Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yubiley tədbiri keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 1957-ci il təvəllüdlü Əliyeva Minurə Firuddin qızının yubiley mərasiminə həsr edilən tədbir keçirilib. 
Yubiley tədbirində institutun direktoru Faiq Xudayev çıxış edərək Minurə Əliyevanı zəhmətsevər, qayğıkeş həmkar və mehriban insan kimi xarakterizə edən cəhətlərdən söz açıb, yubilyarın kollektivə münasibəti və davranışının gənclər üçün örnək mahiyyətini qeyd edib.
O həmçinin bildirib ki, Minurə Əliyeva 1978-ci ildən hazıra kimi Əkinçilik institutunun “Dənin keyfiyyəti” laboratoriyasında laborant, böyük laborant, “Təsərrüfat” şöbəsində böyük aqrotexnik kimi fəaliyyət göstərib. 1980–ci ildə Sumqayıt Kimya Texnologiya Texnikomunu müvəffəqiyyətlə bitirərək texnik, texnoloq ixtisasına yiyələnən M.F.Əliyeva, ona tapşırılan işlərin vaxtında və səylə yerinə yetirməsinə görə kollektiv arasında hörmət qazanıb. 
Həmkarları da çıxışlarında Minurə Əliyeva haqqında öz ürək sözlərini, arzularını səsləndirib.
Sonda yubilyar xoş sözlərə və ona göstərilən diqqətə görə institutun rəhbərliyinə öz təşəkkürünü bildirib.
Əkinçilik ET İnstitutunun kollektivi ömrünün müdriklik çağına qədəm qoyan, heç kimdən köməyini əsirgəməyən qayğıkeş insan, əməksevər və intizamlı həmkar, nümunəvi ailə başçısı, mehriban ana, nənə - Əliyeva Minurə Firuddin qızını əlamətdar yubiley – anadan olmasının 65 illiyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, həyatda şirin nemət olan möhkəm can sağlığı və daim gümrah olmağı arzulayır.
© 2020 Əkinçilik ETİ