Xəbərlər

Soyadan yüksək keyfiyyətli məhsul alınmasını təmin edən becərilmə texnologiyası

Bioloji xüsusiyyətləri. Soya istilik və rütubət sevən bitkidir. Çiçəklənmə və yetişmə dövründə daha yüksək, yəni 18-25 dərəcə temperatur tələb edir. Toxumlar 6-8 dərəcə temperaturda cücərir. Soyanın cücərtisi 2-5 dərəcə temperatur ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dəndolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15-40 gün, gec yetişən sortlarda isə 80 günə qədər davam edə bilər. Soya qısa gün bitkisidir.
Bitkinin tarixi. Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. O çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub, sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilir. Avropada nisbətən gec — XVII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər.
Əhəmiyyəti. Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir.
Dəndə 33-45% zülal, 25-27% yağ və 25-27% karbohidratlar vardır (hətta zülal 52%-ə də çatır). Soya becərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. Soya dənində olan zülal arpaya nisbətən 3,6, qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur.
Soyanı ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda, lak boyaq sənayesində də istifadə olunur. Dünyada bitki yağının istehsalına görə soya birinci yeri tutur. Onun payına 40%, günəbaxanın payına isə 18-20% düşür. Soyanı digər dənli-paxlalı bitkilərdən fərqləndirən onun zülalının amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməsidir. Lizin, triptofan və metionin kimi amin turşuları soyanın tərkibində vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya ununda 27 qram lizin vardır. Soya unu, jmıxı və cecəsi heyvanlar üçün çox dəyərli yemdir. Jmıxda 47%-ə qədər, unda isə 40%-ə qədər zülal vardır. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-338 qram həzm olunan protein olur. Ümumiyyətlə, soyadan 400-ə qədər müxtəlif növ məmulatlar alınır. Soyanı yaşıl yem və silos üçün də becərmək olar. Silos məqsədi üçün qarğıdalı və sorqo ilə qarışıq əkilir. Soyanın 100 kq yaşıl kütləsində 21 yem vahidi, 3,5 kq həzm olunan zülal vardır. Gövdəsinin (saman) 100 kq-da 32 yem vahidi, 5,3 kq zülal vardır ki, xırda davarlar (qoyun) tərəfindən yaxşı yeyilir. Ot üçün biçilmiş kütləsinin 100 kq-da 51 yem vahidi, 15,4% zülal, 5,2% yağ, 38,6% sulu karbonlar, 7,2% kül, 22,3% sellüloza vardır. Soya qiymətli yaşıl gübrə və əla sələf bitkisidir.
Soya əkiləcək sahənin seçilməsi və becərilməsi. Əsasən su ilə yaxşı təmin olunmuş şabalıdı, açıq-şabalıdı, boz–qonur torpaqlar və s. soya bitkisi üçün yararlıdır. Şoran və şorakət torpaqlardan başqa digər torpaqlar soya bitkisi üçün əlverişlidir. Soya PH=6,5-7,0 olan neytral reaksiyalı torpaqlarda daha yaxşı inkişaf edir.
Növbəli əkində soyanı taxıl, qarğıdalı və pambıq bitkisindən sonra əkmək olar. Soyanı soyadan, günəbaxandan, birillik dənli-paxlalılardan və çoxillik paxlalı yem otlarından sonra əkmək olmaz. Sələf taxıl bitkiləri olarsa, məhsul yığılan kimi küləş sahədən çıxarılmalı və 28-30 sm dərinlikdə şum aparılmalıdır.
Əgər soya qarğıdalıdan sonra əkilərsə, bu zaman sahə iki iz ağır diskli mala ilə disklənməli və bundan sonra əkin qatı dərinliyində (25-27 sm) şumlanmalıdır.
Gübrələmə. Soya gübrələnməyə həssas bitkidir. Təcrübələrlə müəyyən edilmişdir ki, soya 20 sentner dən məhsulu əmələ gətirmək üçün 142 kq N, 32 kq P2O5, 35 kq K2O mənimsəyir. Əsas şum altına P2O5 60-90 kq, K2O 30-54 kq verilməlidir.
Əkinşilik ET İnstitutunda aparılan təcrübələr göstərir ki, toxumlar nitraginlə yoluxdurulduqda hektara təsiredici maddə hesabı ilə 60 kq azot, yoluxdurulmadıqda isə 90 kq azot gübrəsi verilməlidir.
Azot gübrəsinin 30%-i səpinqabağı, qalan hissəsi yemləmə şəklində 2 dəfəyə, o cümlədən 40%-i çıxış alınandan 2-3 həftə sonra, 30%-i isə paxla əmələgəlmə və dənədolma dövründə, gübrələr gübrə səpən maşınla verilə bilər.
