Xəbərlər

Taxılçılıqda tirəli əkin üsulunun tətbiqi həyata keçirilir

Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Taxılçılığın inkişaf etdirilməsi əkin sahələrinin artırılması hesabına deyil, məhsuldar sortların yaradılması, aqrotexniki qaydalara düzgün əməl olunması və innovativ texnologiyaların tətbiq olunması hesabına olmalıdır. Taxılçılıqda yüksək məhsulun alınması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Əsasən torpaq düzgün hazırlanmalı, yüksək reproduksiyalı toxumdan istifadə olunmaqla səpin vaxtında aparılmalı, səpin normasına düzgün əməl olunmalıdır. Məhsuldarlıqda əsas amillərdən biri də səpin üsulunun düzgün seçilməsidir. 
Payızlıq dənli bitkilərin toxumları əsasən 3 üsulla səpilir: adi cərgəli (cərgəarası 15 sm), darcərgəli (cərgəarası 7.5 sm) və çarpaz (15×15 sm). 
Adi cərgəli üsul çox geniş yayılıb. Lakin bu səpin üsulunda cərgədə bitkilər sıx yerləşir, onlar qida maddələrindən, nəmlikdən və günəş enerjisindən səmərəli istifadə edə bilmir.
Çarpaz səpin üsulunun bir çox çatışmayan cəhətləri var. Bu üsulla səpinə vaxt, yanacaq, əmək haqqı və səpin aqreqatının amortizasiya xərcləri 2 dəfə çox sərf olunur. Səpin aqreqatı eyni sahədən 2 dəfə keçməklə torpağın mexaniki tərkibini pozur, onu bərkidir. Toxumsəpən maşın uzununa səpilmiş sahəni eninə səpərkən torpaqdakı toxumun bir hissəsini torpağın səthinə çıxardır.
Payızlıq dənli bitkilərin toxumlarının ən əlverişli səpin üsulu darcərgəli üsuldur. Bu üsulla səpdikdə 1 ha sahədə cərgələrin sayı 2 dəfə artdığına görə cərgədə bitkilər arası məsafə də genişlənir. Belə əkinlərdə bitkilər sudan, qida maddələrindən və günəş işığından daha səmərəli istifadə etdiyinə görə yüksək məhsul verir.
Bu üsulla səpin zamanı alaq bitkiləri çox yayıla bilmir. Darcərgəli üsulla səpdikdə səpin normasını 10-15% artırmaq olar. 
Lakin kənd təsərrüfatı torpaqlarının getdikcə azalması təbii resurslardan səmərəli istifadəni getdikcə aktuallaşdırır. Bu gün dünyanın qabaqcıl aqrar ölkələri əkinçilikdə ənənəvi texnologiyalardan getdikcə uzaqlaşaraq resursqoruyucu texnologiyaların tətbiqinə üstünlük verirlər. Belə texnologiyalardan biri də tirə əkin üsuludur. Məlumdur ki, taxılçılıq ölkəmizin kənd təsərrüfatının əsas sahələrindən biridir və fermerlər taxılçılıqda istifadə etdiyi texnologiya ənənəvi səpin üsuluna əsaslanır. Suvarma əkinçilik sistemində ənənəvi səpin üsulnda toxum ya “səpələmə” əkin üsulu ilə sahəyə səpilir və daha sonra xüsusi avadanlıqla suvarma şırımları açılır, yaxud toxum sahəyə cərgəarası toxumsəpən maşınla səpilir. 
Tirə əkin üsulu ənənəvi əkin üsulundan xeyli fərqlənir. Sahə şumlandıqdan və əkinə hazır vəziyyətə gətirildikdən sonra xüsusi hazırlanmış toxumsəpənlə bir gedişlə həm 20-30sm hündülükdə tirələr yaradılır, həm də səpin həyata keçirilir. Seçilmiş bitkidən asılı olaraq şırımarası məsafə 70-90 sm arasında dəyişir. Hazırlanmış tirələrin səthinin eni 30-45 arasında dəyişir. Tirənin səthinə iki yaxud üç cərgədə toxum səpilir. Əgər tirənin səthində iki cərgə toxum səpilərsə tirə səthinin eni 30-35 sm, üç cərgə toxum səpilərsə tirə səthinin eni 45 sm enində olur.
Hazırda Əkinçilik Elmi Tədqiqat İnstitutunda və onun Tərtər Bölgə Təcrübə Stansiyasında tirəli əkin üsulunun tətbiqi həyaya keçirilir. 5 hektar ərazidə tirəli əkin texnologiyası tətbiq olunub. Bu tədqiqatların həyata keçirilməsində məqsəd əldə olunan elmi nəticələrin fermer təsərrüfatlarında daha geniş tətbiq olunmasını təmin etməkdən ibarətdir.
Tirəli əkinin üstünlükləri aşağıdakılardır: toxum norması 30-40 % azalır; suvarma suyuna 25-30 % qənaət olunur; sahənin fitosanitar vəziyyəti yaxşılaşır; verilən gübrələrin səmərəliliyi artır; alaq otlarına qarşı mexaniki mübarizə imkanı yaranır; bitkilərin qida sahəsi artır, yatmağa davamlılığı yüksəlir; məhsuldar gövdələrin miqdarı çoxalır; 1000 dənin kütləsi artır; torpaq becərmələrinin minimuma və sıfıra endirilməsi hesabına enerjiyə 20-30% qənaət olunmaqla rentabellik yüksəlir; torpaq deqradasiyasının (düzgün aparılmayan aqrotexnika, çirklənmə və s. təsiri nəticəsində torpağın xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və münbitliyinin aşağı düşməsi hadisəsidir) qarşısı alınaraq təbii münbitlik bərpa olunur.
© 2020 Əkinçilik ETİ