Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin illik hesabatının təqdimatı keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya şöbəsi”nin 2021-ci ilə dair illik geniş hesabatının təqdimatı keçirilib. İnstitutun elmi işlər üzrə direktor müavini Nizami Hümmətov yığıncağı giriş sözü ilə açaraq aktual məsələlərdən, günün tələblərindən və görüləcək işlərdən bəhs edib. 
Söbə müdiri b.ü.f.d, dosent Tofiq Allahverdiyev “Yerli və introduksiya olunmuş buğda genotiplərində yüksək məhsuldarlığı və stres amillərinə davamlılığını şərtləndirən morfo-fizioloji, biokimyəvi, aqronomik əlamətlərinin müəyyən edilməsi və seleksiyada istifadəsi” mövzusu üzrə şöbənin illik fəaliyyəti haqqında məlumat verərək diqqətə çatdırıb ki, mövzunun məqsədi sahə şəraitində becərilmiş bərk və yumşaq buğda genotiplərinin yüksək məhsuldarlığı və abiotik, biotik stres amillərinə davamlılığı təmin edən əlamətlərinin müəyyən olunması, əlverişli əlamətlərə malik olan genotiplərin aşkar olunması seleksiyada başlanğıc materialın müəyyən olunmasıdır.
Mövzunun məqsədindən çıxış edərək bu vəzifələrin həyata keçirilməsi məqsədəuyğun hesab edilib: Bərk və yumşaq buğdaların böyümə və inkişafı dövründə fenoloji müşahidələrin aparılması, inkişaf fazalarının qeydə alınması; su stresinin gücləndiyi buğuməmələgətirmə, sünbülləmə-çiçəkləmə, dənin yetişməsi dövrlərində fizioloji tədqiqatların aparılması; fizioloji yetişmə dövründə genotiplərin boyunun, sünbülaltlığının uzunluğunun təyini; məhsul yığımından sonra məhsuldarlığın və məhsul komponentlərinin təyin edilməsi və s.
Hesabat dövründə kolleksiya pitomnikində quraqlıq stresi şəraitlərində becərilmiş 33 buğda genotiplərinin böyümə və inkişaf gedişləri üzərində fenoloji müşahidələr aparılıb, genotiplərin sünbülləmə tarixləri qeyd olunub. Fizioloji yetişmə dövründə bitkilərin boyu ölçülüb, hər genotipdən 5 sünbül götürülüb, dən məhsuldarlığı, məhsulun struktur komponentlərinin təyin edilib. Həmçinin müvafiq dövrdə 10m2 bölgülərdə suvarma şəraitində becərilmiş 103 buğda genotiplərinin böyümə və inkişafı üzərində fenoloji müşahidələr aparılıb, genotiplərin böyümə xüsusiyyəti (payızlıq, yazlıq), sünbülləmə tarixləri, xəstəliklərə sirayətlənməsi tədqiq edilib. Bu nümunələrin bəzi fizioloji parametrləri, flaq yarpağın yaşılqalma fenotipi, bitki örtüyünün temperaturu da tədqiq edilmiş, dən məhsuldarlığı və məhsul komponentlərinin təyin edilib.  
Beynəlxalq seleksiya mərkəzlərindən - CIMMYT və ICARDA-dan IWWIP xətti ilə introduksiya olunmuş buğda genotiplərindən seçilib, 5m2 bölgülərdə suvarma şəraitində becərilmiş 100 nümunələr üzərində tədqiqat işi aparılıb, nümunələrin inkişaf xüsusiyyəti, şaxtaya davamlılığı, boyu və yetişməsi öyrənilib, xəstəliyə davamlılığı qiymətləndirilib. 
2020-2021-ci tədqiqat ilində 3 yumşaq buğda genotiplərinin azot gübrəsinin müxtəlif dozalarından asılı olaraq bəzi fizioloji parametrləri tədqiq edilib. 
Sonda mövzular üzrə suallar və cavablar səsləndirilib, geniş müzakirələr aparılıb. “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin geniş illik hesabatı yekdilliklə qəbul olunub.
© 2020 Əkinçilik ETİ