Xəbərlər

Təbii otlaqların yaxşılaşdırılması və davamlı idarə edilməsi

Yay və qış otlaqlarının heyvandarlığın inkişafında böyük yemlik əhəmiyyəti olmasına baxmayaraq həmin otlaqlar uzun müddətdən bəri demək olar ki, sistemsiz otarılır və yaxşılaşdırma işlərinə zəif fikir verilir. Hal-hazırda otlaqlarda həddindən artıq mal-qara və qoyun sürüləri saxlanılır. Bu isə otlaqların tapdanmasına, yamaclarda eroziya prosesləri getməsinə səbəb olur. Buna görə də otlaqların bitki qruplaşmaları getdicə dəyişir. Qiymətli yem bitkiləri əvəzinə yemlik əhəmiyyəti az olan bitkilər inkişaf etməyə başlayır.
Təbii yem sahələrinin məhsuldarlığını ərazinin potensial imkanalarına uyğunlaşdırmaq, heyvandarlığın yemə olan tələbatını ödəmək üçün bir sıra mədəni-texniki, aqrotexniki və meliorativ tədbirlər həyata keçirmək lazımdır. Otlaq və biçənəklərin heyvandarlığın inkişaf etdirilməsində müstəsna rolunu nəzərə alaraq, onların qorunub saxlanmasını, məhsuldarlığının artırılmasını təmin etmək üçün onlara daim qulluq edilməli, az məhsuldar sahələr səhti və əsaslı yaxşılaşdırılmalı və davamlı idarə olunmalıdır.
Otlaq və biçənəklərin yaxşılaşdırılması
Səthi yaxşılaşdırma: Otlaqların yem keyfiyyətini yaxşılaşdırmaq və məhsuldarlığını artırmaq üçün bütün otlaq sahələrində səthi yaxşılaşdırma keçirilməlidir. Belə bir tədbir sayəsində bir tərəfdən otlaqda qiymətli yem otları qorunub saxlanılır, digər tərəfdən otlağın botaniki tərkibi qiymətli yem bitkiləri ilə zənginləşdirilir.
Səthi yaxşılaşdırma tədbirləri sisteminə gübrələmə, torpaq səthinin malalanması, zəhərli, zərərli bitkilərlə mübarizə, otlağın daşlardan təmizlənməsi, sahənin hamarlanması və ot örtüyü səthinə qiymətli ot toxumlarının səpilməsi kimi tədbirlər aiddir.
Gübrələrin tətbiqi nəticəsində otlaqların hər hektarının məhsuldarlığını 40-50% artırmaq olar.
Otlaqların yaxşılaşdırılmasında mühüm tədbirlərdən biri də otlağın daş və lazımsız qalıqlardan təmizlənməsidir. Bu zaman otlaqlarda daşları bir yerə toplamalı və ya çalalara, yarğanlara töküb mümkün qədər üstünü torpaqla örtüb ot toxumu səpmək lazımdır. Eroziyaya uğramış dik yamaclarda isə daşları yamacın eni istiqamətində bir birindən 5-10 metr aralı cərgə ilə yığmaq və cərgə arası sahələrə isə ot toxumu səpmək lazımdır. Belə bir tədbir eroziya prosesinin qarşısını alır və otlaq altı torpaqların istifadə əmsalını yüksəldir. Otlaqlarda belə tədbirlərin həyata keçirilməsi nəticəsində məhsuldarlığı 1-1,5 sentner artırmaq olar.
Respublikamızın otlaqlarında rütubətli və bataqlıq sahələrə də rast gəlmək olur. Belə sahələr həm yay, həm də Kür-Araz ovalığında yerləşən qış otlaqlarında təsadüf edilir. Bu sahələrdə meliorativ tədbirlər həyata keçirməklə qurudub yararlı hala salmaq lazımdır. Bu cür qurudulmuş sahələr hesabına az miqdarda olsa da, yem sahəsini genişləndirmək olar
Əsaslı yaxşılaşdırılma: Otlaqaltı torpaqların səmərəli istifadə edilməsində, məhsuldarlığının artırılmasında, heyvandarlığın yemə olan tələbatının ödənilməsində əsaslı yaxşılaşdırma otlaqlarda ən mühüm tədbirlərdən biridir. Əsaslı yaxşılaşdırma az məhsuldar deqradasiyaya uğramış otlaq sahələrində aparılır.
Əsaslı yaxşılaşdırma zamanı təbii çim qatı tamamilə şumlanır və qiymətli yem bitkilərinin toxumları səpilir. Qış otlaqlarında səpini payızda dəmyə və suvarma şəraitində keçirmək lazımdır.
Otlaqların əsaslı yaxşılaşdırılması zamanı torpağın səpin üçün hazırlanmasına xüsusi diqqət vermək lazımdır. Torpağın hazırlanmasında torpaq-iqlim şəraitinə və relyefə uyğun tərtib olunmuş becərmə sistemlərindən istifadə edilməlidir.
Əsaslı yaxşılaşdırmada bir yox, bir neçə çoxillik çəmən və yarım kol ot bitkilərinin toxumlarının qarışığını səpmək daha yaxşı nəticə verir. Bir və ya bir neçə ot qarışığından istifadə etdikdə yüksək keyfiyyətli yem məhsulu almaqla yanaşı, otlağın istifadəsi uzun müddətli olur. Ot qarışıqlarının səpini ot örtüyünün eyni səviyyədə inkişaf etməsinə, torpağın aqrokimyəvi xassələrinin yaxşılaşmasına müsbət təsir göstərir. Otlaqaltı torpaqlarda eroziya prosesinin qarşısının alınmasında da qarışıq səpinlər müsbət rol oynayır.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.
