Xəbərlər

8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin açılışı zamanı vətən uğrunda həlak olan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru Faiq Xudayev 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi, qadın hüquq və azadlıqları, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatında və gələcək nəslin tərbiyəsində misilsiz rolu haqqında məlumat verib. O, institutda çalışan əməkdaşların əksəriyyətinin qadınlar olduğunu bildirib. 

F.Xudayev 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadın əməkdaşları səmimi qəlbdən təbrik edib və müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi naminə işlərində müvəffəqiyyətlər arzulayıb.

O, qadınların əməyini yüksək qiymətləndirərək ƏETİ-nin elmi və ictimai həyatındakı səmərəli fəaliyyətinə görə, bir qrup qadın əməkdaşlara Təşəkkürnamə və Fəxri Fərman təqdim edib.

Tədbirdə iştirak edən digər əməkdaşlar da təbriklərə qoşularaq qadınlara xoş arzularını bildiriblər.

© 2020 Əkinçilik ETİ