Xəbərlər

Əkinçilik ET İnstitutu Xaçmaz rayonunda keçirilən növbəti Aqrar İnnovasiya Festivalında iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonunda Olimpiya İdman Kompleksinin ərazisində növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, ətraf bölgələrin fermerləri, elmi-tədqiqat institutları, mütəxəssislər, alimlər, aqrar sahədə fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, həmçinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) əməkdaşları da iştirak ediblər.
Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri, eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib. 
Tədbirdə həmçinin, bölgəyə uyğun kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı aqrar sahədə ixtisaslaşmış iri şirkətlər öz uğurlu təcrübələrini, habelə təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları fermerlərlə bölüşüblər. İnnovasiya festivalında bölgənin prioritet kənd təsərrüfatı məhsulları və aqrar sahənin inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər üzrə təlimlər keçirilib, maarifləndirmə işləri icra olunub.
Tədbirdə ƏETİ-nin mandatına daxil olan, həmcinin patentləşmiş və rayonlaşmaya təqdim olunan bitki nümunələri, yumşaq və bərk buğda, arpa, vələmir, çovdar, kinoa, yonca, darı, amarant, sorqo, raps, xaşa, rayqras bitkilətinin toxumları və bu nümunələrdən bişirilmiş çörəklər və digər məhsullar nümayiş olunub.
İnstitut tərəfindən nümayiş olunan nümunələrə aid fermerləri və festival iştirakçılarını maraqlandıran suallar institutun əməkdaşları tərəfindən ətraflı olaraq cavablandırılıb.
© 2020 Əkinçilik ETİ