Təbii şərait və təsərrüfatın tələbatı nəzərə alınmaqla qış otlaqlarında quraqlığa, şoranlığa, istiyə davamlı uzuntraq ayrıq, daraqsünbül ayrıq, əzgən, yüksək məhsuldar, hündürlüyü nisbətən az olan taxıl otları ilə paxlalıların qarışığından istifadə olunur. Belə qarışıqlar çoxömürlülük, yüksək məhsuldarlıq və keyfiyyət baxımından olduqca sərfəlidir, həm də bu vaxt ekoloji mühitdən səmərəli istifadə edilir. Ümumiyyətlə, ot qırışıqları təmiz səpinlərə nisbətən 40-60 % çox məhsul verir və tapdanmaya davamlı olur.
Eroziyanın əmələ gəlməsi və relyef şəraitinə görə uzun illər dağlıq zonalarda otlaqların əsaslı yaxşılaşdırılması faydalı tədbir hesab edilmirdi, lakin dağlıq bölgələrdə aparılan çoxillik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, yay otlaqlarının əsaslı yaxşılaşdırılmasında dağlıq ərazilərə uyğun becərmə sistemləri tətbiq etməklə çoxillik otların əkilməsi nəinki ot örtüyünün məhsuldarlığını artırır, həmçinin torpaqların eroziyaya uğramasının qarşısını alır.
Hər bir dağ qurşağının özünəməxsus təbii iqtisadi şəraiti və ekologiyası vardır. Ona görə də təbii yem sahələri yaxşılaşdırılarkən həmin qurşağın şəraitinə uyğun ot növləri seçilib istifadə olunmalıdır.
Orta dağlıq qurşaqda qılçıqsız tonqalotunu, çəmən topalını, çobantoppuzunu, Zaqafqaziya xaşasını, çəmən üçyarpaq yoncasını və başqa otları müvəffəqiyyətlə səpmək olar.
Subalp qurşağının şimal yamaclarında çəmən pişikquyruğu, çobantoppuzu ilə qırmızı üçyarpaq yoncanın qarışığının, cənub yamaclarında çəmən topalı, qılçıqsız tonqalotu ilə çəhrayı çəmən yoncası qarışığının əkilməsi daha məqsədə uyğundur.
Orta dağ qurşaqlarında az məhsuldar çəmənliklərin əsaslı yaxşılaşdırılmasında taxıl fəsiləsi ilə paxlalı otların qarışığından istifadə etdikdə məhsuldarlığı 8-10 dəfə artırmaq olar.
Otarmanın idarə edilməsi.
Otlaqlarda otarmanın idarə edilməsi orada bitkiliyin heyvanlar üçün davamlı inkişafını təmin edir. Əgər heyvanlar bir yerdə uzun müddət otarılarsa onlar çəki və məhsuldarlığını, bitkilər isə tez bərpa olunma qabiliyyətini itirir.
Hər bir otlaq sahəsi orada otarıla biləcək heyvanların say həddini müəyyənləşdirən özünün bioloji məhsuldarlığına malikdir. Otlaqların həddən artıq yüklənməsi torpaqlarda bitki potensialının itməsinə, torpaqlarda çim qatının dağılmasına, onların eroziyaya uğramasına, hətta istifadə dövriyyəsindən çıxmasına səbəb olur. Otlaqlarda bitki örtüyünün məhvi torpaqların səhralaşmasına gətirib çıxarır.
Otlaqları eroziyadan mühafizə etmək və onların məhsuldarlığını artırmaq üçün otlaqlarda növbəli otarma sisteminin tətbiqi xüsusilə əhəmiyyətlidir. Mal-qaranın otarılmasında dövriyyə sisteminə riayət edilməli, otlaq sahəsi 6-8 hissəyə (küzə) bölünməli, hər hissədə 3-4 gün otarıldıqdan sonra heyvanlar qonşu hissələrə keçirilməlidir. Beləliklə, mal-qara təkrarən 25-30 gündən sonra otarılmış hissələrə buraxılır. Bu müddətdə əvvəlcə otarılmış sahələrdə bitki örtüyü boy atıb inkişaf edir, torpağın səthi həmişə bitki ilə örtülü olur və nəticədə səthi su axımının əmələ gəlməsi müşahidə edilmir. Otlaq hissələrlə otarıldıqda otlağa olan tələbata 20-30% qənaət edilir. Sistemli otarmada inəklərin süd məhsuldarlığı 20-23%, cavan qaramalın çəki artımı 25-30%, qoyunların çəki artımı 15-18%, yunun uzanması isə 20-25% artır.
Otlaqlarda otarmanı idarə etmək üçün aşağıdakılara diqqət yetirilməlidir:
-otlağın istifadə formasını müəyyənləşdirmək;
-otlağın otarma normasını müəyyənləşdirmək və ona düzgün əməl edilməsinə nəzarət etmək;
-otlağın davamlı istifadəsini təmin edən tədbirlər planını hazırlamaq;
-otlağın bitki örtüyünün tipinə görə otarılacaq heyvan növünü müəyyənləşdirmək.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.
© 2020 Əkinçilik ETİ