Xəbərlər

Qarğıdalı bitkisinin becərilmə texnologiyası

Respublikamızda heyvandarlığın və quşçuluğun sürətli inkişafı dənli və yem bitkiləri istehsalının daxili imkanlar hesabına ödənilməsindən çox aslıdır. Bunun üçün yüksək məhsuldarlıqlı qarğıdalı sortlarının fermer təsərrüfatlarında səmərəli texnologiya əsasında geniş sahələrdə becərilməsi tələb olunur. Lakin əksər bölgələrdə fermerlər qarğıdalıdan yüksək və keyfiyyətli məhsul əldə edilməsində probləmlərlə üzləşirlər. Xüsusilə, fermerlər çox zaman öz sahələrində mənşəyi bilinməyən sort və hibridlərin toxumlarını səpirlər. Nəticədə məhsuldarlıq və gəlir aşağı olur.
Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasında seleksiya yolu ilə yaradılmış perspektivli və rayonlaşmış qarğıdalı sortlarının fermer təsərrüfatlarında tövsiyə edilən aqrotexniki qulluq işləri çərçivəsində əkməklə, yüksək məhsuldarlığa nail olmaq olar. Bunun üçün fermerlərə öz əkinlərində Əkinçilik ET İnstitutunun rayonlaşmış “Zaqatala yerli yaxşılaşdırılmış”, “Zaqatala-68”, “Zaqatala 514” və “Zaqatala 420” qarğıdalı sortlarının keyfiyyətli toxum materialından istifadə etmələrini məsləhət bilirik. Qarğıdalının Respublikamızın suvarılan aran və nəmliklə təmin olunmuş dəmyə rayonlarında əkilməsi tövsiyə edilir.
Əkin dövriyyəsində yeri: Qarğıdalı üçün ən yaxşı sələf payızlıq buğda, arpa, çovdar, dənli-paxlalılar, çoxillik yem, cərgəarası becərilən, tərəvəz bitkiləri hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq bitkilər üçün yaxşı sələfdir.
Torpağın becərilməsi: Qarğıdalı əkilən rayonların torpaq-iqlim şəraitləri bir-birindən kəskin fərqləndiklərinə görə seçilmiş sortlara uyğun aqrotexniki becərmə işləri tətbiq edilməlidir. Belə sahələrdə 25-30 sm dərinlikdə şum aparıldıqda torpağın su-fiziki xassələri yaxşılaşmaqla bitkinin inkişafı üçün su ehtiyatı toplanır və torpaqda aerasiya prosesi yaxşılaşır. Bu məqsədlə də qarğıdalı əkiləcək sahədə ilk əvvəl 8-12 sm dərinlikdə sələf bitkilərindən sonra üzləmə aparılır. Bu əməliyyatın aparılması bitki və kövşən qalıqlarının xırdalanmasına, torpağın üst qatının yumşaldılmasına, alaq otlarının toxumlarının cücərməsinə, nəmliyin saxlanmasına və s. proseslərə müsbət təsir edir.
Şumun üst qatının mala və yaxud rotorlu toxalarla yumşaldılması lazımdır, bu əməliyyatda torpaq yumşalır, dənəvərləşir, torpağın səthi hamarlaşır və alaq otları məhv edilir, toxumların bərabər dərinlikdə basdırılması təmin edilir. Axırıncı səpinqabağı becərmələr səpinə 2-3 gün qalmış qurtarmalıdır. Səpindən qabaq sahələr torpaq herbisidlərindən Randop, Metaloks verilməli və torpağa qarışdırılmalıdır.
Səpin müddəti və norması: Qarğıdalı istilik sevən bitki olduğundan torpaqda 8-100C istilik olduqda əkilməlidir. Torpaqda temperatur 10-120C olduqda kütləvi cücərtilər alınır. Bitkilərin normal inkişafı üçün optimal temperatur 20-250C hesab olunur. Müxtəlif torpaq-iqlim zonalarında qarğıdalının səpin müddətləri müxtəlifdir. Belə ki,aran rayonlarında optimal səpin müddəti aprelin 1-ci ongünlüyü, dağlıq və dağətəyi rayonlarda isə aprelin 3-cü ongünlüyü hesab olunur.
Respublikamızda becərilən qarğıdalı sortlarının səpin norması toxumun iriliyindən asılı olaraq 1000 ədəd dənin kütləsi 300-350 qram olarsa dən üçün hektara 45-50 min bitki hesabı ilə 17-20kq, silosluq üçün isə 22-25kq olmaqla hektara 65-70 min bitki olmalıdır. Sahədə cərgəaraları dən üçün 70sm, bitki araları isə 25sm (70x25), silos üçün 70x20sm sxemi götürülməlidir.
Torpaqda nəmlik normal olduqda toxumun basdırılma dərinliyi 8-10sm təşkil edir. Ağır mexaniki tərkibli torpaqlarda bu 6-7sm dərinliyə qədər azaldılmalıdır.
