Xəbərlər

Tütün əkini sahələrindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyası

Tütünçülük aqrar sahənin vacib tarixi ənənənləri olan və iqtisadi cəhətdən ən gəlirli əkinçilik sahələrindən biri sayılır. Bu sahənin inkişafında məqsəd istehsal edilən tütünün çəkim keyfiyyətini yaxşılaşdırmaq, insan orqanizminə zərərli təsirini azaltmaqla siqaret çəkənin sağlamlığını qorumaqdan ibarətdir.
Tütünçülüyün inkişafı öz növbəsində kəndli-fermer təsərrüfatlarının bazar münasibətləri səviyyəsində fəaliyyətini təşkil etməsini, əkinçilik mədəniyyətinin yüksəldilməsini, qiymətli və keyfiyyətli məhsul istehsalına təminat verən müasir becərmə texnologiyasını və dünya təcrübəsinin tətbiq edilməsini tələb edir.
Tütün əkiləcək sahənin hazırlanması və gübrələnməsi: Tütün əkini üçün sələf dənli, dənli-paxlalı və çoxillik yem bitkiləri altından çıxmış sahələr hesab olunur. Tütün bitkisindən yüksək və keyfiyyətli məhsul alınmasında torpağın münbitlik dərəcəsi və mexaniki tərkibi mühüm rol oynayır. Həmin sahələr payızda 23-27 sm dərinlikdə şumlanmalıdır. Hər hektara təsiredici maddə hesabı ilə ətirli sortlara 45-60 kq, iriyarpaqlı sortlara isə 90 kq azot, 120 kq fosfor, 100 kq kalium gübrəsi verilməlidir. Fosfor və kalium gübrələrinin 70-80 %-i payızda şum altına, qalanı isə ştilllər basdırılan zaman cərgə aralarına verilməlidir. Azot gübrəsinin 60 %-i yazda pərşum altına, 20 %-i şitil basdırılandan 30 gün sonra, qalanı isə 45 gün sonra yemləmə şəkilində verilməlidir.
Şitilin yetişdirilməsi: Bir hektar sahəni şitillə təmin etmək üçün xırdayarpaqlı sortlara 60, iriyarpaqlı sortlara 40 m2-lik şitillik sahəsi ayrılır. Hər kvadrat metr şitilliyə 0,4-0,6 q toxum səpilməlidir.
Şitillik saldıqda ilk növbədə şitillərin açıq sahəyə köçürülməsi vaxtı nəzərə alınmalıdır. Plyonka örtülmüş şitilliklərdə şitillər tez, şüşə ilə örtülmüş şitilliklərdə isə nisbətən gec yetişir. Plyonka ilə örtülmüş şitilliklərdə şitillər yetişdirilməsi daha ucuz başa gəlir. Şitillikdə və sahədə stomp, treflan və tiazan herbisidlərindən istifadə edilir.
Sağlam, güclü kök sistemi olan keyfiyyətli əkin materialı əldə etmək üçün şitillərə üzvi və mineral gübrələr verilməlidir. Şitillərin sahələrə əkilməsi: Şitillərin açıq sahəyə köçürülməsi ən məsuliyyətli aqrotexniki tədbirlərdən biridir. Tütün şitillləri şitil əkən maşınlarla və ya əl ilə çubuq vasitəsilə əkilir. Şitiləkən maşınlarla əkin iqtisadi cəhətdən çox faydalıdır. Tütün şitilləri torpaqda 12-14 dərəcə temperatur olan zaman sahəyə əkilməlidir.
Zaqatala-67, Zaqatala iriyarpaqlısı və Samsun, Dübek tipli sortları erkən, Trapezond tipli sortları isə bir qədər gec əkmək lazımdır. Tütün şitilləri aran rayonlarında açıq sahələrə aprelin 10-dan may ayının 15-dək, dağətəyi rayonlarda aprelin 20-dən may ayının 20-dək əkilməlidir. Azərbaycanda şitilllər dəmyə və suvarma şəraitində sahəyə əkilir. Iriyarpaqlı sortların cərgəarası 60-70 sm, bitki arası 30 sm, ortayarpaqlı sortlar üçün cərgəarası 60 sm, bitki arası 20-25 sm, xırdayarpaqlı sortlar üçün cərgəarası 60 sm, bitki arası 15-20 sm olmalıdır.
