Xəbərlər

Yay şumunun vaxtında və keyfiyyətli aparılması məhsuldarlığı artırır

Şumdan sonra təkrar əkinlər fermerlərin gəlirlərinin artmasına səbəb olur

Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində aqrotexniki əməliyyatların vaxtında və düzgün aprılması, həmçinin məhsul yığımından dərhal sonra torpağın növbəti əkin üçün hazırlanması məhsuldarlığı artırır. Məhz bu səbəbdən fermerlərimiz bu il biçindən sonra yay şumu aparmağa daha çox maraq göstərir. Hazırda bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması prosesi davam edir.

Yay şumunun əhəmiyyəti və üstünlükləri barədə fermerlərin maarifləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) “Yay şumunun aparılması və təkrar əkin” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Tərtər Bölgə Təcrübə Stansiyası, Bərdə Regional Təlim Mərkəzinin nümayəndələri, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlər və bu rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova bildirib ki, biçindən sonra şumun aparılmasının gecikdirilməsi torpaqda olan nəmliyin azalmasına, şum zamanı iri kəltənlərin əmələ gəlməsinə və torpaqbecərmə əməliyyatlarının artmasına səbəb olur ki, bu da həm məhsuldarlığı, həm də iqtisadi səmərəliliyi aşağı salır.  Bundan başqa, yay şumunun becərmə dövründə fermerlərin əkin məsrəfinin azalması, həm də növbəti mövsümdə daha çox məhsul götürməsi baxımından mühüm əhəmiyyəti var. Yay şumu torpağn strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir.

Mütəxəssislər yay şumundan sonra sahələrdə təkrar əkin aparılmasını tövsiyə edir. Təkrar əkin üçün bəzi tərəvəz bitkiləri, eləcə də qarğıdalı, soya və tezyetişən pambıq sortlarından istifadə məqsədəuyğun sayılır. Tərtərli fermer Valeh Səfərov da məhsul yığımından sonra növbəti əkinə hazırlığa dərhal başlanılmasının faydalı olduğunu deyir. O, ötən il taxıl biçinindən sonra sahəsində təkrar qarğıdalı əkdiyini və bol məhsul əldə etdiyini vurğulayır. Tərtərli fermer ötən il olduğu kimi bu il də təkrar qarğıdalı əkini aparmaq üçün hazırlıq görür.

Mütəxəssislər sahələrdən bol məhsul götürülməsində iki amilin önəmli rol oynadığını vurğulayır. Onların fikrincə, əkin materialı kimi sertifikatlı toxumdan istifadə edilməsi və sahələrə düzgün aqrotexniki qulluq məhsuldarlığı artırır.

Qeyd edək ki, fermerlər mövcud iqlim dəyişikliyi və su çatışmazlığı şəraitində təklif edilən texnologiyaya böyük maraq göstəriblər. Tədbirdə yay şumunun aparılması ilə təkrar qarğıdalı səpininin həyata keçirilməsi fermerlərə əyani şəkildə göstərilib.  

© 2020 Əkinçilik ETİ