Xəbərlər

Çəltik tədqiqatı sahəsində Pakistanla əməkdaşlıq müzakirə edilib

“Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Əkinçilik ET İnstitutu tərəfindən tədbirlərin görülməsi davam etməkdədir. Ölkədə əhalinin çəltiyə olan tələbatının yerli istehsal hesabına ödənilməsini hədəfə alan Proqramda yerli məhsuldar çəltik sortlarının yaradılması xüsusilə vurğulanmışdır.
Bu gün Dövlət Toxum Fondunun, Əkinçilik ET İnstitutunun və Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının rəhbər şəxsləri və əməkdaşları arasında onlayn formatda toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri, professor Qulam Məhəmməd Əli bildirib ki, çəltik dünya əhalisinin qidaya artan tələbatının ödənilməsində mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən çəltik Pakistanın kənd təsərrüfatında ən strateji bitki hesab olunur. Bu gün keçirilən ikitərəfli görüş bu sahənin daha da inkişaf etdirilməsinə gətirib çıxaracaq.
Tədbirdə çıxış edən ƏETİ-nin direktoru Faiq Xudayev çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, ölkəmizdə çəltikçiliyə göstərilən dövlət dəstəyi barədə tədbir işrakçılarına məlumat verib.
Daha sonra çıxış edən Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov bildirib ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişaf etdirilməsi, əhalinin düyüyə olan tələbatının daxili istehsal hesabına ödənilməsi, çəltikçilik sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi istiqamətində son illərdə bir sıra əhəmiyyətli tədbirlər görülüb. Qeyd olunub ki, Azərbaycanda aqrar sahənin inkişafı, o cümlədən çəltik istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir.
Tədbirdə Azərbaycanda çəltikçiliyin mövcud vəziyyəti ilə bağlı təqdimatlar olub. Təqdimat ətrafında geniş müzakirələr aparılıb və yeni çəltik sortlarının yaradılması, toxumçuluq sisteminin təşkili və kadr hazırlığı sahəsində Pakistanla əməkdaşlıq imkanları araşdırılıb. Tədbirin nəticəsi olaraq, çəltikçilik sahəsində əməkdaşlığın davam etdirilməsi məqsədilə hər iki tərəfdən əlaqələndirici qurumların müəyyən edilməsi və əlaqələrin koordinasiya edilməsi barədə razılığa gəlinib.
© 2020 Əkinçilik ETİ