən 63-dən, Türkiyədən isə 244-dən çox nümayəndə iştirak edib.

İştirakçılar ekspertlər, tədqiqatçılar, müəllimlər, tələbələr, qeyri-hökumət təşkilatları və özəl sektor nümayəndələrindən ibarət olub.

5 gün davam edən konfrans və seminarda elmi məruzələr və posterlər nümayiş olunub, Böyük Tarla Festivalı, Mardin və Şanlıurfa vilayətlərinə səyahət təşkil olunub.

Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası” şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov iştirak edib. Onun məqaləsinə konfransın elmi-təşkilat komitəsinin üzvləri tərəfindən müsbət rəy verilib. Təqdim edilən məqalə yüksək səviyyədə dəyərləndirilərək konfransın əsas bölməsində yer alıb. T.Təmrazov Beynəlxalq Konfransda “Study Of The Main Morphophysiological Indicators of Drought-Resistant, High-Yielding Wheat Genotypes (Quraqlığa davamlı, yüksək məhsuldar buğda genotiplərinin əsas morfofizioloji göstəricilərinin tədqiqi)” mövzusunda çıxış edib.

Konfransın yekununda sertifikat təqdim olunub.

© 2020 Əkinçilik ETİ