Xəbərlər

“Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə institutun Şəki Dayaq Məntəqəsində “Taxılçılıqda yeni sortlar və innovativ becərmə texnologiyaları” mövzusunda tədbir keçirilib. Tədbirdə ƏETİ-nin direktoru Faiq Xudayev, Şəki şəhər İcra Hakimiyyətinin nünayəndəsi, Şəki şəhəri Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Şamilov, ƏETİ-nin istehsalat üzrə direktor müavini Qərib Novruzlu, Şəki Dayaq Məntəqəsinin direktoru Qeysər Fərəcov, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir neçə şirkətlərin təmsilçiləri və taxılçılıqla məşğul olan fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki şəhəri Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Şamilov son illərdə baş verən iqlim dəyişikliyinin taxılçılığa təsiri və fermerlərin taxıl sortlarına olan tələblərinin dəyişilməsi məsələsinə toxunub. O, qeyd edib ki, yüksək məhsuldarlıqla yanaşı, sortun həm də quraqlığa davamlı və tezyetişən olması vacib şərtdir. A.Şamilov həmçinin taxılçılıqda resurslara qənaət etmək üçün yeni və innovativ becərmə texnologiyalarına keçidin zəruriliyini vurğulayıb.
ƏETİ-nin direktoru Faiq Xudayev çıxışı zamanı ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində məhsuldar və keyfiyyətli yeni taxıl sortlarının əhəmiyyətini vurğulayıb. O, həmçinin seleksiya proqramının əsas istiqamətlərindən bəhs edərək bildirib ki, arzuolunan əlamətlərin yaradılan yeni taxıl sortlarına daxil edilməsində fermerlərin istəkləri nəzərə alınır. Məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi üçün müasir resursqoruyucu texnologiyalar, o cümlədən tirəli səpin və suvarma suyuna qənaət edən texnologiyaların tətbiqi istiqamətində elmi-tədqiqat işləri aparılır.
Tədbirdə çıxış edən ƏETİ-nin istehsalat üzrə direktor müavini Qərib Novruzlu institut tərəfindən yetişdirilən yeni taxıl sortlarının toxumçuluğundan danışıb. O, toxumçuluqda sort təmizliyinin təmin edilməsində ilkin toxumçuluğun düzgün təşkilinin vacibliyini vurğulayıb.
Tədbirdə iştirak edən fermer Elxan İlyasov cıxışı zamanı bildirib ki, taxılçılıq sahəsində fəaliyyətin səmərəli təşkili məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
Sonda müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, taxıl əkinlərinə baxış keçirilib.
© 2020 Əkinçilik ETİ