Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu fermerləri fəal əməkdaşlığa dəvət edir

Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat  İnstitutunun təşkilatçılığı ilə “Taxıl istehsalında mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda elmi-praktiki konfrans keçirilib. İnstitutun direktoru Faiq Xudayev bildirib ki, fermerlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması, onlara göstərilən məsləhət-informasiya xidmətinin yüksəldilməsi vacib hədəflərdəndir. Vurğulanıb ki, konfrans ölkədə taxılçılıq sahəsində qarşıda duran vəzifələr və gələcəkdə işlərin düzgün qurulmasında istiqamətləri müəyyən edəcək: “Buna görə də konfransda iştirak edən toxumçu fermerlərlər mövcud çətinliklərin həlli istiqamətində Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığa maraq göstərməlidirlər”.

Tədbirdə çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov müasir dövrdə alimlərlə fermerlərin bigə fəaliyyət göstərməsinin çox vacib olduğunu qeyd edib: “Alimlər fermerlərin yanında olmalı, elmdə qazanılan nailiyyətləri fermerlərə tövsiyə etməli, fermerlər isə yüksək və keyfiyyətli məhsul əldə etmək üçün bu tövsiyələrdən yararlanmalıdırlar”.

Konfransda Şamaxı, Ağsu, Xaçmaz, Qusar, İsmayıllı, Beyləqan rayonlarında fəaliyyət göstərən toxumçular və taxıl və toxum istehsalı ilə məşğul olan şirkət nümayəndələri çıxış edərək birgə əməkdaşlığın qurulması istiqamətində öz təkliflərini səsləndiriblər.

Konfrans institutun istehsalat üzrə direktor müavini Atif Zamanovun “Taxıl istehsalının artırılmasında aparılan tədbirlər paketinin əhəmiyyəti”, “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Xanbala Rüstəmovun “Azərbaycanda yeni buğda sortları, mövcud vəziyyət və prespektivlər”, “Dənin keyfiyyəti” laboratoriyasının müdiri Qətibə Həsənovanın “Yüksək keyfiyyətli məhsul alınmasının prespektivləri”, “Torpaq və bitki analizləri laboratoriyasının müdiri İmrəli Hacıməmmədovun “Taxıl bitkilərindən yüksək keyfiyyətli məhsul alınmasında torpaq analizlərinin əhəmiyyəti” mövzusunda təqdimatları ilə davam edirilib.

Konfransın sonunda iştirakçılara Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rayonlaşmış bitki sortları haqqında tanıtım çarxı  nümayiş etdirilib və yerli sortlar haqqında sərgi təşkil edilib. 

© 2020 Əkinçilik ETİ