Xəbərlər

Videokonfrans formatında "2020-ci il Beynəlxalq bitki sağlamlığı ili”nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional tədbir keçirilib

20-21 oktyabr 2020-ci il tarixlərində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən videokonfrans formatında "2020-ci il Beynəlxalq bitki sağlamlığı ili”nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional tədbir keçirilib.

BMT-nın Baş Assambleyası tərəfindən 2020-ci il "Beynəlxalq bitki sağlamlığı ili” elan olunmuşdur. Bununla əlaqadar, Bitki mühafizəsi üzrə Beynəlxalq Konvensiya (IPPC) və Bitki mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatı (EPPO) tərəfindən hər bir üzv dövlətin öz ərazisində zərərli orqanizmlərin ölkədəki yabanı bitki növlərinin areallarına və mədəni bitki növlərinin becərildiyi əkin sahələrinə vurduğu ziyanın, həmçinin gələcəkdə bu səbəbdən yarana biləcək fıtosanitar vəziyyətin kəskinləşməsinin qarşısının alınması üçün kənd təsərrüfatı və meşə sahələrində, digər yaşıllıq ərazilərdə zərərli orqanizmlərdən mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin icrasının vacibliyi vurğulanmışdır.

Tədbirin respublikamızda keçirilməsi diqqətin bitki sağlamlığı məsələlərinə yönəldilməsi və bu sahədə region ölkələri ilə fikir, təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.

Tədbirdə respublikamızın və region ölkələrin aidiyyati qurumlarının və beynəlxalq təşkilatların nümayandələri iştirak edib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin "Qida sənayesi və innovativ kənd təsərrüfatı” mövzusunda, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun "Azərbaycanda meyvəçiliyin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri” mövzusunda, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun "Bitki mühafizəsi və inteqrir mübarizə tədbirlərinin təşkili” mövzusunda, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun "Tərəvəzçilikdə xəstəlik və zərərvericilərə qarşı bioloji mübarizə vasitələrinin tətbiqinin genişləndirilməsi” mövzusunda, Azərbaycan Dövlat Aqrar Universitetinin "Aqrar Universitetin bitki sağlamlığı sahəsində apardığı elmi tədqiqat işləri və kadrların yetişdirilməsi” mövzusunda və Əkinçilik Elmi Tədqiqat İnstitutunun direktor müavini Nizami Hümmətovun "Əkinçilik ET İnstitutunun fəaliyyət istiqamətləri" mövzusunda taqdimatlarla cıxışları dinlənilib. Sonda ümumi müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