Xəbərlər

İnstitutun direktoru “Aqrar sahədə əməyin mühafizəsi” mövzusunda keçirilən konfransda iştirak edib

Ümumdünya əməyin mühafizəsi günü münasibətilə “Aqrar sahədə əməyin mühafizəsi” mövzusunda konfrans keçirilib.

Konfransda Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Kənd Təsərrüfatı Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi, Dövlət Əmək Müfəttişliyi Xidməti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Əmək Təşkilatının (BƏT) Azərbaycan üzrə Nümayəndəliyinin əməkdaşları və Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının nümayəndələri, o cümlədən Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev iştirak ediblər.

Tədbiri giriş sözü ilə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov açıb. Konfransda BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov çıxış ediblər. Konfrans “Əməyin mühafizəsi sahəsində sosial tərəfdaşlar arasında əməkdaşlıq” və “Aqrar sahədə əməyin mühafizəsi” mövzularına həsr edilmiş panel müzakirələrlə davam edib.

Sonra əməyin mühafizəsinin təşkili mövzusu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Tədbirin sonunda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının və özəl müəssisələrin nümayəndələri fəxri diplomlarla təltif olunublar.

Xatırladaq ki, konfransın keçirilməsində əsas məqsəd bərabərlik və təhlükəsizlik şəraitində layiqli, məhsuldar əməyin tətbiqi, dövlət və özəl müəssisələrdə əməyin təhlükəsizliyinin diqqətdə saxlanılması və sairədən ibarətdir.

© 2020 Əkinçilik ETİ