Xəbərlər

“Makaron sənayesinin gücləndirilməsində yerli bərk buğda sortlarından istifadənin genişləndirilməsi” mövzusunda sərgi-konfrans keçirib

2020-01-31 tarixində Aqrar Elm və İnnovasiya Mərkəzinin  Əkinçilik Elmi-Tədqiqat İnstitutu istehsalçılarla əlaqələrin yaxşılaşdırılması məqsədi ilə “Makaron sənayesinin gücləndirilməsində yerli bərk buğda sortlarından istifadənin genişləndirilməsi” mövzusunda sərgi-konfrans keçirib.

Tədbirdə ölkənin əsas makaron istehsalçıları şirkətlərinin nümayəndələri, fermerlər və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri iştirak ediblər.  

İnstitutun direktoru Faiq Xudayev respublikamızda taxıl istehsalının artırılmasında Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rolundan danışaraq yerli sortlar haqqında geniş məlumat verib, onların üstünlüklərini diqqətə çatdırıb. İnstitutun istehsalat üzrə direktor müavini Atif Zamanov taxıl istehsalının artırılmasında aparılan tədbirlər paketinin əhəmiyyəti,  “Dənin keyfiyyəti laboratoriyası”nın müdiri Qətibə Həsənova makaron istehsalında buğda  sortlarının keyfiyyət  göstəriciləri,  “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Xanbala Rüstəmov bərk buğda istehsalı və yeni sortlar haqqında istehsalçılara məlumat veriblər.

Makaron məhsulları istehsalçısı olan şirkətin nümayəndəsi İlqar Əhmədov çıxış edərək Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Qarşılıqlı müzakirə zamanı qərara alınıb ki, əməkdaşlığın genişləndirilməsi üçün işçi qrupu yaradılsın. “Elmi-tədqiqat müəssisəsi olaraq bizim əsas marağımız istehsalçı şirkətlərin yerli buğda sortlarına yönəlməsini təmin etmək, bərk buğda əkinçiliyi ilə məşğul olan fermerlərin gəlirlərini artıraraq idxalı əvəz edən məhsulların istehsalını gücləndirməkdir”,- deyə Faiq Xudayev bildirib.

Konfrans çərçivəsində institutun yaratdığı bərk buğda sortlarının nümayişi keçirilib, istehsalçılara bu sortların sənaye üçün əhəmiyyəti haqqında geniş məlumat verilib.

Əkinçilik ETİ

© 2020 Əkinçilik ETİ