Xəbərlər

İnstitutun əməkdaşları Türkiyə Respublikasında keçirilən “Genom editing” nəzəri və praktiki təlimdə iştirak ediblər

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Aygün İsrayilova və Nurlan Əmrahov Türkiyə Respublikası İzmir şəhərində yerləşən İzmir Yüksək Texnoloji İnstitutu (İYTE) tərəfindən təşkil edilmiş “Genom editing” (Genom redaktəsi) nəzəri və praktiki təlimdə iştirak ediblər.
Təlim genom redaktəsi üzrə təcrübəli mütəxəssislər olan Prof. Sami Doğanlar, Prof. Anna Frary, Dr. Hatice Şelale və Dr. Asena Akköse Baytar tərəfindən aparılıb. Təlim zamanı genom redaktəsi texnologiyasının bitkilərdə təşkili, bitkilərin müxtəlif stress faktorlarına davamlılığının artırılması məqsədilə neqativ genlərin təyin edilərək mutasiya olunması, laboratoriya şəraitində plazmid konstruksiyası və bakteriyaya yeridilməsi, bitki hüceyrələrinin transformasiyası ilə müxtəlif stresslərə davamlı genotiplərin yaradılması haqqında geniş teoretik və praktiki biliklər əldə olunub. 
Həmçinin genom redaktəsi texnologiyası vasitəsilə nöqtəvi mutasiyaların icra edilməsi, gen bərpası və söndürülməsinin rolu nəzəri və praktiki olaraq göstərilib, bitkilərdə CRISPR/Cas 9 rolu və sgRNA (bələdçi RNT) dizayn olunması üsulu izah edilib. Müxtəlif internet resursların istifadəsi ilə (Crispor, Blast, Ensemble, NCBİ, PCSB PDB) genlərin seçimi, sgRNA dizaynı, Ti plazmidin qurulması və işləmə prinsipləri barəsində məlumat əldə olunub.
© 2020 Əkinçilik ETİ