Xəbərlər

“Hibrid qarğıdalı toxumçuluğunun təşkili layihəsi müxtəlif torpaq-iqlim şəraitlərinə, stres amillərinə dayanıqlı yeni hibridlərin əldə edilməsinə imkan verəcək”

Ötən ildən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələşdirilmiş “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi həyata keçirilir. Layihə nəticəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda ciddi nəticələr əldə olunub.

Layihədə xarici ekspert qismində Türkiyənin Adana Tarımsal Araştırma İnstitutunun alimləri Dr. İbrahim Cerit və Dr. Gönül Cömertpay  iştirak ediblər. Azərbaycan tərəfdən isə Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, Əkinçilik ETİ-nin “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova təmsil olunublar. Layihə çərçivəsində ötən ilin  6 ayı ərzində (18 iyul-28 dekabr) ölkədə ilk dəfə İnnovativ Double haploid texnikası tətbiq edilərək yerli hibrid xətləri  əldə edilib. Texnologiyanın tətbiqi üçün xüsusi İnduzer xətlər vasitəsi ilə Türkiyədə əldə edilmiş haploid toxumlar ekspertlər tərəfindən Azərbaycana gətirilib, burada Əkinçilik ETİ-də laboratoriya şəraitində xüsusi qulluq tədbirləri ilə cücərdilərək alınmış cücərtilərə kolxisin maddəsi ilə təsir edilərək gen sayı ikiyə bölünərək dihaploid toxumlar əldə edilmişdi. Daha sonra bu toxumlar yenə laboratoriyada şitil halına gətirilərək  açıq sahəyə köçürülmüşdü. Təcrübənin aparıldığı vaxt soyuq aylara təsadüf etdiyinə görə, əkin aparılan istixana polietilen örtüyü ilə bağlanmışdı. Vegetasiya dövründə şitillərə bütün aqrotexniki qulluqlar göstərilmiş, hər bitkinin öz-özü ilə tozlanma işləri aparılmışdı. Nəticədə, ilk dəfə ölkəmizdə tətbiq olunmuş  Double haploid texnikası ilə 8 təmiz hibrid xətti əldə edilmişdir.

Bu xəttlər üzərində 2020-ci ildə də institutda tədqiqat davam etdirilir. Hazırda tədqiqatı layihənin icraçısı Həlimə Məmmədova  davam etdirir.   “Xarici ekspertlər Dr. İ. Cerit və Dr. G. Çömertpayla mütəmadi olaraq tədqiqatın gedişatı haqda məsləhətlər alırıq. Artıq alınmış xətlərin statistik analizləri aparılıb və toxumlar əkilib. Bu il xətlərin toxum sayının artırılması məqsədi ilə hər xəttin öz özü ilə tozlanması aparılacaq. Bundan əlavə xətlərin FAO-su (vegetasiya dövrü əkindən yığıma qədər), bitkinin morfoloji xüsusiyyətlərinin müşahidələri  aparılacaq. Daha sonra  layihə çərçivəsində ötən il boiotexnologiya laboratoriyasının qurulması üçün elan olunmuş tenderlə alınmış cihazlar və alınması nəzərdə tutulan praymer və reaktivlərlə növbəti etapın həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu il alınmış xətlərin genetik yaxınlıqlarını təsbit etmək üçün xüsusi testerlər vasitəsi ilə DNT markerlərlə analizlər aparılması nəzərdə tutulub. Növbəti  2021-ci ildə biotexnoloji analizlər nəticəsində əldə edilmiş genetik yaxınlıqlar  təsbit edildikdən sonra uzaq qohumluq dərəcəsi  olan xətlər arasında  ata və ana valideyin formaları seçiləcək və çarpaz  tozlanma aparılaraq artıq F1 hibrid toxumları əldə ediləcək.  Nəticə etibari ilə tədqiqatların nəticəsində  56 sayda hibrid qarğıdalı nümunələrinin alınması hədəflənir. Bu hibridlər arasında ən yaxşıları seçilərək dövlət reyestrinə təqdim olunacaq. Sonrakı mərhələdə reyestrdən keçəcək hibridlərin toxumçuluğu təşkil olunacaq və yaxin illərdə fermerlərimizə təqdim olunacaq.  Bu isə gələcəkdə respublikada qarğıdalı hibrid toxumlarının istehsalına böyük təkan verəcək və əlbəttdə ki, aldığımız hibridlər ölkənin hibrid qarğıdalı toxumundan asıllılığını xeyli azaldacaq”-deyə H.Məmmədova bildirib.

Onu da qeyd edək ki, Double haploid texnologiyasının klassik seleksiya üsullarından fərqi ilk növbədə 7-8 ildə əldə oluna biləcək hibridlər cəmi 2-3 ilə əldə olunur, ikinci  üstün cəhəti isə alınan xətlərin tam genetik təmizliyidir bu isə yüksək keyfiyyətli hibrid materialının əldə edilməsi deməkdir.

H.Məmmədova bildirib ki, Double haploid texnologiyası ilə çoxlu sayda Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitlərinə, abiotik və biotik stres amillərinə dayanıqlı yeni qarğıdalı hibridləri əldə edilə bilər. 

© 2020 Əkinçilik ETİ