Xəbərlər

Azərbaycanın kənd təsərrüfatına və aqrar elminə öz töhfəsini vermiş aqrokimyaçı alimlərimizdən biri də Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Torpaq və bitki analizləri laboratoriyası”nın müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Hacıməmmədov İmralı Mahmud oğludur

Hacıməmmədov İmralı Mahmud oğlu 1939-cu ildə Qazax rayonunun Aslanbəyli kəndində Kolxozçu ailəsində anadan olub. 1948-ci ildə Aslanbəyli kəndindəki orta məktəbə daxil olub, 1958-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. 1962-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqrokimya və Torpaqşünaslıq” fakultəsinə daxil olub və 1963-cü ildə hərbi xidmətə gedib. 1965-ci ildə hərbi xidməti başa vurduqdan sonra yenidən Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirərək 1967-ci ildə həmin İnstitutu bitirib. Hərbi xidmətdən qayıtdıqdan sonra istitutu bitirib Quba Bölgə laboratoriyasında torpaqşünas-aqrokimyaçı vəzifəsində işə başlayıb. Sonralar isə analitik və şöbə müdiri vəzifələrin çalışıb. 1969-cu ildə əyani aspiranturaya daxil olaraq professor R.Q.Hüseynovun rəhbərliyi altında “Qarabağ düzündə qatı və mürəkkəb gübrələrin payızlıq buğda bitkisinin azot mübadiləsinə və məhsuldarlığına təsiri” mövzusu üzrə dissertasiya işini müdafiə edərək 1972-ci ildə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almaq üçün Müdafiə Şurasına təqdim edib. 1972-ci ildən etibarən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və 2009-cu ildən “Torpaq və bitki analizləri laboratoriyası”nın müdiri vəzifəsində çalışır. 81 məqalənin, 2 plakatın, 2 tövsiyənin, 4 kitabın, 1 analiz metodikasının müəllifi, 1 noxud və 1 qarğıdalı sortlarının müəlliflərindən biridir.

 

Göstərdiyi elmi xidmətlərə görə, İmralı Hacıməmmədov Azərbaycan Respublikası Prezidentinin 30.10.2018 tarixli Sərəncamı ilə Kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib. İmralı Hacıməmmədov 53 ildir kənd təsərrüfatı sahəsində çalışır. İndiyə qədər bir çox xarici ölkələrdə aqrokimya və torpaqşünaslıq üzrə seminar, konfrans və təlimlərdə iştirak edib. Azərbaycanda 2001-2005-ci illərdə 2 böyük layihənin rəhbəri olub, həmin layihələr 18 rayonda 38 fermer təsərrüfatında 250 hektar sahədə tətbiq olunub. Qrant layihələri aparılarkən yüksək keyfiyyətli iqtisadi cəhətdən səmərəli məhsul almaq üçün seminar və tarla günləri keçirilib. Ümumilikdə 48 seminar və təlim baş tutub, həmin seminar və təlimlərdə 1800 fermer iştirak edib. Bu gün müəllifi olduğu “Torpağın əsas qida maddələrinin asan mənimsənilən formaları ilə təmin olunmasından asılı olaraq gübrə normalarının hesablanmasına dair tövsiyələr” və “Torpaq, bitki və gübrələrin aqrokimyəvi analiz üsulları” adlı elmi nəşrləri bir sıra Elmi-Tədqiqat İnstitutlarında, həmçinin universitetlərdə tədris olunur.

 

Hal-hazırda ölkəmizin bir sıra bölgələrində (Tərtər, Qobustan, Cəlilabad, Şamaxı və s.), eyni zamanda “Ağstafa Aqropark” , “Agro Dairy” və “Moran Agro” kimi özəl aqroşirkətlərin sahələri və təcrübə təsərrüfatlarındakı torpaq örtükləri və tiplərinin, müxtəlif kənd təsərrüfatı bitkiləri üçün üzvi və əsas mineral qida elementlərinin miqdarı, ehtiyatı və gübrələmə sistemlərinin tədqiqi, torpaqda ümumi humusun, pH-ın, karbonatlığın və əsas qida maddələrinin (azot, fosfor və kalium) miqdarının, ümumi və asan mənimsənilən formalarının, şoranlıq və şorəkətlik dərəcələrinin öyrənilməsi və bitkilərdə makro və mikro elementlərin, dəndə azot və fosforun təyini istiqamətində görülən işlərdə məhz İmralı Hacıməmmədovun misilsiz əməyi var.

 

Qeyd edək ki, sadalanan bu işlərin görülməsində əsas məqsəd ölkəmizdə iqtisadi cəhətdən səmərəli və yüksək keyfiyyətli məhsulun alınması üçün aqrotexniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən gübrələmə sisteminin inkişaf etdirilməsi və torpaqlarda şoranlaşmanın qarşısının alınmasıdır.

© 2020 Əkinçilik ETİ