Xəbərlər

Agropolis layihəsi aqrar konsaltinq xidmətlərinin göstərilməsində yeni bir dəyər yaratmaq məqsədi daşıyır

  23.07.20 tarixində Agropolis layihəsinin təşkilatçısı Anar Nəzərov Əkinçilik ET İnstitutunda olub. O, iş birliyinin qurulmasının  müzakirəsi və həyata keçirilməsi məqsədilə institutun bu işlərə cavabdeh məsul şəxslərilə görüşüb. A.Nəzərov işbirliyi təklifini reallaşdıracaq tanıtım təqdimatı əsasında cıxış edib. O, Agropolis haqqında ətraflı məlumat verərək diqqətə catdırıb ki, Agropolis layihəsi aqrar konsaltinq xidmətlərinin göstərilməsində yeni bir dəyər yaratmaq məqsədi daşıyır və aqrar konsaltinq xidmətlərinin göstərilməsini təşkil edən mobil tətbiqdir. Tətbiq fermerlərə aqrokonsaltinq xidmətlərini haqqında ətraflı məlumat əldə etmək, eyni zamanda bu xidmətləri rahat və sürətli şəkildə əldə etməyə şərait yaradır. Eyni zamanda istənilən aqrokonsaltinq şirkəti, Aqrar elmi tədqiqat institutları və fərdi şəkildə fəaliyyət göstərən aqrar mütəxəssislər Agropolis tətbiqi vasitəsiylə öz xidmətlərini geniş fermer kütləsinə təklif edə bilərlər. Hal-hazırda tətbiqin test versiyası fəaliyyət göstərir. Burada fermerlər aqrar mütəxəssislər və onların təklif etdiyi xidmətlərlə onlayn şəkildə tanış ola və lazım gəldikdə həmin xidmətləri əldə edə bilirlər. Tətbiqin test versiyasının fəaliyyəti  aqrokonsaltinq xidmətləri bazarını haqqında aydın  təsəvvürün formalaşmasına,  buradakı tələb və təklif haqqında əhəmiyyətli  məlumatların əldə edilməsinə imkan vermişdir. Belə ki, tətbiqin test versiyası istifadəçilər tərəfindən qiymətləndirilmiş, həmin qiymətləndirmələr Agropolis team-i tərəfindən təhlil edilmiş və tətbiqin  yeni daha təkmil bir versiyasının hazırlanması qərarlaşdırılmışdır. Hazırda üzərində işlənilən və tezliklə istifadəyə veriləcək yeni versiyada  aqrokonsaltinq xidmətlərini onlayn sifariş etmək funksiyası fermerlərin ixtiyarına veriləcək.                     

     Agropolis tətbiqinin  həm aqrar mütəxəssislər, həm fermerlər arasında eyni vaxtda tanıtımı və istifadəyə təşviqi həyata keçirilir. Beləliklə, aqrar mütəxəssislər və digər aqrokonsaltinq müəssisələri  getdikcə daha geniş fermer kütləsinə öz xidmətlərini təklif etmək imkanı qazanırlar. Eyni zamanda fermerlər də bu tətbiqdə daha çox aqrokonsaltinq xidmətləriylə tanış olmaq və özləri üçün ən uyğun xidmətləri müəyyən edib dərhal əldə etmək imkanı qazanırlar. 

     A.Nəzərov cıxışında Agropolis mobil tətbiqinin komandası olaraq Əkinçilik ET İnstitutunun fermerlərə  müxtəlif növ aqrokonsaltinq və digər aqrar xidmətlər təklif etdiyini nəzərə alıb, bu institutun öz xidmətlərini daha geniş fermer kütləsinə təklif etməsinə şərait yaratmaqda və institutla iş birliyi qurmaqda maraqlı olduqlarını qeyd etdi.

© 2020 Əkinçilik ETİ