Xəbərlər

Əkinçilik ET İnstitutu Ağdaş rayonunda keçirilən ilin ilk Aqrar İnnovasiya Festivalında iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib. Ağdaş Yem Fabrikinin ərazisində təşkil olunan festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, Mərkəzi Aran iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri, elmi-tədqiqat institutları, mütəxəssislər, alimlər, aqrar sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) əməkdaşları da iştirak ediblər.
Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib. 
Tədbirdə həmçinin, məhsuldarlığın artırılmasında əhəmiyyətli rol oynayan müxtəlif gübrə və pestisidlər, texnika və aqreqatlar nümayiş olunub, qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, kənd təsərrüfatının inkişafına hədəflənən prioritet istiqamətlər üzrə məlumat sessiyaları baş tutub.
Tədbirdə ƏETİ-nin mandatına daxil olan bitki nümunələri, yumşaq və bərk buğda, arpa, vələmir, çovdar, kinoa, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras, nümunələrdən bişirilmiş çörəklər və digər məhsullar nümayiş olunub.
İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.
© 2020 Əkinçilik ETİ