Cərgəaralarının becərilməsi: Qarğıdalının mexanikləşdirilmiş becərməsində onun suvarılması, 2-3 dəfə kultivasiyası, alaqlara qarşı mübarizə tədbirləri, seyrəldilməsi dibdoldurulmanın aparılmasının mühüm təcrübi əhmiyyəti vardır. Cərgə aralarında birinci kultivasiyanın 8-10 sm, ikincinin 6-8 sm, üçüncünün isə 5-6 sm dərinliklərdə aparılması müsbət nəticələr verir.
Gübrələnməsi: Qarğıdalı qida maddələrinə tələbkar bitkidir. O, bütün vegetasiya dövründə normal böyüyüb inkişaf etməsi və yüksək məhsul verməsi üçün üzvi və mineral gübrələrlə təmin edilməlidir. Bitkilərdə gedən fizioloji və biokimyəvi proseslərin tənzimlənməsində azot, fosfor və kalium elementlərinin xüsusi rolu vardır. Bu elementlər bitkilərin əsas qida elemenləri hesab olunur. İstər üzvi, istərsə də mineral gübrələr tətbiq edilərkən becərilən bitkinin bioloji xüsusiyyətləri, əkin sahəsi, torpağın aqrokimyəvi göstəriciləri və zonanın iqlim şəraiti nəzərə alınmalıdır. Böyümə və inkişafının ilk dövrlərində qarğıdalı azot və fosfora daha çox tələbkardır. Çox turş torpaqlarda qarğıdalı yaxşı inkişaf etmir. Onun normal inkişafı üçün torpaq mühitinin reaksiyası neytral olmalıdır (pH-6-7).
Hər hektar sahədən 50-60 sen. dən və ya 500-600 sen. yaşıl kütlə götürüldükdə məhsulla torpaqdan 150-180 kq azot, 50-60 kq fosfor və 150-160 kq kalium aparılır. Bu məqsədlə də qarğıdalı becərilən təsərrüfatlarda hektara üzvi gübrə 30-40 ton, təsiredici maddə hesabı ilə fosfor 90-100 kq, kalium 90kq şum altına, azot gübrəsi isə səpindən sonra yemləmə şəklində vegetasiyanın 2 mərhələsində 3-5 yarpaq və 7-8 yarpaq əmələgəlmə mərhələlərində 100 kq hesabı ilə verilməlidir.
Suvarılması: Hava şəraitindən asılı olaraq qarğıdalı vegetasiya müddətində 3-4 dəfə suvarılmalıdır. Hektara suvarma norması 600-800m3 təşkil edir. 1-ci suvarma bitkilərdə əsas rüşeym köklərinin formalaşması, 2-ci 15-16 yarpaqların əmələ gəlməsi, 3-cü süpürgələmə, 4-cü dəndolma dövrlərində aparılmalıdır. Dənin süd yetişmə dövründə suvarmanı dayandırmaq lazımdır.
Əsas xəstəlik və zərərvericiləri: Qarğıdalı becərilən bütün təsərrüfatlarda bitkinin məhsuldarlığına, onun keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri ziyanverici həşəratlar və xəstəliklərdir. Təbii-iqlim şəraitindən asılı olaraq müxtəlif bölgələrdə qarğıdalıda ziyanvericilərdən payız sovkası, qarğıdalı və çəmən kəpənəyi, zəlicə böcəyi, xəstəliklərdən tozlu və qovuqlu sürmə, helmintosporioz, gövdə, qıca və dəndə bakterioz, qıcalarda qırmızı sürmə, pas və s. geniş yayılaraq məhsuldarlığa ciddi ziyan vurur. Qeyd etmək lazımdır ki, qarğıdalı bitkisinin xəstəliklərinin 55-80%-i dən vasitəsi ilə keçir və ona görə də əsas mübarizə tədbirlərindən biri toxum materialının vaxtında keyfiyyətlə dərmanlanmasıdır. Bu məqsədlə təsərrüfatlarda səpiləcək qarğıdalı toxumu səpindən 25-30 gün qabaq “Alyans”, 75%-li vitavaks, 80%-li TMTD preparatı ilə 1 ton toxuma 1,5-2 kq hesabı ilə dərmanlanır. Bunun nəticəsi olaraq əkin sahələrində müşahidə edilən helmintosporioz, tozlu sürmə, bakterioz xəstəlikləri müşahidə olunmur və ya azalır. Digər xəstəliklərin yayılması iqtisadi ziyanlı həddinə çatmadığı üçün onlara qarşı mübarizə tədbirləri aparılmır.
Qarğıdalının əkin sahələrində müşahidə edilən çəmən və qarğıdalı kəpənəyi və digər ziyanvericilərə qarşı “Karate”, “B-58” preparatından işçi məhlul hazırlanaraq sahələrə çilənməlidir.
Nümayiş əkini aparılan rayonların fermer təsərrüfatlarında alaq otlarına qarşı mübarizə məqsədilə hektara 180-200 qram Lintur preparatını 300-350 litr suda həll edərək məhlul hazırlayıb sahələrə çilənməlidir.
Məhsulun yığılması: Dən üçün yığılan qarğıdalı toxumunun tərkibində nəmlik 27% olamlıdır. Qarğıdalı məhsulunun yığılmasında yeni texnikalardan “Nyu Holland”, “Xerson” kombaynlarından istifadə edilir. Qıcaların təmizlənib yığılması üçün SK-4, SK-5, “Niva” kombaynlarına PPK-4 tərtibatlı əlavə etməklə qıcadan dənləri ayırmaqla yığılır.

© 2020 Əkinçilik ETİ