Cərgəaralarının becərilməsi: Cərgəaralarının vaxtında və keyfiyyətli becərilməsi torpaqda rütubətin saxlanmasına, qidalı maddələrin toplanmasına və bitki köklərinin hava ilə təmasına səbəb olur. Sahənin alaqlanma dərəcəsindən, yağmurun çoxluğundan və suvarmanın sayından asılı olaraq cərgəaralarında 3-4 dəfə becərmə lazım gəlir.
Birinci becərmə şitil əkildikdən 6-8 gün sonra kultivatorla aparılır. Sonra isə əl ilə 6-8 sm dərinlikdə yumşaltma aparılmalıdır. İkinci becərmə birinci becərmədən 10-15 gün sonra 8-10 sm dərinlikdə aparılır, bunun ardınca əl ilə cərgəaralarında olan alaqlar çəkilir və bitkilərin dibi doldurulur.
Üçüncü becərmə ikincidən 12-15 gün sonra 6-7 sm dərinlikdə aparılır. Hər suvarmadan və ya yağışdan sonra cərgəaraları mütləq yumşaldımalıdır.
Tütün əkinlərinin suvarılması: Azərbaycanda tütün sahələri adətən, əkinqabağı, əkindən sonra və vegetasiya dövründə suvarılır. Torpağın nəmliyini tarla rütubət tutumunun 70 %-də saxlamaq məqsədi ilə sahə suvarılır. Tütün sahələri vegetasiya dövründə 3-4 dəfə suvarılmalıdır. Hektara 600-800 m3 suvarma norması ilə suvarılır. Şırımlarla cərgələrə su verilməsi ox arxlardan və ya bilavasitə müvəqqəti arxlardan istifadə edilməklə aparılır.
Çiçək və yan pöhrələrin vurulması: Tütün bitkisinin çiçək və yan pöhrələrinin vurulması əl ilə və ya kimyəvi üsulla (herbisid çiləməklə) yerinə yetirilir. Kimyəvi üsulla hidrazid mallin turşusunun 1,5 %-li məhlulunu çiləyici aparatla çiləmək lazımdır. Hidrozid mallin turşusunun 1,5 %-li işçi məhlulunu hazırlamaq üçün turşunun 30-33 %-li məhlulundan 27 kq götrülür və 600 litr suda həll edilərək çiçəkləmə 15-20 %-ə çatdıqda çiləmə aparılır.
Yarpaqların dərilməsi: Tütün yarpaqları vaxtında və texniki yetişmə mərhələsinə çatdıqda dərilməlidir. Xırdayarpaqlı sortlar 6 dəfə, orta və iriyarpaqlı sortlar 5 dəfə dərilir. Birinci dərimdə 10 %, ikinci dərimdə 15%, üçüncü dərimdə 25 %, dördüncü dərimdə 25 %, beşinci dərimdə 15 %, 6-cı dərimdə 10% yarpaq yığılmalıdır. Yarpaqlar səhər tezdən və axşamçağı seçmə yolu ilə dərilməlidir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.
Yarpaqların düzülməsi: Yarpaqları qaytana düzəndə uzunluğu 60-70 sm olan iynədən və yaxud yarpaqtikən maşından istifadə olunur. Bir metr qaytana aşağıdakı miqdarda yarpaq düzülməsi məsləhət görülür. Yarpağın uzunluğu 18 sm-dək olduqda 200 ədəd yarpaq, uzunluğu 18sm-dən 28 sm-dək olduqda 150 ədəd yarpaq, uzunluğu 28 sm-dən artıq olduqda 100 ədəd yarpaq düzülür.
