Xəbərlər

“Alimlər fermerlərin yanında” layihəsinin icrası davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri respublikamızın cənub bölgəsində həyata keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, bölgə fermerləri, fitopatoloqlar, aqrokimyaçılar, entomoloqlar və becərmə texnologiyası üzrə kadrlardan ibarət tədqiqat qrupu iştirak edib.

Sahə nümayişi çərçivəsində mobil mini laboratoriyadan istifadə etməklə topraqda NPK-nın (azot, fosfor, kalium), eləcə də PH-ın miqdarı mütəxəssislər tərəfindən yerindəcə təyin edilib və nəticəyə uyğun olaraq gübrə dozası müəyyən edilərək fermerə təqdim olunub.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, direktor müavinləri Fərman Kərimov, Əkbər Abbasov, şöbə müdiri Cavanşir Təlai bildiriblər ki, layihənin əsas məqsədi nazirlik tərəfindən son illər həyata keçirilən fermerə yaxınlıq siyasətinin reallaşmasına dəstək göstərmək, torpaq adamlarının məsləhət-informasiya xidmətinə olan ehtiyacının təmin olunması məqsədi ilə elm adamları ilə onlar arasında münasibətlər yaratmaq, birbaşa təsərrüfatlara səfər edərək aqrotexniki qulluq, bitki mühafizə, zootexniki, baytarlıq və digər sahələr üzrə tədbirlərin həyata keçirilməsində köməklik göstərməkdir. Layihənin əsas iştirakçıları Aqrar Elm və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 elmi-tədqiqat institutlarının, 48 təcrübə stabnsiyalarının və 9 regional aqrar elm və innovasiya mərkəzlərinin əməkdaşlarıdır.

Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də kənd təsərrüfatı məhsul istehsalçıları üçün tarla seminarlarının keçirilməsi nəzərdə tutulur.

© 2020 Əkinçilik ETİ