Məqsəd və vəzifələr

Bu gün Əkinçilik ET İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, çəltik,  arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək və s.) və yem (yonca, xaşa və s.) bitkilərinin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərinin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi kimi geniş və əhatəli məqsəd durur. İnstitutda buğda və çəltik, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri, davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində bərk və yumşaq buğdaların, çəltiyin, arpanın, qarğıdalının, noxudun, mərciməyin, yonca və xaşanın seleksiya və toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə bağlı kompleks tədqiqatlar aparılır. Əkinçilik ET İnstitutu birgə tədqiqatların aparılması, toxum materialının mübadiləsi və kadr hazırlığı sahələrində Beynəlxalq mərkəzlər, xarici və yerli institutlar ilə elmi əməkdaşlıq qurmuşdur. Buğda və çəltik, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri davamlı əkinçilik və bitki diversifikasiyası proqramlarının məqsəd və vəzifələrinə uyğun olaraq institutun tədqiqat prioritetləri aşağıdakılardan ibarətdir:

  • Dənli taxıl, paxlalı və yem bitkiləri genofondunun toplanması və tədqiqi;
  • Biotik və abiotik stres amillərə davamlılıq;
  • Keyfiyyətin yüksəldilməsi;
  • Məhsuldarlığın artırılması;
  • Otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi;
  • Yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi;
  • Torpaq və su ehtiyatlarından səmərəli istifadə.

İnstitutun vəzifələrinə aşağıdakı tədqiqat fəaliyyətləri daxildir:

  • Yerli və introduksiya olunmuş rüşeym plazmalarının qiymətləndirilməsi, seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni dənli, dənli-paxlalı və yem bitkiləri sortlarının yaradılması;
  • Bitkilərin abiotik və biotik stres amillərə (quraqlığa, yüksək temperatura, duza, qışa, xəstəliklərə və s.)  qarşı davamlılığının artırılması;
  • Müasir texnologiyaları tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi;
  • Ölkənin yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi;
  • Respublikada mövcud olan yem bitkilərinin keyfiyyət göstəricilərinin öyrənilməsi və yem rasionlarının hazırlanmasında istifadəsi;
  • Yüksək kondisiyalı orijinal, superelit və elit toxumların istehsalı;
  • Yeni sort və texnologiyaların yayımına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində informasiya məsləhət mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi.

     Bu məqsədlə hər il institutun mandatına daxil olan 12-15 min tərtibində dənli, dənli-paxlalı, yem və texniki bitki nümunələrinin tədqiqi ilə bağlı 65-70 hektarda tarla təcrübələri qoyulur.

© 2020 Əkinçilik ETİ