Yarpaqları saraltma mərhələsi: Bir qayda olaraq saraltmanın əvvəlində çərçivələrə bağlanır, isinmək üçün 4-5 saat günəşə verilir, sonra talvar altına çəkilir. Hava quru olduqda bir-birinə yaxın, rütubətli olduqda isə bir qədər aralı qoyulur. Tütün günəş altında qurudulduqda əsasən aşağıdakı üsullarla saraldılır.
1.Qaytana düzülmüş yarpaqlar çərçivədə talvar altında;
2. Topalarla;
3.Yarpaqlar qaytana düzülmüş halda yerdə saraldılmalıdır.
Yarpaqların qurudulması: Yarpaqları qurutma ən çox günəşlə, kölgədə və son vaxtlar süni örtük altında aparılır. Günəş vasitəsilə yarpaqlar 5-10 gözlü xüsusi yantaylarda qurudulur. Bu üsulla qurutma hava şəraitindən asılı olaraq 8-20 gün davam edir. Qaytanlara düzülmüş yarpaqlar çərçivələrə-yollara bağlanır.
Tütünün mexanikləşmiş (UMST-20;25) üsulla qurudulması geniş yayılmışdır. Azərbaycanda süni polietilen plyonka altında yarpaqların qurudulması geniş miqyas almışdır. Son vaxtlar yarpaqları düzmədən odla, elektirik qızdırıcıları ilə, həmçinin TU-801-78, “Paull”, USTO-10 və Bustabak markalı qurğularda qurudurlar.
Tütünün tay bağlanması: Tütün yarpaqları fermentasiya olunmamış tütünlər üçün 8073-77 saylı dövlət standartlarına görə çeşidlərə ayrıldıqdan sonra tay və kip şəklində bağlanır. Bütün tütün növləri üçün tayların uzunluğu 80 sm, hündürlüyü 53 sm olmalıdır . Sıxıcı preslə bağlandıqda preslərin çəkisi 20-22 kq olmalıdır. Bir iş növbəsində bir pres 45-50 kip bağlayır.
Tütünün əsas xəstəlik və zərərvericiləri: Azərbaycan şəraitində tütün bitkisinin əsas zərərvericiləri bunlardır: danadişi, şalalar, tütün tripsi, şaftalı mənənəsi, payız sovkası, məftil qurdları, tarla ilbizi. Xəstəliklərdən isə yalançı unlu şeh (perenosporioz), kök çürüməsi və qara ayaq, gövdə çürüməsi, virus, bakteriya və s. xəstəlik və zərərvericilərə qarşı mübarizə tütün yetişdirmək üçün qəbul olunmuş tövsiyələrə əsasən aparılmalıdır.
Mübarizə tədbirləri: Aqrotexniki mübarizə, dərin şum aparma, gübrələmə və becərmələr vaxtında və düzğün yerinə yetirilərsə zərərveici və xəstəliklər azalmlş olar.
Məftil qurdlarına, payız sovkasına, tütün tripsinə qarşı mübarizə aparmaq üçün aprelin 1-ci ongünlüyündə tütün əkini sahələrinin hər hektarına 20-23 kq 12 %-li heksoxloran verib, kultivasiya aparılmalıdır. Sahələrdə tütün tripsi və mənənəsi kütləvi surətdə yayılmış olarsa onlara qarşı 30 %-li işmi məhlulundan hektara 400-600 litr çilənməlidir.
Tütün sahəsində pambıq sovkasının hər bir nəslinin kütləvi yumurta tökdüyü dövrdə ona qarşı 40 %-li fosfamadin 0,1 %-li konsentrat məhlulundan hər hektara 400-600 litr çilənməlidir. Bütün tədbirlər 20-25 gündən bir təkrar edilməlidir. Tütün yarpağı yığılana 20 gün qalmış bütün mübarizə tədbirləri dayandırılmalıdır.

Əkinçilik Elmi-Tədqiqat İnstitutu adlı şəxsin şəkli.
© 2020 Əkinçilik ETİ