Xəbərlər

Kənd təsərrüfatı məhsulları üzrə milli standartların hazırlanmasına başlanılıb

Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları üzrə milli standartların hazırlanması  və qarşıda duran vəzifələrin həllinə həsr olunmuş videokonfrans keçirilib.

Videokonfransı giriş sözü ilə açan AEİM-in direktoru İmran Cümşüdov bildirib ki, məhsullar üzrə standartların hazırlanması aqrar sektorun inkişafını şərtləndirən ən vacib məsələlərdən biridir. Bu addım atılarsa ilk növbədə məhsulların ixracı zamanı yaranan maneələr aradan qalxacaq, Azərbaycanın keyfiyyətli məhsullarının xarici bazarlarda rəqabət qabliyyəti daha da güclənəcək. Bu məqsədlə hələ fevral ayında elmi-tədqiqat institutları rəhbərlərinin iştirakı ilə Azərbaycan Standartlaşdırma İnstitutunda müzakirə təşkil olunub, müzakirənin nəticəsi olaraq “Pestisid, bioloji preaparatlar və aqrokimyəvi maddələrin standartlaşdırılması”, “Üzümçülük və şərabçılıq məhsullarının standartlaşdırılması”, “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahələrinin standartlaşdırılması”,  “Meyvəçilik, subtropik bitkilər və çayçılıq məhsullarının standartlaşdırılması”, “Tərəvəz toxumlarının, bioloji preaparatlar və aqrokimyəvi maddələrin standartlaşdırılması”, “Toxum və əkin materiallarının standartlaşdırılması” üzrə Texniki Komitələr formalaşdırılaraq bir sıra addımlar atılıb. Komitələrin tərkibində aktiv iş aparan alimlər tərəfindən artıq bir sıra standartlar hazırlanaraq müzakirəyə təqdim olunub.

Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev çıxış edərək milli standartların hazırlanması üzrə beynəlxalq təcrübədən danışıb və Texniki Komitələrin aktiv işləməsi üçün xarici məsləhətçilərin təyin olunacağını bildirib. Videokonfransda çıxış edən Texniki Komitələrin üzvləri gördükləri işlər haqqında hesabat veriblər, eləcədə onları maraqlandıran sualları səsləndiriblər. Ümumi müzakirə zamanı qərara alınıb ki, yaxın vaxtlarda standartlar üzrərində işlər yekunlaşdırılaraq təqdim edilsin, eyni zamanda birgə maarifləndirmə işləri ilə  sahibkarların biznes prosesinə dəstək verilsin. 

Videokonfransda Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri ilə yanaşı Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Heyvandarlıq, Üzümçülük və Şərabçılıq, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutlarının direktorları da iştirak ediblər. Ümumi müzakirələr zamanı vurğulanıb ki, ölkədə kənd təsərrüfatı məhsullarının standartlarının olmaması bu sahədə inkişafa əngəl yaradır. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaqda milli standartların müəyyən olunması vacib addımlardan biridir. Sözügedən standartlar ölkədə istehsal edilən məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılmasını, beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılmasını, daxili və xarici bazarda rəqabətə davamlılığın  artırılmasını, regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks etdirilməsini təmin edir.

Qeyd edək ki, kənd təsərrüfatı məhsulları üzrə milli standartların yaradılması Strateji Yol Xəritələrində mühüm vəzifə kimi qarşıya qoyulub. 

© 2020 Əkinçilik ETİ