Xəbərlər

Tərtər Bölgə Təcrübə Stansiyası yüksək reproduksiyalı toxum istehsalı ilə taxılçılığın inkişafına öz töhfəsini verir

Taxılçılıqda daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxumların istehsalı mühüm əhəmiyyət kəsb edir. Odur ki, toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma tələbatının daxili istehsal hesabına təmin olunması ölkəmizdə prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyası uzun illərdir yüksək məhsuldar və xəstəliyə davamlı taxıl sortlarının yaradılması və yüksək reproduksiyalı toxum istehsalı ilə taxılçılığın inkişafına öz töhfələrini verməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri Tərtər Bölgə Təcrübə Stansiyasında müəssisənin fəaliyyəti, toxumçuluğun inkişafı ilə bağlı görülən işlərlə tanış olub. Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova müxbirimizlə söhbətində bildirib ki, Azərbaycanda taxıl bitkilərinin elmi seleksiya işləri 1925-ci ildən Gəncə təcrübə stansiyası və onun tərkibində taxılların seleksiyası bölməsi yaradıldıqdan sonra başlayıb. 1933-cü ildən dənli-taxıl bitkilərinin seleksiya işləri Tərtər Zona (Bölgə) Təcrübə Stansiyasında aparılır. Stansiyada 1933-cü ildə ilk olaraq "Şirvandəni" və "Naxçıvandəni" adlı iki sort rayonlaşdırılıb. "Xronka" adlı buğda və "Bizantina 602", "Bizantina 956" adlı vələmir sortları da fərdi seçmə üsulu ilə əldə edilib.

Məqsəd yeni taxıl sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır

Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır. Fəaliyyət göstərdiyi illər ərzində stansiyada 100-ə yaxın yumşaq və bərk buğda, eləcə də arpa sortları yaradılaraq Azərbaycanın müxtəlif bölgələrində sınaqdan keçirilib, təsərrüfata tətbiq edilib. Hazırda stansiyada seleksiya və ilkin toxumçuluq, becərmə texnologiyası və toxumçuluq şöbələri fəaliyyət göstərir. Seleksiya və ilkin toxumçuluq şöbəsində bərk və yumşaq buğda və arpanın seleksiyası üzrə hibridləşmə və ya seçmə yolu ilə yeni xətlərin alınması, sabitləşən perspektiv xətlərin müsabiqəli sort sınağı vasitəsilə yatmaya və xəstəliyə davamlılığının qiymətləndirilməsi üçün tədqiqat işləri aparılır. Becərmə texnologiyası şöbəsində yeni yaradılmış perspektiv sortların səpin üsulları, səpin və gübrə normalarının öyrənilməsi istiqamətində aqrotexnikası öyrənilir. Toxumçuluq şöbəsində orijinal, superelit və elit kimi yüksək kondisiyalı toxumlar istehsal olunur.

Yeni taxıl sortları sınaqdan keçirilir

Həqiqət Həşimova bildirib ki, aparılan məqsədyönlü seleksiya işlərinin nəticəsi olaraq hazırda respublikamızda geniş əkin sahələrinə malik "Qırmızıgül 1", "Fatimə", "Murov 2", "Şəfəq 2", "Qobustan", "Mətin", "Xəzri", "Əsgəran" yumşaq buğda, "Qarabağ 22", "Qarabağ 33", "Günəş" arpa sortları Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları ilə birlikdə Tərtər Bölgə Təcrübə Stansiyasında yaradılaraq, istehsalata vəsiqə alıb. Son illər iqlim dəyişikliyi ilə əlaqədar qarşımızda quraqlığadavamlı yeni sortların yaradılması ilə bağlı vəzifələr durur. "Diyabar", "Şah buğda", "Romanna", "Royal", "Vüsal" buğda, "Buta", "Ulduz", "Əkinçilik -70", "Xarı bülbül", "Zəmi" və sair arpa sortları və "Fidan" – tritikale sortu Seleksiya Nailiyyətlərinin Mühafizəsi və Sınağı Üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir. Geniş miqyaslı seleksiya işləri nəticəsi kimi 2020-ci ildə yeni "Korifey 88", "Əsəd 80", "Tunc", "Onur" buğda sortu, "Nur" arpa sortu rayonlaşdırılıb, dövlət reyestrinə daxil olaraq, patentlə mühafizə olunur.

Toxumçuluq təsərrüfatları və fermerlər yüksək reproduksiyalı toxumlarla təmin edilir

Tərtər Bölgə Təcrübə Stansiyası hər il 200-220 hektar sahədə payızlıq yumşaq buğda və arpanın rayonlaşmış sortlarının toxumçuluğu ilə məşğul olur. Bu məqsədlə buğdanın "Qırmızıgül 1", "Fatimə", "Murov 2", "Şəfəq 2", "Qobustan", "Mətin", "Xəzri", "Əsgəran" yumşaq buğda, "Qarabağ 22", "Qarabağ 33", "Günəş", "Nurarpa" sortları becərilir. Orta hesabla hər il 400-450 ton kondisiyaya uyğun elit toxumu istehsal edilir.

Həqiqət Həşimova, həmçinin qeyd edib ki, Bölgə Təcrübə Stansiyasının inzibati binası əsaslı təmir olunub. Təsərrüfatda yeni toxum təmizləmə avadanlıqları qurulub ki, bu da işi əvvəlki illərə nisbətən daha keyfiyyətli və vaxtında başa çatdırmağa imkan verir. Hazırda stansiyada toxum istehsalı davam etdirilir. Toxumlar standarta uyğun olaraq təmizlənir, çeşidlənir, dərmanlanır, kisələrə yığılır, etiketlənir və Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə təqdim olunur.

© 2020 Əkinçilik ETİ