Xəbərlər

Əkinçilik ET İnstitutu Bakıda keçirilən kənd təsərrüfatı və qida sərgisində iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu 18-20 may tarixində Bakıda keçirilən 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgisində iştirak edib. Elmi-Tədqiqat İnstitutları üçün ayrılmış pavilyonda institutun rayonlaşmış yeni buğda, arpa sortlarının dərzləri, toxumları, həmçinin institutun patentlə mühafizə olunan yumşaq buğda sortlarından bişirilmiş çörəklər nümayiş olunub. Müxtəlif yem bitkilərindən hazırlanmış silos nümunələri, amarant və kinoa bitkisinin cücərdilmiş nümunələri, salatlarda kinoa və amarant dəninin cücərtiləri, yonca, xaşa və digər yem bitkilərinin xüsusi qablarda müəyyən fazalarda nümayişi, amarant çörəyi və yemi, kinoa və lavandanın qurudulmuş bitki nümunələri, amarant və kinoanın unu, mədəni otlaq nümunələri və s. sərgilənib. Nümayiş etdirilən müxtəlif bitki sortları və nümunələr sərgi iştirakçılarının böyük marağına səbəb olub.
“Caspian Agro 2022” sərgisi çərçivəsində “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri” mövzusunda panel sessiya keçirilib. Sessiyada İnstitutun direktoru Faiq Xudayev mövzu ilə bağlı çıxış edib. Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© 2020 Əkinçilik ETİ