Səpin. Səpin üçün I sinfə aid olan toxumlar götürülməlidir. Səpin aprel ayının 3-cü və may ayının 1-ci ongünlüyündə aparıla bilər. Səpindən əvvəl toxum rizotorfinlə (nitragin) hektarlıq toxuma 200q hesabı ilə işlənməlidir. Həmin miqdar rizotorfin 1,2 l suda həll edilərək, toxuma çilənməlidir. Bakterioz, kök çürüməsi, aminomikoz, fuzarioz xəstəliklərinə qarşı mübarizə məqsədilə səpinə ən azı 3-4 həftə qalmış 1 ton toxuma 1-2 kq 70%-li taçiqran işlənməlidir. Məftil qurdlarına və bakterioz xəstəliyinə qarşı 1 ton toxuma 4,6 kq fentouramin işlətmək məsləhət görülür. Toxum PSQİ-5, PS-10, “Mobitoks” maşınlarında yarımquru üsulla dərmanlana bilər. Min dənin kütləsindən asılı olaraq hektara 50-60 kq (250-300 min ədəd) cücərə bilən toxum səpilməlidir. Soya gencərgəli nöqtəvi üsulla, yəni cərgəarası 60-70 sm olmaqla səpilə bilər.
Torpaq yazda VP-8, VPN-5,6 markalı hamarlayıcılarla və ya təsərrüfatın özündə hazırlanan alətlərlə üzdən hamarlanmalıdır.
Alaqlara qarşı mübarizə. Alaqlar göründükdə 6-8 sm dərinlikdə kultivasiya çəkilməlidir. Səpinə 1 həftə qalmış təsiredici maddə hesabı ilə 1,2-1,5 kq treflan herbisidi 200-300 l suya qarışdırılaraq POU, ON-400 və OBT-1 yerüstü çiləyicilərlə çilənməli və BDT-2,5 və ya BDT-3 markalı üzləyicilərlə 8-10 sm dərinlikdə torpağa qarışdırılmalıdır. Səpin əkin qatında temperatur 10-120S olduqda aparılır. Toxumlar arat olunmuş sahələrə səpilir. Arat olunmayan yerlərdə isə səpindən sonra dərhal suvarma aparılmalıdır. Səpin SZSŞ-3,6; SPÇ-6M; SZ-3,6; SZU-3,6 aqreqatlarla aparılır. Vegetasiya dövründə cərgəaraları 2 dəfə KRN-4,2 markalı kultivatorla yumşaldılmalıdır.
Xəstəliklərə və zərərvericilərə qarşı mübarizə. Vegetasiya dövründə cərgəaraları 2 dəfə KRN-4,2 markalı kultivatorla yumşaldılmalıdır. Vegetasiya müddətində tor gənəciyinə və yarpaqyeyən həşəratlara qarşı karbofos 30%-li emulsiyası ilə hektara 1-1,5 kq fosfomid və Bİ-58 preparatları ilə isə 1 kq normada çiləmə aparılır. Çiçəklənmədən sonra çiləmə kükürd tozu ilə əvəz edilir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.Suvarma. Kütləvi çiçəklənmə, paxlaların əmələ gəlməsi və dən dolmağa başladığı mərhələlərdə soya nəmliyə ən çox təlabat göstərir. Bitkinin normal inkişafı üçün bitki vegetasiya müddətində ən azı 4-6 dəfə suvarılmalıdır. Birinci suvarma budaqlanma, 2-ci suvarma çiçəklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə və 4-cü suvarma dən dolmağa başladıqda keçirilməlidir. Suvarma yağış yağdırma üsulu ilə hektara 500-600 m3, şırımlarla infiltrasiya yolu ilə 700-800 m3 su normasında keçirilir. Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınanadək sahəni 1 iz və çıxış vaxtı 1-2 iz KPN-38 yaxud torlu mala ilə malalamaq məsləhətdir.
Məhsulun yığılması. Yetişərkən soya paxlası açılmır, ona görə də dən itkisi az olur. Dən məqsədilə əkildikdə soya tam yetişmə fazasında yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlalıların saralmağa başladığı dövrdə dəndə 14-16% nəmlik olduqda SK-5 Niva, SK-4A, SKD-5P, SKD-5M, SAMPO, KLASS kombaynları ilə yığılmalıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizamlanmalıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla-deka arasında məsafə CK-4A, CK-5 kombaynlarında girəcəkdə 40mm, çıxacaqda 28mm-dən az olmamalıdır. Baraban dəqiqədə 400-500 dəfə dövr etməlidir. Yetişməni sürətləndirmək məqsədilə gec yetişən sortlar əkilən sahələrdə desikasiya aparılır. Bu iş dəndə nəmlik 40-50% olduqda magnezium-xlorat preparatının 20 kq-l suya qarışdırılaraq sahəyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya aparılmır. Yığılmış toxumda nəmlik 14%-dən çox olarsa, asfalt meydançada günəş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.
© 2020 Əkinçilik ETİ