Xəbərlər

İnnovativ layihələrin online formatda təqdimatı həyata keçirilib

25.09.2020 tarixində innovativ layihələrin təqdimatı olub. İnnovativ layihələrin həyata keçirilməsində məqsəd ölkədə aqrar sahənin inkişafına töhvə verməkdən ibarətdir. Online formatda keçirilən təqdimatda Kənd Təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri Elçin Zeynalov, Sarvan Cəfərov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavinləri Fərman Kərimov, Tariyel Pənahov, Əkbər Abbasov, elmi tədqiqat institutlarının əməkdaşları iştirak ediblər. Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu və Tovuz DAİM tərəfindən təqdim olunmuş üç layihə dinlənilib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin müdiri, b.e.d., dosent Tofiq Allahverdiyev “CİMMYT-dən introduksiya olunmuş buğda genotiplərinin quraqlığa və istiliyə davamlılığına görə tədqiqi, buğdanın yaxşılaşdırılmasında istifadəsi” adlı layihəni təqdim edib. Təqdimat müddətində diqqətə çatdırılıb ki, Azərbaycanda buğdanın məhsulunun aşağı olmasının əsas səbəblərindən biri dənin yetişməsi dövründə müşahidə olunan su çatışmazlığı və yüksək temperaturdur. Layihədə CİMMYT-dən introduksiya olunmuş quraqlığa və istiliyə davamlı yazlıq yumşaq buğda genotiplərinin morfo-fizioloji, aqronomik əlamətlərinin tədqiqi, Azərbaycanın dəmyə şəraiti üçün yüksək məhsuldar nümunələrin seçilməsi, gələcək seleksiya işlərində istifadəsi nəzərdə tutulub. Layihənin əsaslandırılması, məqsədi, qarşıya qoyulan məsələlər, tətbiq olunacaq metodlar, gözlənilən nəticələr haqqında məlumat verilib, suallar cavablandırılıb.

© 2020 Əkinçilik ETİ